Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Rusiya, Türkiyə və İran ABŞ-ın Suriyadan çıxmasına ‘müsbət’ baxırlar


İran prezidenti Hassan Rohani (solda), Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Recep Tayyip Erdoğan Soçi sammitində
İran prezidenti Hassan Rohani (solda), Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Recep Tayyip Erdoğan Soçi sammitində

Rusiya, Türkiyə və İran ABŞ qoşunlarının Suriyadan planlaşdırılan çıxarılmasına müsbət bir addım kimi baxırlar.

Bu barədə bəyanatı Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Soçi şəhərində İran və Türkiyə prezidentləri ilə keçirdiyi sammitdə verib.

Putin, Recep Tayyip Erdoğan və Hassan Rohani belə bir fikrə tərəfdar çıxıblar ki, ABŞ-ın Suriyanın şimal-şərqindən çıxması “bütünlükdə regionda sabitliyə xidmət edəcək və burada nəticə etibarilə legitim Suriya hökumətinin nazərəti bərpa olunacaq”.

Bununla belə, Putin əlavə edib ki, hələlik ABŞ qoşunlarının Suriyadan çıxarılacağını göstərən dəyişikliklər baş vermir.

ABŞ prezidenti Donald Trump qoşunların Suriyadan çıxarılacağaına dair qəfil bəyanatı ötən ilin dekabrında vermişdi.

Putin Trump-ın vədlərindən danışıb

Putin bunu da vurğulayıb ki, Trump qoşunların çıxarılmasına əmr verməklə özünün seçki kampaniyası vədlərini yerinə yetirir, hərçənd o, Putinin təbirincə, “daxili siyasi məsələlərə” görə öz vədlərini heç də həmişə yerinə yetirə bilmir.

Yaxın Şərqdəki ABŞ qoşunlarının komandanı fevralın 9-da bəyan etmişdi ki, ABŞ əsgərlərinin Suriyadan çıxarılmasına yaxın həftələrdə başlanacaq.

Rohani birgə mətbuat konfransında deyib ki, ABŞ-ın Suriyada olması faydalı bir şey deyil.

İran prezidenti vurğulayıb ki, ABŞ özünün Yaxın Şərq siyasətinə yenidən baxmalıdır.

İndiyədək BMT-nin egidası altında Suriyaya dair keçirilən danışıqların bir neçə dövrəsi nəticəsiz başa çatıb.

Rusiya, Türkiyə və İran Suriyada yeddi ildir ki, davam edən münaqişəyə dərin müdaxilə ediblər. Bu ölkələr Qazaxıstanın Astana şəhərində Suriyaya dair BMT-dən ayrı sülh danışıqları keçirirlər.

Putin deyib ki, Astana prosesi üzrə danışıqların növbəti dövrəsi aprel ayında keçiriləcək.

ABŞ-dan sonra

Putin türkiyəli və iranlı həmkarlarını ABŞ qoşunları Suriyadan çıxarıldıqdan sonra daha sıx və daha fəal əməkdaşlığa çağırıb.

Bu üç ölkə sözdə Suriya münaqişəsinin dinc yolla həllindən danışsalar da, Suriyaya hərbi müdaxilə ediblər.

Moskva və Tehran bu münaqişədə Bashar al-Assada həlledici dəstək veriblər. Türkiyə və ABŞ isə Assada qarşı döyüşən qiyamçı qüvvələri dəstəkləyir.

Suriyada ərəb və kürd döyüşçülərə hərbi dəstək göstərən 2000-dək Amerika əsgəri var.

Tənqidçilər bildirirlər Trump-ın qoşunları Suriyadan çıxarmaq qərarı qələbəni Rusiya və İrana “hədiyyə” edib.

Bu da qeyd olunur ki, ABŞ hərbçilərinin Suriyadan çıxarılması oradakı kürd döyüşçüləri Türkiyə ordusu ilə qarşıdurmada müdafiəsiz qoyacaq.

Moskva: Erdoğan Assaddan icazə almalıdır

Erdoğan Soçi sammitində deyib ki, Türkiyə Suriyanın şimalında “təhlükəsizlik zonasının” yaradılması üçün Rusiya ilə koordinasiyalı hərəkət istəyir.

Erdoğan deyib ki, ABŞ-ın dəstəklədiyi kürd YPG qüvvələri bu bölgədə qaldıqca Suriyanın ərazi bütövlüyü təmin oluna bilməz.

Bundan əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi bildirmişdi ki, Ankara Suriyada hər hansı “təhlükəsizlik zonasının” yaradılması üçün ölkənin prezidenti Bashar al-Assaddan icazə almalıdır.

Nazirliyin sözçüsü Maria Zakharova demişdi ki, “üçüncü bir ölkənin hərbi kontingentinin suveren ölkənin, xüsusilə də Suriyanın ərazisində olması barədə qərar birbaşa Dəməşq tərəfindən verilməlidir”.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, üç ölkənin prezidentləri həm də müharibədən sonrakı Suriyanın Konstitusiyasının tərtibi üçün komitənin yaradılması məsələsini müzakirə edəcəklər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG