Gmail Dumanın poçtunu bloklayıb
Gmail Rusiya Dövlət Dumasının poçtunu bloklayıb. Xəbər verilir ki, duma.gov domeni gmail-də yerləşdirilmişdi.
Dumanın xidməti elektron poçtunun bloklanması və məlumatların itməsi təhlükəsi ilə bağlı deputat Sergey Markov özünün Facebook səhifəsindən xəbərdarlıq edib:
“Ehtiyatlı olun və şəxsi məlumatlarınızı başqa resurslarda saxlayın”.
Buna müxalifətçi Lyubov Sobol belə reaksiya verib:
“Dövlət Dumasının iş poçtu gmail.com-da idi. Televizordan Qərbi söyürlər, Komo gölündə villalar alırlar, əyinlərində Loro Piana firmasının gödəkcəsi ola-ola idxalın əvəzlənməsindən dəm vururlar. Bunların hər işi belədir”.
Sorğu: Rusiyalıların 60 faizi müharibənin dayandırılmasını istəyir
Rəyi soruşulan rusiyalıların 60 faizi Ukrayna ilə müharibənin dayandırılmasını istərdi.
Müxalifət siyasətçisi Aleksey Minyaylonun “Xroniki” təhqiqat qrupunun keçirdiyi rəy sorğusu belə nəticə verib.
2022-ci ilin mart ayının son beş günü ərzində keçirilmiş rəy sorğusundan məqsəd rusiyalıların Ukraynada davam edən müharibə ilə bağlı psixoloji və maliyyə durumunun müəyyənləşdirilməsi idi.
Sorğunun bəzi nəticələri belədir:
Respondentlərin 32 faizi “xüsusi əməliyyatın” heç bir qeyd-şərt qoyulmadan dayandırılmasına tərəfdardır.
29 faiz respondent müharibənin Ukraynaya bəzi şərtlərin (Krımı Rusiya ərazisi kimi qəbul etmək, qondarma DXR/LXR-i müstəqil dövlət kimi tanımaq, NATO üzvlüyündən imtina etmək və sair) qoyulması ilə dayandırılmasını istəyib.
Rəyi soruşulanların 24 faizi Ukraynanın kapitulyasını istəyir.
Respondentlərin 32 faizi son bir ay ərzində bu müharibə ilə bağlı həyəcan və depressiya keçirdiyini bildirib.
Mart ayında hər 5 rusiyalıdan biri yaxınları ilə siyasi mövzularda mübahisə edib.
Ukraynalı qaçqınların sayı 5 milyonu keçir
Rusiya Ukraynaya səbəbsiz təcavüzə başlayandan 5 milyondan çox ukraynalı ölkəsindən qaçqın düşüb. Bu, İkinci Dünya müharibəsindən bəri Avropada ən böyük qaçqın axınıdır. Məlumatı BMT-nin Qaçqın Agentliyi (UNCHR) yayıb. Ətraflı
Rusiya Ukraynanın cənub-şərqində yeni hücuma keçib
Ukraynanın baş nazir müavini İrina Vereşukun məlumatına görə, Rusiya aprelin 19-da əsir mübadiləsi çərçivəsində Ukraynaya 60 hərbçi və 16 mülki şəxs təhvil verib. Onlar 10 rusiyalı zabitə dəyişdirilib və bu, indiyədək tərəflər arasında beşinci əsir mübadiləsidir.