Keçid linkləri

2024, 28 Aprel, bazar, Bakı vaxtı 09:04

Bir ildir sürən Rusiya-Ukrayna savaşı Azərbaycanla ticarətə də təsirsiz ötüşməyib


Rusiyanın pomidor və alma qadağası
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Rusiyanın pomidor və alma qadağası (Arxiv. 2020)

Fevralın 24-ü Rusiya-Ukrayna müharibəsinin başlamasından bir il ötür. Rusiyanın Ukrayna ərazisinə hücumu çağdaş siyasi tarixin ən önəmli olaylarından biri sayılır, axı İkinci Dünya müharibəsindən bəri Avropa regionunda bu miqyasda toqquşmalar qeydə alınmamışdı. Rusiya-Ukrayna müharibəsinin təkcə region ölkələrinə deyil, demək olar, bütün dünyaya təsir imkanları var. Bu savaş sonucunda qlobal iqtisadiyyatda da yeni çağırışlar üzə çıxdı.

İstər Rusiya, istərsə Ukrayna Azərbaycanın vacib iqtisadi tərəfdaşlarıdır. Müharibə adıçəkilən hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərib. Ukrayna tərəfdən xarici ticarətlə bağlı əsas problem dağıntılardan qaynaqlanır. Rusiyanın yalnız hərbi deyil, mülki infrastruktura da zərər vurması Ukraynada iqtisadi fəaliyyəti çətinləşdirir. Rusiya tərəfdə isə xarici ticarətə problem törədən əsas məsələ sanksiyalarla bağlıdır. Bu sanksiyalar üzündən Rusiya bəzi məhsulların satışını məhdudlaşdırıb. Rusiyanın beynəlxalq ödəniş sistemlərindən kənarlaşdırılması ticarət əlaqələrinə əlavə çətinliklər törədir.

Rusiya ilə ticarət dövriyyəsi necə dəyişib?

Deyildiyi kimi, həm Rusiya, həm də Ukrayna Azərbaycanın xarici ticarət əlaqələrində ön sıralarda olan ölkələr arasındadır. Ötən il Azərbaycan və Rusiya arasında xarici ticarət dövriyyəsi 3 milyard 710 milyon dollar olub. Bu göstərici ilə Rusiya Azərbaycanın ən böyük ticarət dövriyyəsinə malik olduğu üçüncü ölkə sayılıb. 2021-ci ildə Azərbaycan və Rusiya arasında xarici ticarət dövriyyəsi daha az – 2 milyard 995 milyon dollar idi. Deməli, ötən il Azərbaycanla Rusiya arasında xarici ticarətin həcmi 715 milyon dollar (24 faiz) artıb.

Azərbaycan və Rusiya arasındakı ticarət əlaqələrində əsas pay Rusiyaya məxsusdur. 2022-ci ildə Azərbaycanın Rusiyadan gerçəkləşdirdiyi idxalın dəyəri başqa ölkələrdən çoxdur - 2 milyard 74 milyon dollar. Həmin il Azərbaycandan Rusiyaya ixrac edilən məhsulların dəyəri təxminən 921 milyon dollar olub. Başqa deyimlə, Azərbaycanın Rusiya ilə xarici ticarətində 1 milyard dollardan çox mənfi ticarət saldosu var.

Ən çox hansı məhsullar alınıb-satılıb?

Statistika Komitəsinin açıqladığı göstəricilərdən bilinir ki, Azərbaycanın dəyər ifadəsində Rusiyadan idxalına ən çox vəsait xərclədiyi məhsul buğdadır. Ötən il Rusiyadan 1 milyon 8 min ton yumşaq buğda və meslin idxal edilib. Bu, 2021-ci illə müqayisədə 100 min ton artım deməkdir. Ancaq idxal edilən buğdaya ödənilən vəsaitdəki artım daha yüksəkdir. 2022-ci ildə Azərbaycan Rusiyaya bu məhsulun idxalı üçün 337 milyon dollar ödəyib, yəni bir ton buğdaya təxminən 334 dollar. 2021-ci ildə isə Rusiyadan buğda idxalına 257 milyon dollar ödənilmişdi. Həmin vaxt bir ton məhsulun idxalı Azərbaycana 284 dollara başa gəlmişdi. Bu baxımdan, rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycan ötən il Rusiyadan idxal etdiyi yumşaq buğda və meslin üçün hər tonda 50 dollar daha çox ödəməyə məcbur qalıb.

