Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:17

Rusiyada yük maşını sürücüləri tətil edir


Sürücülərin etirazı.

Rusiyada yük maşını sürücülərinin tətili davam edir. Currenttime.TV portalı yazır ki, xəttə çıxmayan maşınların sayı barədə dəqiq məlumat yoxdur. Təxmini hesablamalara görə, iri şəhərlərdə onların sayı yüzlərlədir. Ən güclü etiraz Dağıstandadır. Tətilçilərin liderlərinin sözlərinə görə, burada 40 min maşın işsiz dayanıb. Bu isə, az qala, bütün yük nəqliyyatı deməkdir. Yük maşınlarına «Qazel»lər də qoşulub. Sürücülər «Platon» sisteminin tariflərinin artırılmasına etiraz edirlər. Hökumət aprelin 15-dən bu tarifləri 25 faiz artıracağını elan edib. Bu tarifi «ikinci nəqliyyat vergisi» adlandıran sürücülər onu ödəməkdən imtina edirlər.

«QİYMƏTLƏR İKİ DƏFƏ ARTIR»

Saratov şəhərinin girəcəyində 40-a yaxın maşın dayanıb. Qarajlarda daha çox maşın var. Sürücülər qarajların birində özlərinə mətbəx və «iclas zalı» düzəldiblər. Ərzaqpulu yığırlar. Düşərgədə içki içmək qadağandır. Deyirlər ki, federal hökumət onlara diqqət yetirənə qədər dayanacaqlar. Sürücülər əmindirlər ki, uzun müddət xəttə çıxmasalar, ölkədə malları daşımağa adam qalmayacaq və hökumət onlara diqqət yetirməli olacaq. Onda biznes dayanacaq və «Platon»a etiraz Rusiyanın hər bir sakininə təsir edəcək.

«Ölkədə artıq nəqliyyatda problemlər yaranıb. Bizə zəng vururlar, çox yüksək məbləğlər təklif edirlər, qiymətlər iki dəfə artır», – tətilçilərin Saratovdakı koordinatoru Aleksandr Cherevko deyir.

«Bu gün Dağıstan bizi təəccübləndirdi. Orada yük maşınlarından ibarət 10 kilometrlik kolon yığılıb. Onlar cənub regionlarından qida məhsulları gətirirlər. Yəni, dükanda aldığımız, yediyimiz nə varsa, hamısı oradan gətirilir. İndi onlar tətil etməyə məcburdurlar. Deyiblər ki, axıra qədər dayanacaqlar», – sürücü Dmitry Balandin deyir.

YÜRÜŞƏ GÖRƏ SAXLANAN OLMAYIB

Dağıstandakı tətil ölkədə ən kütləvi tətillərdən biridir. Ancaq rəsmi KİV-lər bu barədə susur. Təkcə sürücülərin özlərinin çəkdikləri videolardan görmək olur ki, OMON onları mühasirədə saxlayır.

Hazırda Vladivostokdan Kalininqrada qədər bütün Rusiyada yük maşınları dayanıb. Sürücülər nəqliyyat vergisinin və «Platon» sisteminin ləğvini, hökumətin istefasını tələb edir, prezident Vladimir Putin-ə etimadsızlıq bildirirlər.

Martın 30-da Yekaterinburqda iri yük maşınlarının icazəsiz avtoyürüşü keçirilib. Ancaq maraqlıdır ki, polis buna görə heç kimi həbs etməyib.

Lipetskdə isə hökumət sürücülərin şəhərin mərkəzində mitinq keçirməsini yasaqlayıb. Sürücülərdən biri tənha piket keçirib. O, meydanda axıra qədər dayanacağını deyir.

«PULSUZ İŞLƏMƏK İSTƏMİRƏM»

Sürücülər tətilə qoşulmayıb xəttə çıxanları «siçovul» və «satqın» adlandırırlar. Onları ümumi işdən ötrü birləşmək məqamı gələndə pul qazanmaq fürsəti güdməkdə suçlayırlar. Belələrinin «qara siyahı»sını düzəldəcəklərini deyirlər.

Bir neçə iri yük maşınının sahibi Sergei Peskov deyir ki, təkcə Krasnoyarskda tətildə 200-dən çox maşın iştirak edir. Həyat yoldaşı və üç uşağı ilə birlikdə 5 nəfərlik ailə başçısı olan Peskov söyləyir ki, sonadək xəttə çıxmayacaq, çünki hökumətə və «Platon»un yeni tariflərinə təslim olsalar, ziyana işləyəcəklər.

«Pulsuz işləmək istəmirik. Yoxsul insanlar iqtisadiyyatı irəli apara bilməz. Biz hər dəfə televizorda eşidirik: «Kiçik biznesə dəstək». Hanı o dəstək?! Ölkədə böhrandır, bizimsə son qəpiyimizi əlimizdən alırlar», – Peskov deyir.

Maşınlar işsiz dayanıb.
Maşınlar işsiz dayanıb.

«Platon» tariflərinin ləğvini bütün sürücülər tələb etsə də, heç də hamının etiraza qoşulmaq imkanı yoxdur. Bir çoxlarının heç pulu olmadığına görə işi dayandıra bilmir.

HÖKUMƏTİN REAKSİYASI

Aprelin 15-dən yollardan istifadəyə görə tətbiq olunan «Platon» tarifi 2 dəfə artmalı idi. Ancaq martın 24-də Rusiyanın baş naziri Dmitry Medvedev qiymətləri 25 faiz yüksəltmək barədə kompromis qərar qəbul edib. Hakim «Yedinaya Rossiya» partiyasındakı mənbə RBK-ya bildirib ki, bu qərarın səbəblərindən biri yük maşını sürücülərinin tətil planlaşdırması olub.

Nəqliyyat naziri Maksim Sokolov jurnalistlərə bildirib ki, hökumət «Platon» tarifi vasitəsilə 2017-ci ildə 23 milyard rubla yaxın vəsait toplamağı planlaşdırır. Bu zaman hökumət sistemi idarə edən, Igor Rotenberg-ə məxsus operator şirkətinə sabit məbləğ, ƏDV nəzərə alınmadan 10.6 milyard rubl ödəyir. «Platon» bir illik fəaliyyəti ərzində 18 milyard rubl toplayıb.

Hələlik, regionların heç birində hökumət etirazçılarla əlaqə yaratmağa çalışmayıb. Heç bir rəsmi bəyanat verilməyib. Etirazın gedişatını yalnız polis izləyir. Sürücülər federal KİV-lərin bu miqyasda etirazı işıqlandırmamasından gileylənirlər. Faktiki olaraq, bazar ertəsindən bütün ölkədə yüzlərlə yük maşını xəttə çıxmır. Amma «Platon», hökumət və Putin-ə qarşı etiraz barədə bir kəlmə belə deyilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG