Rusiya ABŞ-ın təklif etdiyi qətnaməyə veto qoyduqdan sonra BMT Təhlükəsizlik Şurası Suriyada kimyəvi silahlardan istifadəni araşdıran ekspertlərin mandatının uzadılmasına dair müzakirələri davam etdirilib.
Noyabrın 17-də bağlı qapılar arxasında müzakirə edilən təklifi Yaponiya verib. Bu qətnamə Suriyadakı silah müfəttişlərinin mandatının uzadılmasını nəzərdə tutur.
Reuters agentlyinin verdiyi xəbərə görə Rusiya rəsmiləri Təhlükəsizlik Şurasının üzvlərinə deyiblər ki, onlar mandatın hətta bir ay müddətinə artırılmasının da əleyhinədirlər.
Rusiya ABŞ-ın mandatın noyabrın 26-dək uzadılmasına dair qətnaməsinə veto qoymuşdu.
Bu, 2011-ci ildə Suriyada münaqişə başlanandan bəri Moskvanın Suriya ilə bağlı BMT qətnamələrinə qoyduğu 10-cu veto olub.
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, Rusiyanın kimyəvi silah müfəttişlərinin mandatının uzadılmasına veto qoyması onun öz müttəfiqi olan Suriya hökumətininn marağını Suriya xalqının maraqlarından üstün tutduğunu göstərib.
Xanım Haley deyib ki, “Rusiya şuranın tam dəstəyinə malik olan təhqiqat mexanizmini məhv edib”.
BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 11-i ABŞ-ın təklif etdiyi qətnamə layihəsini dəstəkləmişdi. Bu qətnamə layihəsində Suriyafda kimyəvi silahlara dair təftişin müddəti daha bir il uzadılmalıydı.
Haley Rusiyaya müraciətlə deyib ki, Moskvanın qətnamə layihəsinə veto qoyması Kremlin kimyəvi hücuma normal bir hal kimi baxmasını göstərib.
Fransanın BMT-dəki səfiri Francois Delattre deyib ki, Rusiyanın vetosu kimyəvi silahlardan istifadənin qarşısının alınması cəhdlərinə zərbə olub.
Lakin Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyib ki, “Suriyada kimyəvi silahların yoxlanması missiyası özünü Qərbin oyuncağı kimi aparır”.
Nebenzya deyib ki, bu missiya vaxtaşırı Suriya hökumətinin beynəlxalq normaları pozmasını bəyan etməklə məşğuldur.
Haley həmçinin Rusiya rəsmilərini bu məsələni müzakirə etməkdən qaçmaqda ittiham edib.
ABŞ səfiri bildirib ki, Rusiyanın BMT missiyasında telefon zənglərinə cavab vermirlər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Haley-in dediklərini “saxta diplomatiya adlandırıb”.
O deyib ki, xanım Haley-inRusiya nümayəndələrinin bu məsələnin müzakirəsindən yayındığına dair dedikləri “yalandır”.
Lavrov deyib ki, “biz indiyədək saxta xəbərlər fenomeni ilə üzləşirdik, indi deyəsən saxta diplomatiya ilə də üzləşməli olacağıq”.