Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Qızılcanın yayılmasına da Rusiya trolları səbəb olublar?


Qızılcalı uşaq
Qızılcalı uşaq

Alimlər bildirirlər ki, 2016-cı ilin ABŞ seçkisindən əvvəl cəmiyyətdə fikir ixtilafı yaratmaq istəyən Rusiya sosial media trolları özləri də bilmədən qlobal səhiyyə böhranının yaranmasına səbəb ola bilərdilər.

Səhiyyə ekspertlərinin fikrincə Avropada 72 nəfərin həyatına son qoymuş qızılca epidemiyasının yayılaraq əsasən Şərqi və Cənub-Şərqi Avropa ölkələrində 82 min nəfərin bu xəstəliyə yoluxmasına Rusiyadan qaynaqlanan dezinformasiya kampaniyaları rəvac verə bilərdi.

Hazırda ABŞ və Avropa ekspertləri Rusiya troll və bot kampaniyalarının vurduğu ziyanı aradan qaldırmağa çalışırlar.

Rusiyadan yayılan dezinformasiyalarda qızılca və başqa xəstəliklərə qarşı peyvəndlərin zəruriliyinə şübhə yaradılırdı.

Araşdırmalar göstərib ki, 2016-cı il ABŞ seçki kampaniyasına fəal müdaxilə etmiş Sankt Peterburq İnternet Tədqiqatları Mərkəzi 2014-cü ildən bəri ictimaiyyətdə vaksinlərə etmadsızlığın yaradılmasında xüsusi rol oynayıb.

Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, “vaksinləmə tərəddüdü” indi qlobal sağlamlığa ən böyük təhlükələrdən birini təşkil edir.

Təşkilat deyir ki, bunun nəticəsində qızılcanın yayılması 30 faiz artıb və xəstəlik bir vaxtlar virusunun kökü kəsildiyi ölkələrə qayıda bilib.

Dezinformasiya troll postlarından nümunə
Dezinformasiya troll postlarından nümunə

Ekspertləri təəccübləndirən budur ki, bir çox ölkələrdə adamlar peyvəndlərdən imtina etməyə başlayıblar. Ən təhlükəlisi isə valideynlərin uşaqların peyvənd olunmasına etinasız yanaşmasıdır.

Amerikadakı Duke Universitetinin sağlamlıq məlumatı mərkəzində internetdə tibbi dezinformasiyanın yayılmasının səbəbləri və buna qarşı tədbirlərin görülməsi yolları araşdırılır.

Bu mərkəzin direktoru Robert Califf bildirir ki, araşdırmalar tibbi dezinformasiyanın xüsusilə də Rusiyadan qaynaqlandığını göstərir.

Vyana Universitetindən Katharina Kieslich isə deyib ki, “vaksinasiya tərəddüdü” artıq elmi-siyasi məsələyə çevrilib.

Kieslich izah edib ki, antivaksin təbliğatının qarşısının alınması üçün siyasətçilər və səhiyyə rəsmiləri birgə tədbirlər görməlidirlər.

DST-nin vaksin eksperti Katrine Habersaat AzadlıqRadiosuna deyib ki, son vaxtlar Şərqi və Cənub-Şərqi Avropada peyvəndələmənin azalmasında dezinformasiya yalnız faktorlardan biridir.

2018-ci ilin qızılca epidemiyasından ən çox zərər çəkmiş Ukraynada rusiyayönlü separatçılarla davam edən döyüşlərlə bağlı 2015-2016-cı illər arasında vaksinləmə xidmətləri və təchizatı əhəmiyyətli dərəcədə azalıb.

Bu foto 2018-ci ildə qızılcadan ən çox ziyan görmüş Ukraynada çəkilib
Bu foto 2018-ci ildə qızılcadan ən çox ziyan görmüş Ukraynada çəkilib

Habersaat deyib ki, problemin aradan qaldırılması üçün DST Rusiyanın Səhiyyə Nazirliyi ilə “strateji partnyorluğa” başlayıb.

Almaniyada mənzillənmiş ekspertlər hazırda Rusiya və Şərqi Avropa mədəniyyətlərində “vaksinləmə tərəddüdü” fenomenini araşdırırlar.

Habersaat bildirir ki, bu araşdırmalar 2020-ci ilədək yekunlaşdırılacaq və bundan sonra nəticələr zərdablamanın azaldığı və qızılca hallarının artdığı Ukrayna, Gürcüstan, Serbiya, Rumıniya, Moldova, Qazaxıstan və Qırğızıstanda tətbiq olunacaq.

Habersaat izah edir ki, bu sahədə dezinformasiyanın geniş yayılması valideynlərin çaşqınlığına səbəb olur və onlar uşaqlarının qorxulu xəstəliklərə qarşı zərdablanmasına etinasız və inamsız yanaşırlar.

Bəzi dezinformasiyalar peyvəndləmənin nəinki xeyirsiz, hətta ziyanlı ola biləcəyini təlqin edir.

Ukraynada təkcə 2018-ci ildə 53 min qızılcaya yoluxma və 15 ölüm halı qeydə alınıb. Serbiya, Rusiya, Gürcüstan və Rumıniyada isə xəstələnənlərin sayı 8400, ölüm halları isə 40-dan çox olub.

ABŞ-dakı George Washington Universitetinin professoru David Broniatowski deyib ki, Rusiyanın Sankt Peterburqdakı “troll fabriki” 2014-cü ildən bəri ABŞ-da “vaksinasiyanın zəruriliynə dair ictimai konsensusu aşılanmaya uğradıb”.

Daha bir dezinformasiya postunda vaksinasiyanın nəinki xeyirsiz, hətta ziyanlı olduğu iddia edilir
Daha bir dezinformasiya postunda vaksinasiyanın nəinki xeyirsiz, hətta ziyanlı olduğu iddia edilir

Broniatowski AzadlıqRadiosuna deyib ki, Rusiyanın Qərb demokratiyasını peyvəndləməyə inamsızlığı artırmaqla zəiflətməyə çalışdığını göstərən dəlillər yoxdur. Əksinə trollar peyvəndləmə mövzusundan cəmiyyəti siyasi baxımdan parçalamaq üçün istifadə ediblər.

Professor deyib ki, məqsəd əvvəlcə ən müxtəlif məsələlərdə fikir ixtilafı yaratmaqla sonradan bunu siyasi fikir ayrılığı müstəvisinə çıxarmaq olub.

Başqa sözlərlə bu trolların hücumu nəticəsində aşkarlanan kövrək sosial media qruplarından Kremlin ideologiyasını yaymaq üçün istifadə edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG