Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 09:43

«Gərginlik Azərbaycana və Gürcüstana da keçə bilər»


Suriya münaqişəsi
Suriya münaqişəsi

►"Artıq Rusiya Ermənistanı müasir silahlarla silahlandırır”

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri fevralın 19-da Tbilisi görüşünün yekunları ilə bağlı bəyannamə imzalayıblar.

Türkiyədə baş vermiş son terror aktlarını pisləyən nazirlər bütün regional münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə çağırıblar.

Tbilisi bəyannaməsində Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin BMT və Avropa Şurasınin qətnamələrinə uyğun olaraq, beynəlxalq norma, suverenlik və ərazi bütövlüyü əsasında həll edilməli olduğu vurğulanıb.

“Konkret təklif verməliydilər”

Politoloq Rasim Ağayev Türkiyə – Rusiya münasibətlərinin indiki gərgin durumunda belə bir bəyannaməyə ehtiyac olduğunu vurğulayır. Ancaq onun fikrincə, duruma açıq münasibət bildirilməliydi ki, bəyannamədə də buna rast gəlinmir:

“Bu gərgin vəziyyət nə Gürcüstana, nə Azərbaycana, nə Türkiyəyə, nə də Rusiyaya xeyir gətirə bilməz. Üç ölkənin xarici işlər naziri yığışıb məsələni müzakirə edirlərsə, gərək buna açıq münasibət bildirəydilər. Konkret təkliflə çıxış etməliydilər. Şübhəsiz ki, danışıqlarda bu və ya digər şəkildə bu məsələlər hallanıb. Ancaq bu, sənəddə hiss olunmur. Hər bir ölkənin bu və ya digər dərəcədə öz Qarabağ dərdi var. Ancaq Rusiya– Türkiyə qarşıdurmasında elə bir dərd çıxa bilər ki, Qarabağ da, Abxaziya da, digərləri də yaddan çıxar. Söhbət ciddi ümumdünya münaqişəsindən gedir. Demirəm ki, sabah Türkiyə ilə Rusiya müharibə edəcək, yəqin bundan qaçacaqlar. Ancaq hadisələrin bu istiqamətdə getməsi, yorucu bəyanatlar, dil tapılmaması, terror aktlarının yaratdığı gərginlik Azərbaycana və Gürcüstana da keçə bilər”.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“Türkiyənin hər sözünü Rusiya düşməncəsinə qəbul eləyir”

Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə deyir ki, Tbilisi bəyannaməsi heç nəyi dəyişməyəcək:

“Bu üç dövlətin bəyanatı heç nəyi dəyişmir. Əksinə, bəlkə də vəziyyəti mürəkkəbləşdirir. Ona görə ki, Rusiya həm Türkiyə, həm də Gürcüstanla qəliz münasibətdədir. Bu dəqiqə Türkiyənin bölgənin xeyrinə olan sözünü də Rusiya düşməncəsinə qəbul eləyir. Bu baxımdan, əgər Türkiyə hansısa Qafqaz ölkəsinin bütövlüyü, suverenliyi üçün fikir söyləyirsə, deməli, Rusiya onun əleyhinə gedəcək. Bu baxımdan, Türkiyənin dediklərinin regiona faydası yoxdur. Artıq Rusiya Ermənistanı müasir silahlarla silahlandırır”.

Qafqaz enerji dəhlizi

Tərəflər Xəzər hövzəsindən enerji resurslarının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə qərb bazarlarına nəqli üzrə regional enerji layihəsinə dəstək bildiriblər. Enerji məsələləri üzrə ekspert İlham Şaban bu layihəni hər üç ölkə üçün əhəmiyyətli sayır:

“Bu, bir Qafqaz enerji dəhlizidir. O dəhlizin əhəmiyyəti, hər üç ölkəni birləşdirməsindədir. Bu şəraitdə bu cür mesajlar vermək hər üç ölkədən ötrü, həm də regional baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə işə salınması, bu yolla Çindən Avropaya tranzit yüklərin daşınmasının və sözügedən marşrut üzrə digər nəqliyyat imkanlarının canlandırılmasının vacibliyi qeyd olunub.

İlham Şaban diqqəti Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tamamlanmasına çəkir. Ancaq Türkiyə vaxtında bəzi işləri görmədiyindən layihəni gecikdirdiyini, 2017-ci ilə qədər ertələdiyini etiraf edir. Amma ekspert layihənin 2017-ci ilə hazır olacağını da şübhə altına alır. Çünki hazırda Türkiyənin çoxlu hərbi-siyasi-iqtisadi problemləri var.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu il Azərbaycanda keçiriləcək.

Buna da bax...

Binəyə çəkməsiz gedən batdı...
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

XS
SM
MD
LG