Tatarıstanın ikinci ən böyük şəhəri Naberejnıye Çelnıda bir mebel dükanının ortaq sahibləri yeni "seçkiqabağı" reklam kampaniyası keçirməyə başlayıblar. Kampaniyanın əsas şüarı "bizim namizəd"dir.
Reklamlar təxminən belə səslənir: "Bizim namizəd - "Gennady" divanı", "Bizim namizəd - "Volfıç" şkaf-kupesi", "Bizim namizəd - "Kseniya" yastığı"dır.
“Kseniya” “Gennady”nin siyirtməsinə yerləşir?
Televiziya kanalları bu reklamı seçkiqabağı təbliğat (əslində, əks-təbliğat – red.) sayaraq, efirə verməkdən boyun qaçırıb. Reklam kampaniyası "namizədləri" mebel kataloqlarına düşən siyasi partiyaları da qəzəbləndirib.
Buna da bax: 'Seçkiyə yolasalma' [karikatura]
"Baxın, "Volfıç" kupe qapılı şkaf hazırda populyarlığına görə ikincidir. "Gennady" divanınınsa siyirtməsi var. "Kseniya" yastığı bu siyirtməyə yerləşir. "Kseniya" anatomik xüsusiyyətləri və yaddaş effekti olan yastıqdır, "Kseniya"nı seç, rahat yat, – Naberejnıe Çelnıdakı mebel mağazasının marketinq direktoru Anton Trusov qürurla dükanın mallarını tanıdır və daha sonra deyir:
"Namizədlərə istehsalçının qoyduğu orijinal adlar o qədər də maraqlı deyil. Nə şkafın, nə də yastığın əvvəllər ayrıca adı olmayıb. "Gennady" divanını isə istehsal olunduğu zavodda "Oskar-2" adlandırıblar”.
Mağaza sahibləri düşünüblər ki, "siyasi" adlar satış səviyyəsini artıra bilər.
"Bir dəfə bir cavan oğlan gəlib şkafı aldı və belə dedi: "Bu, bizə birmənalı lazımdır". Bax, işlərimiz beləcə şən keçir", - satış şöbəsinin mütəxəssisi Valentina Maratkanovanın sözləridir.
Heç bir telekanal efirə vermir
Ancaq Volqaboyunda bu "seçkiqabağı" reklam kampaniyası çoxlarının xoşuna gəlməyib. Mağazadan şəhərdə quraşdırdığı reklam lövhələrini yığışdırmaq tələb olunub. Mebelçilərin televiziya reklamını isə heç bir kanal qəbul etib efirə vermək istəmir. Deyirlər ki, Rusiya prezidenti postuna namizədlərin seçkiqabağı təbliğatı hələ fevralın 17-də başlanacaq. Onların iddiasına görə, o vaxtadək mediada namizəd adlarının çəkilməsi arzuolunan deyil.
Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]
"Onların hüquqşünası mənə sübut etməyə çalışırdı ki, bu, təbliğatdır. Guya partiyalar bizə pul verib və biz onların təbliğatını aparırıq. Mən ilk dəfədir ki, təbliğatın ikili, xüsusən belə sərt mənası ilə üzləşirəm", - deyə Anton Trusov gileylənir.
“Bizim namizədimiz şkafdır?”
Lideri növbəti dəfə prezidentliyə namizədliyini verən partiyalardan birinin - LDPR namizədinin mebelə "çevrilməsi" də narazılıq doğurub:
"Bizim namizədimiz şkafdır? Küçədə getdiyiniz zaman sizi kimsə çiyninizdən tutub itələsə, bu, təhqirdir. Burada isə biz, pərdələnmiş olsa da, məqsədyönlü təhqirlə üz-üzəyik", - LDPR-in Tatarıstan regional şöbəsinin koordinatoru Vladimir Surchilov belə deyir.
Buna da bax: Seçki təqvim planı: Namizəd 2 həftəyə 60 dairədən 40 min imza toplamalıdır... [video]
Ancaq yerli antiinhisar komitəsi hələ "Gennady" və "Volfıç"ın reklamlarında hər hansı pozuntu aşkar etməyib. Bu baxımdan, narazı qrupların reklamları küçələrdən yığışdırması asan başa gəlməyəcək. Üstəlik, reklam lövhələri mebel mağazasının özünə məxsusdur.
Şəhər sakinləri "Nastoyaşşee Vremya" kanalına deyiblər ki, bənzər reklamlar fəndi santexnika mallarına da tətbiq oluna bilərdi.