Ötən il Azərbaycanda ən çox bahalaşan qida məhsulları arasında un məhsulları ayrıca yer tutur. Məsələn, Dövlət Statistika Komitəsinin inflyasiya hesablanmasında istifadə etdiyi məhsul səbətinə daxil 100-dən çox qida məhsulu arasında 2022-ci ildə ən çox bahalaşan məhsul çörəkdir. Ötən il Azərbaycanda çovdar çörəyi 51 faiz, əla növ buğda çörəyi 47 faiz bahalaşıb.

Bu baxımdan, Rusiya-Ukrayna müharibəsinin Azərbaycana ən böyük təsirlərindən biri ölkədə qida təhlükəsizliyi, özəlliklə buğda təminatı ilə bağlı ciddi problemləri təkrar xatırlatması oldu. Azərbaycanda buğda tələbinin təxminən 40 faizi idxal hesabına qarşılanır. Sırf ərzaqlıq buğda təminatında xaricdən asılılıq daha yüksək – 75 faizdir. Taxıl istehsalının əsas hissəsi elə Rusiyanın payına düşür. Elə bu üzdən, ötən il hökumət rəsmiləri tez-tez taxıl istehsalının artırılması zərurətindən söz açıblar. Onu da unutmaq olmaz ki, həm Rusiya, həm də Ukrayna dünya taxıl bazarında əsas oyunçulardan sayılır. Bu səbəbdən 2022-ci il qlobal iqtisadiyyatda enerji təhlükəsizliyi ilə yanaşı, taxıl böhranının yaranması baxımından da yadda qaldı.

Buğdadan sonra Azərbaycanın Rusiyadan idxalına ən çox vəsait sərf etdiyi ikinci məhsul benzindir. Bu, müharibədən daha çox, daxili səbəblərlə bağlıdır. Belə ki, normalda Azərbaycan Aİ-92 markalı benzini özü istehsal etsə də, 2022-ci ilin aprel ayından bəri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təmirə dayanması bu məhsulun idxalını zəruri etmişdi. Məhsulun Rusiyadan alışına 131 milyon dollar vəsait sərf edilib. Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinin bahalaşması Rusiyadan idxalı daha da artırıb. Ötən il bu növ benzinlərin alışı üçün Rusiyaya 76 milyon dollar ödənilib. Maraqlıdır ki, idxal, həcm olaraq, 2021-ci illə müqayisədə təxminən 50 faiz artsa da, ödənilən vəsaitdəki artım iki dəfədən çoxdur.

Azərbaycanın Rusiyadan idxalına ən çox vəsait xərclədiyi növbəti məhsul ağac materiallarıdır. Azərbaycan bu tip məhsulların idxalı üçün 2022-ci ildə Rusiyaya 76 milyon dollara yaxın vəsait ödəyib. Ötən il həmin məhsulların idxalına xərclənən vəsait 2022-ci illə, demək olar, eynidir. Ancaq idxal edilən məhsulun həcmi 170 min ton azalaraq 343 min tona enib. Bu, ağac məhsullarının da qiymətinin kəskin bahalaşmasından xəbər verir. 2022-ci ildə bu məhsulun bir tonunun idxal dəyəri 203 dollar olub. 2021-ci ildə həmin rəqəm cəmi 136 dollar idi. Demək, 33 faiz bahalaşmadan söhbət gedir. Günəbaxan yağı (44 milyon dollar) və heyvan mənşəli yağlar da (42 milyon dollar) Rusiyadan həyata keçirilən idxalda ön sıralarda durur.

