Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:41

Moskva Vaşinqtonu Yaxın Şərqdə ‘zəlzələ’ ilə hədələyir


ABŞ dövlət katibi John Kerry (solda) və Rusiya xarici işlər naziri Sergey Lavrov
ABŞ dövlət katibi John Kerry (solda) və Rusiya xarici işlər naziri Sergey Lavrov

Rusiya Vaşiqntona xəbərdarlıq edib ki, ABŞ Suriyada Assad qüvvələri üzərinə hücum etsə, bu, təkcə Suriyada yox, bütün regionda ‘dəhşətli, tektonik nəticələrə’ səbəb olacaq.

Ruisiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Suriyada rejim dəyişdirilməsi nəticəsində yaranacaq hakimiyyət boşluğunu ‘ən müxtəlif terrorçular’ doldura bilər.

Qərb mətbuatı yazır ki, Moskvanın həddən ziyadə açıq və lovğa bəyanatları Rusiya və Suriya hökumət qüvvələrinin Hələbdəki müxalif qiyamçıların mövqelərinə ağır zərbələr endirdiyi bir vaxta təsadüf edir.

ABŞ və Rusiya arasında münasibətlər Suriyada atəşkəs rejimi pozulduqdan sonra son dərəcə gərginləşib.

ABŞ dövlət katibi John Kerry və Rusiya xarici işlər naziri Sergey Lavrovun aramsız telefon danışıqları vəziyyətə təsir etmir.

Qarşılıqlı ittihamlar

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dəstək verdiyi mötədil müxalifətlə terrorçu qruplaşmaları bir-birindən ayırmamaqda ittiham edib.

ABŞ isə bildirir ki, Rusiyanın Hələb və onun ətrafında apardığı dağıdıcı hava kampaniyası müxalifəti əl-Qaeda və ən-Nüsra kimi terrorçuların ağuşuna itələyir.

Rusiya və Suriya təyyarələri Hələb şəhərini intensiv bombardman edir
Rusiya və Suriya təyyarələri Hələb şəhərini intensiv bombardman edir

Qərb mediasının xəbərlərinə görə, oktyabrın 1-də Rusiya və Suriya təyyarələri Hələb ətrafında əsasən ABŞ-ın dəstəklədiyi qiyamçıların mövqelərinə ağır zərbələr endirib.

Bu arada ‘The New York Times’ qəzeti iddia edib ki, dövlət katibi John Kerry Suriya müxalifətinin nümayəndələri ilə söhbətində Obama administrasiyası ilə ixtilafından söz açıb.

Qəzetin yazdığına görə onun əldə etdiyi audioda KerrySuriya məsələsində fikir ayrılığı yarandığını dilə gətirib. Dövlət katibi Suriyada fəal hərbi hərəkətlərin tərəfdarı olsa da, Ağ Evdə Vaşinqtonun Suriya münaqişəsinin çözümündə yalnız diplomatik rol oynamasını istəyirlər.

40 dəqiqlik audioda Kerry bildirir ki, Birləşmiş Ştatlar Suriyada çətin duruma düşüb.

ABŞ Suriyada, Kerry Ağ Evdə təklənib

‘The New York Times’qəzetinin məlumatına görə Kerry deyib ki, Rusiya hərbçilərini Suriyaya hökumət dəvət edib, ABŞ qüvvələrinin isə Suriya rejiminə qarşı hərbi əməliyyatlar aparması üçün hüquqi əsas yoxdur.

Suriyadakı Tel Əbyəd şəhərində kürdlərin qaldırdığı ABŞ bayrağı, sərhədin o tayında isə Türkiyə bayrağı dalğalanır
Suriyadakı Tel Əbyəd şəhərində kürdlərin qaldırdığı ABŞ bayrağı, sərhədin o tayında isə Türkiyə bayrağı dalğalanır

Bu arada Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlarının miqyasını genişləndirir. Bəzi qəzetlərin yazdığına görə Türkiyənin 1000 əsgərlik qüvvəsi ABŞ-ın dəstəklədiyi kürdlərə qarşı hücum əməliyyatları həyata keçirərək Suriyanın şimalında ‘bufer zonası’ yaradır.

Ankara Vaşinqton üzərinə diplomatik təzyiqlərini azaltmır.

Prezident Recep Tayyip Erdoğan deyib ki, ‘biz ABŞ-a İslam Dövləti təşkilatının istehkamı Raqqaya birlikdə daxil olmağı təklif etmişik, amma ABŞ Raqqaya kürd qüvvələri ilə hücum etsə, biz bu əməliyyatda iştirak etməyəcəyik’.

Türkiyə Raqqanın fəth edilməsində kürd qüvvələrinin iştirakını istəmir.

Beləliklə, Rusiya Hələb ətrafında, Türkiyə isə Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi qüvvələrə hücum etməklə məşğuldurlar.

Təhlilçilər bildirirlər ki, texniki baxımdan ABŞ Suriyada Türkiyə və Rusiya tərəfindən təklənmiş vəziyyətdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG