Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:14

Rusiya məhkum edilmiş gənclərin müdafiəsinə qalxır


Piketçilərdən biri
Piketçilərdən biri

Rusiyada iddia edilən Set (Şəbəkə) siyasi təşkilatının üzvləri kimi uzunmüddətli həbsxana cəzasına məhkum edilmiş gənclərin müdafiəsi hərəkatı genişlənir.

Fevralın 17-də Rusiyanın 17 müstəqil kitab mağazası bu iş üzrə məhkum edilmiş 7 nəfərin müdafiəsi üçün keçirilən tətilə qoşulub.

Kitab satıcıları habelə məhkumlar – Dmitry Pchelintsev-in, Ilya Shakursky-nin, Andrey Chernov-un, Maksim Ivankinin, Vassily Kuksovun, Mikhail Kulkovun və Arman Sagınbayev-in azad edilməsi tələbi ilə piket keçirəcəklərini bildiriblər.

Sözü gedən şəxslər iddia olunan “terrorçu Set təşkilatının” üzvləri olmaqda ittiham ediliblər. Onların işinə Penza məhkəməsi baxıb.

Lakin məhkum edilənlərin vəkilləri, habelə insan haqları fəalları bu işin Rusiyanın əsas təhlükəsizlik xidməti – FTX tərəfindən qondarıldığını bildiriblər.

Müttəhimlər məhkəmə dinləməsində bildirmişdilər ki, onlar təqsirlərini ağlasığmaz işgəncələr altında boyunlarına alıblar.

Kitab ticarətçilərinin planlaşdırılan aksiyası barədə Rusiya naşiri, Moskvadakı Falanster kitab mağazasının təsisçilərindən biri, Boris Kuprianov məlumat vermişdi.

"Biz susa bilmərik"

Aksiya təşkilatçılarının sosial şəbəkələrdə dərc olunmuş müraciətində deyilir:

"Ölkəmizin vətəndaşları qarşısında bir sual yaranıb: Biz düzgünmü yaşayırıq? Əlbəttə, hər bir məsuliyyətli insan belə sualları özünə daim verir. Lakin bugün bu sual bütün qəddar çılpaqlığı ilə qarşımızdadır. Əgər birbaşa sübutları olmayanlar yalnız işgəncələrlə alınmış etirafları əsas götürməklə heç bir zorakılığa yol verməmiş insanları 18 il müddətinə həbsxana düşərgəsinə göndərirlərsə, görünür, biz vətəndaş kimi haradasa səhvə yol vermişik”.

Etirazçıların bəyanatında daha sonra deyilir:

“Əgər bir fantaziya, sadəcə bir fikrə görə uzunmüddətli, əslində ömürlük həbsxana cəzası almaq mümkündürsə, biz kimisə sevimli kitabların qəhrəmanlarına rəğbət bəsləməyə necə çağıra bilərik? Hər bir məktəb, rayon kitabxanasındakı kitablar məhkəmə qərarı ilə “məhv edilməyə” məhkum olunursa, biz adamları klassik ədəbiyyatı sevməyə necə çağıra bilərik?”

Aksiya iştirakçıları yazırlar ki, “biz həm vətəndaş, həm də peşəkar kimi susa bilmərik”.

Bu da qeyd olunur ki, fevralın 17-də məhkəmədən sonra kitab mağazaları yenidən açılacaq, lakin aksiya iştirakçıları Set işi üzrə məhkum edilənlərin müdafiəsinə təkadamlıq piketlərə çıxacaqlar.

Həmrəylik aksiyaları

“Alisa” rok qrupunun başçısı Konstantiv Kinchev “Çartova dyujina” festivalında Set cinayət araşdırmasına “Hava” adlanan mahnı həsr edib.

Bu hadisə fevralın 13-də baş versə də, video internetdə yalnız bugünlərdə görünüb.

Fevralın 17-də başqa bir fəal – Konstantin Fokin özünü FTX-nin (Federal Təhlükəsizlik Xidməti) Lubyankadakı qərargahının qapısına zəncirləmişdi. Onu polis həbs edib.

Məhkumların müdafiəsinə müraciətlər

Bundan əvvəl Set işi üzrə məhkum olananların müdafiəsi üçün Rusiya müəllimləri və elmi işçiləri müraciət etmişdilər.

Sankt Peterburqda 50-dən çox bələdiyyə deputatı Rusiya baş prokuroru Igor Krasnova müraciət yazaraq “Penza işi” üzrə ittihamnamənin ləğvini tələb ediblər.

Müraciətdə “bu işin saxtalaşdırılmasının bütün detallarının araşdırılmasına və saxtakarların, işgəncə verənlərin cəzalandırılmasına” çağırış edilir.

Rusiya müstəqil müşahidəçilər assosiasiyası da Set işi üzrə məhkum edilənlərin müdafiəsinə Facebook-da bəyanat dərc edib:

"Bizdə fiqurantlara işgəncə verilməsinə və ittihamnamənin əsasının bü işgəncələrlə alınmış etirafların üzərində qurulmasına dair kifayət qədər sübutlar var”.

Müraciətin müəllifləri ittihamnamənin ləğvini, işgəncələrin araşdırılmasını və bunda iştirak etmiş vəzifəli şəxlərin cəzalandırılmasını, işə yenidən baxılmasını tələb edirlər.

Ötən həftə habelə Rusiyanın 100-dək yazıçı, jurnalist və intellektualı Set işi üzrə məhkum edilənlərin azadlığa buraxılmasını tələb etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG