Danışıqlar başladı
Kiyevlə Moskva arasında danışıqların növbəti raundu başlanıb.
“Danışıqları videoəlaqə ilə davam etdiririk”, – Rusiyanın danışıqlarda əsas təmsilçisi Vladimir Medinski Telegram-da yazıb.
“Krım və Donbasla bağlı mövqeyimiz dəyişməyib”, – o, sözlərinə əlavə edib.
***
Rusiya mühasirədə olan Mariupol şəhərinə yardım buraxmır, dinc sakinlərin çıxması üçün nəzərdə tutulan “humanitar dəhliz”ə imkan vermir. Bunu şəhərin meri Petro Andryuşenko Facebook postunda yazıb.
O, aprelin 1-də şəhərə çox lazım olan yardım karvanının buraxılmadığını deyib.
“Şəhərə özəl nəqliyyata buraxılmır, çıxışı da çox təhlükəlidir”, – Andryuşenko vurğulayıb.
Ukrayna rəsmiləri martın 31-də Mariupola 45 avtobusdan ibarət yardımın yola salındığını deyirdilər.
***
Aprelin 1-də Ukrayna və Rusiya arasında danışıqların videoəlaqə ilə bərpa olunacağı gözlənir. Bu arada Ukrayna qüvvələrinin paytaxt Kiyev və Çerniqov yaxınlığında Rusiya qoşunlarını geri oturtması xəbərləri gəlir.
Britaniya hərbi kəşfiyyatı aprelin 1-də bildirib ki, Ukrayna qüvvələri şimaldakı Çerniqov şəhəri yaxınlığındakı Sloboda və Lukaşivka kəndlərini geri alıb, bu şəhərlə Kiyev arasındakı əsas təchizat marşrutları boyunca yerləşiblər.
“Ukrayna Kiyevdən şərqdə və şimal-şərdə də uğurlu, amma məhdud əkshücumlar həyata keçirib”, – Müdafiə Nazirliyi bildirib.
Zərbələr davam edir
Rusiyanın bu ərazilərdə hərbi aktivliyi azaltması iddialarına baxmayaraq, Çerniqov və Kiyev davamlı hava, raket zərbələrinə məruz qalır, bəyanatda deyilir.
Ukrayna ordusunun aprelin 1-də bildirdiyinə görə, Kiyevin şimalındakı Rusiya qüvvələri Belarusla sərhədə doğru çəkilməkdədir.
Ukrayna ordusu Rusiya qüvvələrinin talan etdiyi əmlakı, əsgərlərinin oğurladığı avtobuslar, yük maşınlar, avtofurqonları da özləriylə götürdüyünü bildirir.
Rusiyanın Müdafiə Nazirliyi aprelin 1-də səhər cənubda mühasirədə olan Mariupol şəhərindən humanitar dəhliz açılacağını, dinc sakinlərin çıxmasına icazə veriləcəyini bəyan edib. Onminlərlə insan həftələrdir bu şəhərdə ərzaqsız, susuz, vacib kommunal xidmətlərsiz qalıb.
Rusiya torpağına ilk zərbə?
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərində isə neft bazasında yanğın baş verib. Region qubernatoru deponun Ukraynanın iki vertolyotu tərəfindən vurulduğunu bildirib. Təsdiqlənərsə, bu, Ukraynanın Rusiya torpağına ilk zərbəsi olacaq.
Ukrayna Prezidenti Volodimir Zelenski martın 31-də gündəlik videomüraciətində əsgərlərinin irəliləməsini alqışlayıb, amma Donbasda və Mariupolda “döyüşlərin gözləndiyini” deyib.
“İstədiyimiz hər şeyi əldə etmək üçün çox çətin yolla getməliyik”, – Zelenski deyib.
Ukrayna və Rusiya arasında hər hansı yekun razılaşma əldə edilərsə, Türkiyə və Almaniya təhlükəsizlik təminatçısı olmağı təklif ediblər. Bunu isə danışıqların gözlənən dördüncü raundu öncəsi Ukrayna təmsilçisi David Araxamiya söyləyib.