Rusiyanın və Suriya hökumətinin hərbi təyyarələrinin dekabrın 2-də Suriyanın şimal-qərbindəki İdlib qəzasına endirdiyi aviasiya zərbələrində 15 dinc sakinin həlak olduğu xəbər verilir.
Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupu bildirir ki, dekabrın 2-də İdlib qəzasında Maarət ən-Nüman qəsəbəsindəki bazara endirilmiş zərbə nəticəsində 13 nəfər ölüb.
Türkiyəyə bitişik bu ərazi əsasən Suriya müxalifətinin nəzarətindədir.
Daha 18 nəfərin yaralandığı, bunların əksəriyyətinin vəziyyətinin ağır olduğu deyilir.
Müşahidə qrupunun məlumatına görə biri İdlibin cənub-şərqindəki Saraqeb qəsəbəsində, digəri Maarət ən-Nümanın yaxınlığındakı Əs-Sərəman qəsəbələrində olmaqla daha iki sakin həlak olub.
Müşahidəçilərin rəhbəri Rami Abdel Rahman əlavə edib ki, Rusiya təyyarələri habelə İdlibin cənubundakı Kfar Sicna kəndi bölgəsinə hava zərbəsi endirib.
Müşahidə qrupunun məlumatına görə Suriya hökumət qüvvələri ötən apreldə Hama və İdlib qəzalarındakı qiyamçılar üzərinə geniş hücuma başlayandan bəri bölgədə 4775 nəfər öldürülüb və bunlardan 1224-ü dinc sakinlərdir.
Bu arada Rusiya bildirir ki, onun Türkiyə sərhədi yaxınlığında patrul xidməti çəkən üç hərbçisi minaya düşərək yaralanıb.
Rusiya Müdafiə Nazirliyi bildirir ki, dekabrın 2-də Kobani şəhəri yaxınlığında yaralanmış üç hərbçinin vəziyyəti qənaətbəxşdir.
Rusiya və Türkiyə hərbçiləri iki ölkə lideri arasında əldə olunmuş razılaşmaya əsasən Suriyanın şimal-şərqində birgə patrul keşiyi çəkirlər.