Azərbaycanın Rusiyaya ixracı

Azərbaycanın Rusiyaya ixracında isə ağır sənaye məhsulları yox, əsasən, kənd təsərrüfatı məhsulları ilk yerləri tutur. 2022-ci ildə Azərbaycan Rusiyaya ən çox pomidor ixracından gəlir əldə edib. Rusiyaya pomidor satışı Azərbaycana 161 milyon gəlir gətirib. Bu, 2021-ci illə müqayisədə 4 milyon dollar artım deməkdir. İxrac edilən pomidorun həcmində də ciddi dəyişiklik baş verməyib. Rusiyaya ixrac edilən xurma (106 milyon dollar) və fındıq da (52 milyon dollar) Azərbaycana ən çox gəlir gətirən məhsullar arasındadır. Ancaq rəsmi rəqəmlərdən görünür ki, 2022-ci ildə xurma ixracından gələn gəlir 11 milyon ton azalıb. Bu, ixrac edilən məhsulun həcminin də 12 min ton azalmasından qaynaqlanır. Fındıq ixracında isə, əksinə, 5 milyon dollara yaxın artım qeydə alınıb.

Azərbaycanın Rusiyaya ixracında növbəti yeri tutan ilkin formalı polipropilen ixracında isə ciddi azalma diqqət çəkir. Əgər 2021-ci ildə Azərbaycan bu məhsulun ixracından 82 milyon dollar qazanmışdısa, 2022-ci ildə bu rəqəm cəmi 50 milyon dollar olub, yəni 40 faiz azalıb. İxrac edilən məhsulun həcmində də 35 faiz azalma baş verib.

Müharibənin ticarətə dolayı təsirləri

Sözügedən müharibənin Azərbaycanın ticarət əlaqələrinə təsiri təkcə birbaşa deyil, dolayı yollarla da baş verib. Bu təsir özünü ən çox enerji sektorunda göstərir. Belə ki, Ukrayna müharibəsinədək Rusiya Avropanın təbii qaz təminatında ilk yerdə dururdu. Müharibədən sonra Avropa ölkələri bu asılılığı aradan qaldırmaq üçün ciddi addımlar atmağa başladılar. Rusiya qazının bazardan sıxışdırılması birjalarda təbii qaza tələbi yüksəltdi və qiymətlər artdı. Təbii qaz ixracçısı olduğundan Azərbaycan da bu qiymət artımlarından faydalanan ölkələrdən birinə çevrildi.

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycan təbii qaz satışından 14 milyard 990 milyon dollar qazanıb. Bu, ölkənin toplam ixracının 39.3 faizi deməkdir. 2021-ci ildə təbii qaz ixracından gəlir 5 milyard 534 milyon dollar olmuşdu. Bu, bir il boyunca təbii qaz satışından əldə edilən gəlirin təxminən üç dəfə artması deməkdir. Təbii qaz ixracı ilə bağlı diqqətçəkən məqam həmin ixrac azalsa da, gəlirin xeyli artmasıdır. Belə ki, 2021-ci ildə Azərbaycan 20 milyard kubmetr təbii qazın ixracından 5 milyard 534 milyon dollar qazanmışdısa, ötən il 19 milyard kubmetr təbii qaz satışı ölkəyə 15 milyard dollara yaxın vəsait gətirib.

Beləcə, son iki illə bağlı ticarət göstəricilərindən aydın olur ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın Rusiyadan idxal etdiyi məhsulların daha da bahalaşmasına, dolayısıyla, Azərbaycanın daha çox vəsait sərf etməsinə səbəb olub. Ancaq digər tərəfdən, müharibə nəticəsində enerjidaşıyıcıların bahalaşması ölkənin enerji gəlirlərini daha çox artırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG