Keçid linkləri

2026, 05 Avqust, çərşənbə, Bakı vaxtı 06:27

Rusiyanın Sumıya zərbələrindən ölənlər arasında iki uşaq var

Sumıya Rusiya zərbələri
Sumıya Rusiya zərbələri

Rusiya qoşunları avqustun 4-nə keçən gecə Ukraynaya bir "İskəndər-M" ballistik raketi və 136 zərbə dronu buraxıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, dronlardan 117-si vurulub. Bu məlumatı müstəqil mənbələr təsdiqləməyib.

Sumıda Rusiyanın zərbələrindən 5 və 10 yaşlı iki qız və yaşlı bir qadın həlak olub.

Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, Rusiya hərbçiləri şəhərin mülki infrastrukturuna altı idarəolunan aviasiya bombası atıblar.

"Uşaqların meyitləri yaşadıqları evin dağıntıları altından çıxarıldı. Ağır gecə, dəhşətli nəticələr. Yaşayış evləri və qeyri-yaşayış tikililəri dağıdılıb və zədələnib", – o yazıb.

Dnepropetrovsk vilayət administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, Pavloqrad rayonuna Rusiyanın hücumu nəticəsində iki nəfər yaralanıb, fərdi yaşayış evlərinə ziyan dəyib.

Nikopol rayonunda isə çoxmərtəbəli yaşayış binasına zərər dəyib.

Rusiya ordusunun Odessa vilayətinə zərbəsindən iki nəfər yaralanıb.

Nikolayev vilayətində 89 yaşlı qadın həlak olub, yeddi nəfər yaralanıb. Yaralananlar arasında 2 və 12 yaşlı iki qız da var.

"Wildberries" mərkəzləri yenidən hədəfdə

Leninqrad vilayətinin Krasnıy Bor qəsəbəsində dron hücumundan sonra "Wildberries" anbarında yanğın baş verib.

Vilayətin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, hücum zamanı vilayət üzərində 17 dron vurulub. Bir nəfər xəsarət alıb.

Drozdenko sonradan zərbənin hədəfinin "Wildberries" və "Russ" şirkətlərinin birləşmiş logistika mərkəzləri olduğunu söyləyib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, dronların hücumu nəticəsində beş nəfər həlak olub, daha altı nəfər yaralanıb. Onun sözlərinə görə, əsas dağıntılar Çexov bələdiyyə dairəsində qeydə alınıb.

Vorobyov Novosyolki sənaye zonasına dron zərbəsi nəticəsində bir neçə yanğının baş verdiyini bildirib. Novosyolkidə "Wildberries" şirkətinin iki çeşidləmə mərkəzi yerləşir.


XS
SM
MD
LG