Ukrayna rəsmiləri ölkənin şərq və cənub hissəsində dinc sakinlərin yaşadığı ərazilərin Rusiya tərəfindən atəşə tutulması nəticəsində azı 20 adamın öldürüldüyünü, yaxud yaralandığını bildirir. Britaniyanın Müdafiə Nazirliyi isə Ukraynada vuruşan Rusiya qüvvələri arasında bəzi ölüm hallarının alkoqoldan istifadəylə bağlı olduğunu deyir.
ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu Rusiya, Ukrayna və Qərb mənbələrinə istinadla yazır ki, Moskvanın martın 31-dək Donetsk və Luqansk vilayətlərini tam tutmağı hədəfləyən qış hücumu “alınmayıb”.
Baxmutda vəziyyət “qaynardır”
Rusiyanın Kostiantinovkanı atəşə tutması nəticəsində azı üç dinc öldürülüb, səkkizi yaralanıb. Bunu Ukrayna prezident aparatının başçısı Andrey Yermak aprelin 2-də sosial mediada yazıb. Onun sözlərinə görə, 16 yaşayış binası, səkkiz fərdi ev, bir bağça və bir administrativ bina da hücumlarda zədələnib.
Xerson vilayətinin atəşə tutulmasından daha bir dinc sakin öldürülüb, ikisi yaralanıb.
Donetsk vilayət hərbi administrasiyasının başçısı Pavlo Kirilenko Rusiyanın regiona hücumları nəticəsində azı 10 dinc sakinin yaralandığını bildirib.
Prezident Volodimir Zelenski aprelin 2-də video-müraciətində Baxmutda vəziyyətin “xüsusilə qaynar” olduğunu vurğulayıb. O, Avdiyevka, Mariinka və Baxmutu müdafiə edən əsgərlərə təşəkkürünü bildirib.
Alkoqol
Britaniyanın Müdafiə Nazirliyi gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, Ukraynaya göndərilmiş rusiyalı əsgərlər arasında bir çox qeyri-döyüş ölümlərinin arxasında alkoqol dayanır.
“Rusiya Ukraynanı tammiqyaslı işğala başlayandan Rusiya 200 minədək itki verib, bunların böyük əksəriyyəti qeyri-döyüş səbəblərindən baş verib”, – nazirlik Twitter-də yazıb.
Qərb mənbələri Rusiyanın 200 min itki verdiyini deyəndə, müharibədə həm ölənləri, həm də yaralananları nəzərdə tutur. Rusiya isə sonuncu dəfə 6 minədək hərbçinin öldüyünü açıqlamışdı.
Britaniya nazirliyi Rusiyanın bir Telegram kanalının məlumatına istinad edir. Həmin kanal bildirirdi ki, Rusiya əsgərləri arasında “həddən çox” insident, cinayət və ölüm halları alkoqoldan istifadəylə bağlıdır.
“Rusiya cəmiyyətində çox içmək yayıldığından, hərbi həyatın, hətta döyüş əməliyyatlarının da bir hissəsi kimi sakitcə qəbul edilib”, – məlumatda vurğulanır.