Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:00

'Putin Rusiyasını' tənqid edən jurnalistə ‘terror’ ittihamı


Svetlana Prokopyeva
Svetlana Prokopyeva

Rusiya hakimiyyət orqanları Federal Təhlükəsizlik Xidmətinin regional ofisinin qarşısında törədilmiş bomba partlayışı ilə bağlı verdiyi şərhə görə müxbir Svetlana Prokopyevaya qarşı cinayət təhqiqatına başlayıb.

Polis ölkənin şimalındakı Pskov şəhərində Prokopyevanın mənzilinə və Moskvadakı Exo Moskvı radiosuna bağlı yerli radiostansiyanın studiyalarına reyd keçirib.

Fevralın 6-da keçirilmiş reyd zamanı redaksiyaya aid material və başqa sənədlər müsadirə edilib.

Prokopyevanın özü polis tərəfindən saxlansa da, az sonra sərbəst buraxılıb.

Prokopyeva Exo Moskvı radiosunun Pskov redaksiyası üçün reportajlar hazırlayır. O həm də AzadlıqRadiosu Rus xidmətinin ştatdankənar müxbiridir.

Prokopyevanın vəkili Tatyana Martynova bildirib ki, jurnalist “mediadan istifadə etməklə terrorizmə haqq qazandırılmasında” ittiham olunur.

Ona qarşı bu ittiham ötən noyabrda Exo Moskvı radiosunun yerli filialında səsləndirdiyi şərhə görə irəli sürülüb. Onun şərhi oktyabr ayında Arxangelsk şəhərində törədilmiş bomba partlayışı barədəydi.

Həmin hadisə zamanı 17 yaşlı bir nəfər FTX-nin regional ofisinin qarşısında əldəqayırma bomba partlatmışdı. Partlayışı törədənin özü həlak olmuş, daha üç zabit yaralanmışdı.

Rusiya mediası xəbər verirdi ki, partlayışı törədən şəxs ölümündən əvvəl sosial mediada FTX-ni cinayət işlərini saxtalaşdırmaqda ittiham etmişdi.

Bu hadisə barədə şərhində Prokopyeva olayı Vladimir Putinin Rusiyasında siyasi fəaliyyətin sərt məhdudlaşdırılması ilə bağlamışdı. O bildirmişdi ki, adamlar çarəsizlikdən belə ekstremal vasitələrə əl atırlar.

Şərh radiostansiyanın saytında və Pskov Newsfeed xəbər portalında dərc olunmuşdu.

Rusiya mediasına nəzarət edən dövlət qurumu – Roskomnadzor hər iki sayta xəbərdarlıq etdikdən sonra şərh internetdən silinmişdi.

Dekabrın 6-da Prokopyeva saxlanmış, Pskov məhkəməsi radiostansiyanı 2200 dollar, Pskov Newsfeedportalını isə 3000 dollar cərimə etmişdi.

İtithamı rədd edən Prokopyeva AzadlıqRadiosuna deyib ki, o verdiyi şərhin üstündə dayanır.

“Bu repressiv şəraitdə bütöv bir nəsil böyüyüb. Onların 18-yaşı var. Belə terror aktının elə bircəsi vahimə doğurur. Terrorçu hərəkətlər həmişə pisdir. Çox pisdir ki, gənclər belə vasitələrə əl atırlar....”

Prokopyeva bildirir ki, belə bir hissiyyat köməksizlik və ümidsizlikdən yaranır: “Gənclər təkcə terrora əl atmırlar. Onlar süstləşirlər və ölkəni tərk etmək istəyirlər”.

Human Rights Watch təşkilatı jurnalistə qarşı ittihamı pisləyib və bildirib ki, hakimiyyət orqanları antiterror qanunlarından legitim ifadəni boğmaq üçün istifadə edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG