Keçid linkləri

2024, 19 İyul, Cümə, Bakı vaxtı 22:57

Ukraynaya dron hücumunda ölənlər var


Ukraynalı Baxmut yaxınlığında Rusiya dronuna atəş açır, 20 mart, 2023-cü il
Ukraynalı Baxmut yaxınlığında Rusiya dronuna atəş açır, 20 mart, 2023-cü il

Ötən gecə Rusiyanın nəhəng dron hücumunda azı üç nəfər həlak olub, Ukraynanın havadan müdafiə qüvvələri hücumun qarşısını əsasən alıb. Şərqi Donetsk vilayətində isə Baxmut şəhərinə nəzarət uğrunda ağır döyüşlər davam edir.

Gecəyarısı Kiyevdə və bir sıra vilayətlərdə bir neçə saat çəkən hava həyəcanı verilib.

Kiyev Şəhər Hərbi Administrasiyası Kiyev vilayətinə gecə hücumunda üç nəfərin öldürüldüyünü, yeddi nəfərin yaralandığını açıqlayıb. Mülki obyektə ziyan dəydiyi bildirilir.

“Martın 22-nə keçən gecə düşmən İran istehsalı Şahid-136 dronları ilə daha bir kütləvi hava zərbəsi gerçəkləşdirib”, – Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı gündəlik hesabatında bildirib. Məlumata görə, 21 drondan 16-sı məhv edilib.

Şimali Jitomir vilayətində dron zərbəsi infrastruktur obyektinə ziyan vurub. Yerli rəsmi havadan müdafiə qüvvələrinin üç dronu vurduğunu bildirib.

Hava həyəcanı vaxtı Ukraynanın qərbi Xmelnitski şəhərində partlayış baş verib, ancaq yerli orqanlar region üzərində hər hansı dron uçuşunun aşkarlanmadığını deyib.

Baxmut döyüşləri davam edir

Ölkənin şərqində isə Ukrayna qüvvələri son 24 saat ərzində 114 hücumu dəf ediblər. Rusiya qüvvələri Baxmut şəhərinin mərkəzinə doğru irəliləməyə cəhd göstərir.

Əsasən dağıdılmış Baxmutda aylarda döyüşlər gedir, hər iki tərəf ağır itkilər verir. Təhlilçilər şəhərin strateji əhəmiyyətinin az olduğunu deyirlər.

Rusiyanın ilhaq etdiyi Sevastopola Moskvanın təyin etdiyi administrasiya Qara dəniz limanı ərazisində bərə nəqliyyatının dayandırıldığını açıqlayıb. Rusiyanın Qara Dəniz donanması burada yerləşir.

Moskvanın Sevastopola təyin etdiyi qubernator Mixail Razvojayev bundan öncə deyib ki, şəhərin havadan müdafiə qüvvələri Ukrayna dronlarının hücumlarının qarşısını alıblar.

Bu informasiyanı müstəqil təsdiqlətmək mümkün deyil, Ukrayna iddia olunan insidenti şərh etməyib.

Kişidanın dəstəyi

Martın 21-də Yaponiyanın Baş naziri Fumio Kişida Kiyev səfər edib, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Çin Prezidenti Si Tsinpinin Moskvaya səfəri ilə eyni vaxta düşən bu görüş Ukraynaya dəstək kimi görülür.

Zelenski Kişida ilə salamlaşma görüntüsünü yayaraq onu “beynəlxalq düzənin gerçək güclü müdafiəçisi və Ukraynanın çoxdankı dostu” adlandırıb.

Kişida Kiyev yaxınlığındakı Buçada olub. Mer ötən il Rusiya qüvvələrinin burada 400 dinc sakini öldürdüyünü bildirib.

Yaponiya mayda Böyük Yeddiliyin (G7) sammitinə ev sahibliyi edəcək. Kişidanın sözlərinə görə, bu sammit Rusiyanın ötən ilin fevralında Ukraynaya qarşı tammiqyaslı səbəbsiz işğalına qarşı beynəlxalq düzən və hüququn aliliyinin qorunmasının vacibliyinə güclü siqnal olacaq.

Zelenski deyib ki, Kişida onu dəvət edib və G7 sammitinə onlayn qoşulacaq.

XS
SM
MD
LG