Rusiyanın işğal etdiyi Krımda - Sevastopol şəhərində yerləşən Xersones muzey kompleksində Rusiya işğalı altında olan Ukraynanın Zaporojye regionundakı Daş dövrünə aid Kamyana Mohılada (Daş Məzarda) tapılan artefaktların sərgisi keçirilib.
Xersones qoruğunun özünə aid artefaktlar hazırda Rusiyanın Novqorod şəhərində, "Bizans qızılı" adlı sərgidə göstərilir. "Sərgidə Xerson və Novqorod kilsələrinin keçmiş dəbdəbəsini canlandıran 200-dən çox obyekt nümayiş etdirilir", - sərginin qısa təsvirində deyilir.
Qanunsuz mənimsəmə
AzadlıqRadiosunun müxbirləri Nikolay Berq və Robert Koulsonun yazdıqları məqalədə deyilir ki, belə sərgilər Rusiya işğalçılarının Ukraynanın müxtəlif yerlərindən dəyərli artefaktları ölkədən çıxarmasını göstərən ən son hallardır. Ukraynalı mütəxəssislər müharibə cinayətlərinə tay tutulan bu cür mədəni mənimsəmə hallarının indiyədək bənzəri görünmədiyini söyləyirlər.
"Rusiyanın hərəkətləri "qanunsuz daşıma" və "qanunsuz mənimsəmə" kateqoriyasına daxildir", - Kiyev-Peçorsk Lavra monastırının araşdırıcısı Denis Yaşniy belə deyir.
"İşğalçıların Ukrayna mədəni irsi ilə bütün qanunsuz manipulyasiyaları, özəlliklə Tavrik Xersones və Kamyana Mohıla yalnız Ukrayna qanunlarını deyil, beynəlxalq hüququ da pozur. Ayrıca da mədəni irsin toxunulmazlığına dair Cenevrə Konvensiyasını və Silahlı münaqişə zamanı Mədəni Mülkiyyətin Mühafizəsinə dair 1954-cü il Haaqa Konvensiyasının normalarını", - beynəlxalq hüquq professoru, Ukrayna prezidentinin Krım üzrə keçmiş nümayəndəsi Boris Babinin baxışıdır.
Rusiyanın ələ keçirilən Ukrayna abidələrinin tarixi əhəmiyyətini transformasiya etmək cəhdləri Ukrayna xalqına qarşı açıq-aşkar soyqırımı niyyətinin bir bölümü və BMT-nin 1948-ci il Soyqırımına dair Konvensiyasının kobud pozulmasıdır, - yenə Babinin sözləridir.
"...ən yüksək səviyyəli rəhbərliyin əmri ilə gerçəkləşir"
Ukraynalı siyasi şərhçi Yevhen Savisko deyir ki, Rusiya 2014-cü ildə Krımı işğal edəndən bəri Ukraynanın mədəni irsini "qəsdən və məqsədyönlü şəkildə" mənimsəməklə məşğul olub: "Rusiya Ukraynaya təkcə maddi zərər vurmaq deyil, həm də Krım bölgəsində mədəni layları məhv etmək istəyir. Bu [onlara] Krımda yaşamış və hələ də yaşayan etnik qrupların tarixini yenidən yazmaq üçün lazımdır. Bütün bunlar Rusiya Federasiyasının ən yüksək səviyyəli rəhbərliyinin əmri ilə gerçəkləşir. Krımdakı muzey eksponatlarının qanunsuz ələ keçirilməsinin təşkili və əlaqələndirilməsi, ən azı, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və [FSB-nin] mərkəzi aparatı səviyyəsində həyata keçirilib".
Krım və cənubi Ukraynanın Azov dənizi və Dnepr çayı civarlarındakı hissələrində qədim dövrlərdən bəri yunanlar, türklər, skiflər, germanlar, romalılar və slavyanlar məskunlaşıblar.
Ukraynanın işğal altında olan ərazilərindəki mədəni irsi Rusiyanın manipulyasiyasını Rusiya Tarix Cəmiyyəti (RTC) yönəldir. Prezident Vladimir Putinin yaxın köməkçisi və onun özü kimi KQB keçmişi olan Sergey Narışkin 2012-ci ildən bəri bu quruma başçılıq edir. O, 2016-cı ildən bəri Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəridir.
Ötən ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücuma başlamasından az sonra RTC Ukraynanın Donetsk və Luqansk bölgələrinin işğal edilmiş hissələrini hədəfə alan "muzeylərarası işçi qrup" yaratdı. Məqsəd "bu bölgələrin Rusiya ilə qırılmaz tarixi əlaqələrini göstərmək" idi.
Ukraynalı tarixçilər deyirlər ki, daha öncə araşdırlmayan, yaxud yetərincə araşdırılmayan ərazilər nəzarətsiz qarət təhlükəsi ilə üz-üzədir. Onlar tapılan tarixi artefaktların bunların önəmini anlamayan insanlar tərəfindən əridilərək metal şəklində satıla biləcəyindən rahatsızdırlar.
"Dəqiq sayını heç kim deyə bilməz"
Kiyev Dövlət Əlaqələri İnstitutunun təhlilçisi Katerina Ştepa deyir ki, xaricə qaçırılan obyektləri geri almaq Ukrayna üçün ən asan yoldur. İyun ayında Niderland Ali Məhkəməsi skif mədəniyyətinə aid qızıl əşyaların Ukraynaya qaytarılması haqda hökm çıxarıb. Bu əşyalar Rusiyanın Krımı işğal etməsindən sonra Krım muzeyindən gətirilərək Amsterdamda göstərilirdi. Moskva hələ də bu obyektləri Krıma qaytarmağa çalışır.
"Bu əşyalar legitim hökumətin olduğu Ukraynaya qaytarılıb. Bu presedentin əsasında üçüncü ölkələrin ərazisində olan digər oğurlanan obyektlərin qaytarılması da mümkün ola bilər", - Ştepa deyir.
Təhlilçi Savisko qeyd edir ki, Moskva beynəlxalq məhkəmələrin qərarlarına heç məhəl qoymamağı seçir. Bu isə o deməkdir ki, Rusiyaya daşınan əşyaların geri qaytarılması mümkün olmayacaq: "Axı oğurlanan əşyaları bu qədər nəhəng ölkənin ərazisində axtarmaq mümkün deyil. Bəlkə, bəzi gözəl əşyalar Rusiyanın tanınmış muzeylərində gözə dəyə bilər".
Savisko əlavə edib ki, Rusiyanın işğalından sonra tapılan və bu üzdən Ukrayna alimləri tərəfindən kataloqlara salınmayan əşyalar böyük ehtimalla heç vaxt geri qaytarılmayacaq və doğru-düzgün araşdırılmayacaq.
"Çox böyük itkilər var, ancaq dəqiq sayını heç kim deyə bilməz", - tarixçi Yaşniy belə deyir.