Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

'Qərb Krımın ilhaqını yaddan çıxara bilər'


R.Musabəyov
R.Musabəyov

Noyabrın 25-də Rusiya hərbi qüvvələri Krım yarımadası yaxınlığında, Qara dənizdə Ukraynanın gəmilərinə atəş açıb. Nəticədə Ukraynanın iki hərbi gəmisinin altı heyət üzvünün yaralandığı, gəmilərin ələ keçirildiyi və 23 dənizçinin əsir götürüldüyü bildirilir.

Bu hadisədən öncə Rusiya Ukraynanın üç gəmisinin Qara dənizdən, Kerç boğazından Azov dənizinə keçməsinə imkan verməmişdi.

İki ölkə arasındakı gərginliklə bağlı Bakıda müxtəlif şərhlər səslənir. Bunu iqtisadi çətinliklərlə üzləşmiş Moskvanın diqqəti daxili problemlərdən yayındırmaq cəhdi hesab edən də var, Ukrayna siyasi rəhbərliyinin seçkiöncəsi Rusiyanı qıcıqlandırmaq, qarşıdurmaya təhrik etməklə xal qazanmaq istəyi sayan da.

AzadlıqRadiosunun əməkdaşı Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin üzvü, politoloq Rasim Musabəyovla bu haqda söhbət edib. Deputat deyir:

- Bakıdan bu hadisələrə düzgün qiymət vermək asan deyil. Gərək əlinin altında kifayət qədər məlumat olsun. Ancaq mənim düşüncəmə görə, bu, müəyyən mənada Rusiyanın hərbi-diplomatik oyunudur. Moskva istəyir ki, Ukrayna hərbi gəmiləri Kerç boğazından keçirmək üçün – indi axı Rusiya Krımı ələ keçirib və hesab edir ki, bura Rusiya ərazisidir – rəsmən ona müraciət etsin. Ukrayna Rusiyaya müraciət edəcəyi halda belə çıxacaq ki, Krımın Moskva tərəfindən işğalını və ya Rusiyaya birləşdirilməsini qəbul etmiş olacaq. Müraciət etmədiyi halda isə deyəcək ki, sən rəsmi müraciət etməmisən, buna görə də gəmilərini burda saxlayıram, buraxmıram. Və bununla da Moskva Ukrayna prezidenti Poroşenko və hökumətini Krımla vidalaşmaq istiqamətində kiçik bir addım atmağa məcbur etmək istəyir, ya da Ukraynanı daimi təzyiqlər altında saxlamağa cəhd göstərir. Mahiyyət mənə elə gəlir bundan ibarətdir. Amma təkrar edirəm, mən Bakıda, hadisələr orda baş verir. Bir də bu haqda dəniz hüququ ilə məşğul olan mütəxəssis danışsa, yaxşı olardı. Mən özümü bu sahədə mütəxəssis saymıram.

Ukrayna Rusiyadan 3 gəmisi və hərbçilərini istəyir
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

- Siz iki ölkə arasında Azov dənizində hərəkətlə bağlı razılaşmaları nəzərdə tutursunuz?

- Azov dənizi ilə bağlı Ukrayna və Rusiya arasında bir razılaşma var, bəli, amma hadisə Krım yaxınlığında baş veribsə, bu ərazidə artıq beynəlxalq dəniz qanunları qüvvədədir, burda başqa qaydalar işə düşür. Yenə deyirəm, mən bu incəlikləri bilmirəm. Amma mənim düşüncəmə görə, bu təxribatın mahiyyəti ondan ibarətdir ki, Ukrayna ya Rusiyaya müraciət etsin - bu da Krımın Rusiyaya birləşdirilməsinin qəbul edilməsi deməkdir, bunu belə yozmaq mümkün olacaq, - ya da Ukraynaya gəmilərinin hərəkəti, boğazdan keçməsi ilə bağlı maneələr yaratmaq.

- Rasim bəy, belə fikirlər var ki, Moskvanın Ukraynaya son təzyiqlərindən sonra ona qarşı sanksiyalar daha da sərtləşdirilə bilər. Bu mümkündür?

- Bundan da artıq sərtləşdirilə bilər? Mümkün olan sanksiyalar tətbiq edilib. Rusiya kimi nəhəng dövlətə müharibə elan edəcəklər? Moskva anlayır ki, ona qarşı bundan artıq heç nə edə bilməyəcəklər. Buna gərə də nümayiş etdirməyə çalışır ki, siz mənimlə bu cür danışırsınızsa, onun belə fəsadları da olacaq.

- Son illər Ukraynaya dəstək verməyə çalışan Qərb və ya ABŞ necə davranacaq? Onlar geri çəkilə bilərlərmi?

- Geri çəkilməyəcəklər. Amma bütün tərəflər bundan hansısa divident götürməyə çalışacaq. Poroşenkoya vacibdir ki, seçkiqabağı belə bir gərginlik yaransın və bu yolla öz qələbəsini təmin etsin, o, öz oyununu oynayır, Rusiya da öz oyununu. Qərbin isə başqa planları var. Hər bir halda, gərginlik artır. Mən istisna etmirəm ki, Rusiya Krımla bağlı istəklərinə nail ola bilmək üçün gərginliyi yüksək həddə çatdırmaq istəyir. Belə deyək də, Krımın ilhaqını de-yure tanımasalar da, onun işğalını yaddan çıxara bilərlər. Necə ki, vaxtilə Baltik respublikalarının SSRİ tərəfindən işğalını Qərb axıra kimi tanımasa da, ancaq bu faktı yaddan çıxarırdı.

- BMT də bu gərginliyə qarışmaq niyyətindədir, deyəsən. BMT-nin Təhlükəsizlik Şurası noyabrın 26-da fövqəladə iclas keçirəcəyini bildirib. Sizcə, effekti ola bilər?

- Rusiyanın bu təşkilatda veto hüququ var. Ona görə də heç nə edə bilməyəcəklər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG