Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:57

Bu film Rusiyada göstərilməyəcək


«Oleg-in seçimi» filmindən kadr
«Oleg-in seçimi» filmindən kadr

Tümenin döyüşçü klublarından Donbasa və geriyə. «Oleg-in seçimi» filmi separatçıların tərəfində vuruşmağa yollanmış rusiyalı muzdlu döyüşçüdən bəhs edir. Filmdə Oleg «rus dünyası» ideyasından məyus olur. Sənədli film Fransadan olan Elena VolochineJames Keogh tərəfindən çəkilib. Bu sənədli layihənin nümayişi Riqada «Artdokfest» festivalında gerçəkləşdirilib. Rusiya tamaşaçıları isə filmi görməyəcəklər: müəlliflər filmin qəhrəmanlarının taleyinə görə narahatdırlar.

Filmin rejissoru E.Volochine Riqada CurrentTime.TV-nin müxbirinə təbliğatın rolu, müharibəni dərk etmək və rusiyalıların ümidləri haqda danışıb.

«OLEG HƏR ŞEYİ DƏQİQ ANLAYIRDI»

«Mən növbəti dəfə informasiya süjetləri çəkməyə Donbasa ezamiyyətə getmişdim. 2015-ci ilin fevralı, Donbasda növbəti barışıq vaxtı idi. Bir fransız informasiya telekanalı Donetsk və başqa yerlərdəki vəziyyəti işıqlandırmam üçün məni ora ezam etmişdi. Bu filmdə çəkdiyimiz batalyona... tanışlar vasitəsilə eksklüziv çıxışım oldu. Çünki həmin vaxt bu könüllü Rusiya batalyonları Qərb mətbuatı ilə o qədər də ünsiyyətə girmirdilər. Orada biz filmimizin qəhrəmanı Oleg-lə tanış olduq. O zaman o, bir qədər komandirin kölgəsində idi, onun sağ əli idi. Sonra mən Moskvaya qayıtdım. Biz «Viber» vasitəsilə onlarla ünsiyyəti davam etdirirdik. Çox danışırdıq və hiss etdim ki, bu insanın baş verənlərə yetərincə özünəməxsus baxışı var. O, bütün baş verənlərə tamamilə soyuqqanlı yanaşırdı və, eyni zamanda, olanları dərk edirdi. Mən anladım ki, o, çox ağıllı adamdır.

...Orada baş verənlər barədə o qədər də düşünmədən müharibə ilə əylənən çox sayda oğlan var. Onlar Rusiya təbliğatının onlara vəd etdiyi şeylərə inanırlar və nə baş verdiyini, harada olduqlarını bir o qədər də anlamırlar. Oleg-sə hər şeyi dəqiq anlayırdı. O zaman həmin oğlanların kim olduğunu heç kim bilmirdi. Mənsə anlayırdım ki, müharibə məhz çox sayda, minlərlə rusiyalı könüllü orada vuruşduğuna görə baş verir. Ukraynalıların könüllü döyüşməyə getməsi tamamilə aydındır – onlar öz torpaqlarını müdafiə edirlər. Rusiyalılar niyə ora döyüşməyə gedir? Birincisi, bu, gizli olduğundan çoxları bu haqda bilmir. İkincisi, bilirlərsə də, heç nə anlamırlar. Heç kəs özünə bunun niyə baş verməsinin səbəbi haqda sual vermir», – E.Volochine deyir.

Həm E.Volochine, həm də J.Keogh jurnalistdirlər. Bu, onların ilk filmidir.

«ANLAYIRSAN Kİ, BÜTÜN ÖLKƏN BELƏDİR»

«Təbliğat onlara deyir ki, ora gedib dinc vətəndaşları qoruyacaqsınız. Oleg filmin lap əvvəlində deyir: «Donbasın dinc vətəndaşlarını qorumağa gedirdim. İki həftədən sonra bu müharibədən məyus oldum». Məncə, heç bir insan bilərəkdən müharibəyə getməz. Bu insanların müəyyən mövqeyi var. Onlar «Rossiya-24» kanalına baxıblar. Onlar Ukraynanı işğalçı kimi görürlər, çünki Ukrayna onlara mərmi atır, bu mərmilərsə onların ailələrini, yaxınlarını öldürür, evlərini dağıdır. ...DNR başdan-ayağa banditizm, ...xaosdur. Çox qısa zamanda vəziyyəti yenidən dəyərləndirirsən. Xüsusən də o görür ki, «Rossiya-24» ora nəyi çəkməyə gəlir, qurama çəkilişlər edir, əslində, baş verənlərdən tamamilə fərqli şeylər danışmalarını istəyir.

Ən çətini də budur. Çünki artıq anlayırsan ki, bütün ölkən belədir. Anlayırsan ki, səni aldadırlar və sadəcə, mərmilərin qarşısına çıxarılmış ət parçasısan. Başqa perspektivlərin olmadığı halda belə vəziyyətdə necə yaşamaq olar? Mən bu hekayənin finalını görmürəm. Finalın necə gələcəyini də anlamıram. Çünki, birincisi, məncə, heç kim bu məsələdə maraqlı deyil. Çünki müharibə böyük pullar və böyük siyasət deməkdir.

Artıq təbliğata, ümumiyyətlə, çox az adam inanır. Yəni insanlar artıq anlayırlar ki, onları aldadırlar və bu, böyük bir tamaşadır. Ancaq onlar nəsə deməyə qorxurlar...

Onlar hətta adi şeylərdən də şikayətlənməyə qorxurlar. Çünki onlar qorxurlar ki, artıq pis olan durum daha da pisləşə bilər. Onlar yerli hökumətdən, məmurlardan heç nə gözləmirlər. Onların yeganə ümidi Putin-ədir», – jurnalist deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG