Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:59

Rusiyaya qarşı sanksiyalar uzadılacaq, amma…


Qərb mətbuatı yazır ki, Moskvaya qarşı Ukraynaya görə qoyulmuş sanksiyaların uzadılması ərəfəsində Avropanın həmrəyliyində çatlar görünməyə başlayıb.

Reutres agentliyi xəbər verir ki, Avropa İttifaqının Brüsseldəki elçiləri Rusiyaya qarşı enerji, maliyyə və müdafiə sahələrində sanksiyaların 2017-ci il, yanvarın sonunadək uzadılması barədə razılığa gəliblər.

Diplomatik mənbələr isə bildirirlər ki, indi bu razılaşmanın rəsmiləşdirilməsi qalır.

Əksər ekspertlər sanksiyaların rəsmən uzadılacağına şübhə etmirlər, lakin deyirlər ki, Moskva üzərinə sanksiyaların qoyulmasından iki il sonra, bir çox Avropa siyasətçiləri Kremlə qarşı siyasətin yumşaldılmasına çağırırlar.

Çərşənbə axşamı əldə olunmuş razılaşma Aİ nazirləri səviyyəsində rəsmən təsdiq edilməlidir, lakin Fransa və Britaniya ölkə parlamentləri ilə məşvərət üçün bir qədər vaxt istəyiblər. Hərçənd parlamentlərin bu razılaşmanı bloklamaq üçün real səlahiyyətləri yoxdur.

Necə olursa olsun, Paris və London artıq bu cümə sanksiyaların təsdiqinə hazır olacaqlar. Buna baxmayaraq İtaliya Moskvaya qarşı sanksiyaların uzadılması barədə razılaşmanın müzakirəsini iyunun 28-29-da keçirləcək Aİ liderləri görüşünədək təxirə salmağı təklif edib.

İtaliya həm də sanksiyaların uzadılması haqqında qətnaməyə sanksiyalara bir daha elə bu oktyabrda münasibət bildirilməsi barədə bəndin əlavə edilməsinə çağırıb.

Berlin, Paris və Roma Moskvaya meyllənir

Reuters yazır ki, Almaniyanın xarici işlər naziri və İtaliyanın baş naziri Rusiyaya qarşı sanksiyaların ləğvinə çağıran siyasətçilərin “xoruna” başçılıq edirlər.

Rusiyanın Ukrayna siyasətinə görə təcrid olunmasından iki il sonra, getdikcə daha çox Avropa rəsmisi Moskvaya səfərlər edir.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier sanksiyaların qaldırılmasına tərəfdardır
Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier sanksiyaların qaldırılmasına tərəfdardır

Aİ-nin xarici işlər komissarı Mogherini işarə edib ki, ittifaq Rusiya strategiyası və Ukraynadakı münaqişə məsələsində möqvelərə ilin ikinci yarısında baxacaq.

Avropa İttifaqı liderlərinin iclaslarına sədrlik edən Donald Tusk isə daha konkret vaxt göstərib. O deyib ki, Rusiyaya münasibət məsələsi oktyabr ayında keçiriləcək xüsusi iclasda müzakirə olunacaq.

Avropa siyasətçilərinin Moskva səfərləri isə davam edir. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Almaniya kansleri Merkelin hökumət koalsiyasındakı partnyoru Sigmar Gabriel gələn həftə Moskvaya səfər edəcək.

Peskov deyib ki, Gabriel artıq bir dəfə Moskvada olub və onlar Vladimir Putinlə spesifik olaraq Almaniya-Rusiya iqtisadi-ticari münasibətləri məsələsini müzakirə ediblər.

Bundan əvvəl, ötən apreldə Fransa parlamenti Rusiyaya qarşı sanksiyalara son qoyulmasına çağıran, lakin legitim icbariliyi olmayan qətnamə qəbul edib.

Reuters yazır ki, Avropa İttifaqının Rusiyaya münasibətini yumşaltmağa çalışan siyasətçilər deyirlər ki, Avropa Rusiya ilə iqtisadi və ticari münasibətlərin olmamasından zərər çəkir.

Britaniya və ABŞ-ın sərt mövqeyi dəyişmir

Britaniya Rusiyaya qarşı daha sərt mövqeyində qalır, Baltik ölkələri isə Moskvadan qorxmaqda davam edirlər.

Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel artıq Putinlə danışıqlarda olub
Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel artıq Putinlə danışıqlarda olub

Onların fikrincə, Ukraynanın şərqində sülh bərpa olunana qədər sanksiyaları saxlamaq lazımdır.

Bir də Vaşinqton Moskvaya qarşı sərt sanksiyaların saxlanmasını ciddi müdafiə edir.

Çərşənbə axşamı ABŞ Konqresində prezident Barack Obamanın demokrat partiyadaşları da daxil üzvlər Birləşmiş Ştatları və onun Avropa müttəfiqlərini Rusiya üzərinə təzyuiqi davam etdirməyə çağıran qətnamə təklif ediblər.

Konqresmenlər bildirirlər ki, Rusiya hələlik nə istiqamətini dəyişib, nə də öhdəliklərini yerinə yetirib.

Rusiyanın qarşısına qoyulan əsas tələb Ukraynanın şərqində seçkilərin keçirilməsi və Kiyevin ölkə sərhədləri üzərində nəzarətə tam sahib olmasında Moskvanın ona dəstək verməsidir.

Reuters yazır ki, Rusiyan üzərinə sanksiyalar 2014-cü ildə Krımın ilhaqına görə qoyulub və Moskva ilə münasibətlərin yumaşaldılmasını istəyən Avropa rəsmiləri öz istəklərinə inandırıcı izahat verməli olacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG