Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:25

Sanksiya altındakı Rusiya 'Microsoft' proqramlarını necə alıb


Microsoft

«Microsoft» korporasiyasının hazırladığı proqramları Rusiya və Krımda yerləşən dövlət təşkilatları və firmaları əldə edə biliblər. «Reuters» rəsmi sənədlərə istinadla yazır ki, bu, ABŞ-da mənzillənən şirkətlərin Rusiyayla iş görməsini qadağan edən sanksiyalara rəğmən baş verib.

Bu sövdələşmələr Rusiyanın dövlət alış databazasında qeydə alınıb və xarici hökumətlər və şirkətlərin ABŞ sanksiyalarına tam əməl edə bilməməsini, bu yolda üzləşdikləri məhdudiyyətləri üzə çıxarıb.

ÜÇÜNCÜ TƏRƏR

İstifadəçilərin bəziləri «Microsoft»a kimlikləri barədə saxta məlumat veriblər. Bunu sövdələşmələrdə iştirak edənlər «Reuters»ə deyiblər.

Məhsullar üçüncü tərəf vasitəsiylə satılıb və «Reuters» «Microsoft»un məhsullarını sanksiyalar qoyulan qurumlara birbaşa satması barədə sübut əldə edə bilməyib.

««Microsoft» qanuni tələblərin icrasıyla bağlı öhdəliklərinə ciddi əməl edir, son həftələr bu məsələni araşdırırıq», – «Microsoft»un təmsilçisi «Reuters»in suallarına e-mail-ində bildirir.

«Reuters» databazanın təhlili nəticəsində aşkarlayıb ki, Rusiya və Krımda sanksiyalar altında olan dövlət qurumları 60 milyon rubl (1.03 milyon dollar) dəyərində 5 mindən çox «Microsoft» məhsulu əldə ediblər.

Məbləğ elə də böyük olmasa da, bu proqramlar Rusiya və Krımda bir çox qurumların işləməsi üçün kritik sayılır. Üstəlik, databazaya özəl şirkətlər daxil deyil və bu da problemin miqyasının daha böyük ola biləcəyi anlamına gəlir.

«Microsoft» məhsulları Krımda, Simferopolda satışda.
«Microsoft» məhsulları Krımda, Simferopolda satışda.

«BUK» İSTEHSALÇISI...

Sanksiya altında «Microsoft» məhsulları əldə etmiş «Almaz-Antey» BUK yer-hava tipli raketin istehsalçısıdır. Niderland prokurorları 2014-cü ilin iyulunda Ukraynanın şərqində «Malayziya Hava Yollarına» məxsus sərnişin təyyarəsini BUK raketinin vurduğunu bildirir. Rusiya isə təyyarənin vurulmasında onun qüvvələrinin hər hansı rolu olmadığını deyir.

«Microsoft»un digər alıcıları arasında «Glavgosexpertiza» dövlət dizayn agentliyi də var. Bu agentlik Rusiyadan Krıma yeni körpünün inşasında və Krımda Rusiya Müdafiə Nazirliyinə məxsus spa-mərkəzin tikintisində iştirakçıdır.

Agentlik «Almaz-Antey» və Müdafiə Nazirliyinin tibbi spa-mərkəzindən münasibət ala bilməyib. «Glavgosexpertiza» deyib ki, «şirkət Rusiya hüququ çərçivəsində çalışır».

ABŞ sanksiyaları Krıma hər hansı məhsul, xidmət, yaxud texnologiyanın ixracını qadağan edir. Digər sanksiyalar isə ABŞ şirkətlərinə Rusiya hökumətinə, onun Ukraynada fəaliyyətinə bağlı şirkətlər, yaxud fərdlərlə tranzaksiyaları yasaqlayır.

ÜSULLAR

Sanksiyalar qüvvəyə minəndən sonra «Microsoft» həmin qurumların onun məhsullarını ala bilməməsindən ötrü addımlar atıb. Bunu agentliyə beş mənbə və «Microsoft»un Rusiyada keçmiş işçisi söyləyib. Ancaq tranzaksiyalara qatılmış şəxslər əngəlləri üstələməyin yolları olduğunu vurğulayıblar.

Məsələn, Krımda yerləşən «More» tərsanəsi ötən ilin iyununda «Microsoft»un bir neçə proqramını Moskvada qeydiyyatdan keçmiş «OOO Veb-Potok» firmasından alıb.

Sanksiya siyahısında olan tərsanənin adının çəkilməsini istəməyən əməkdaşı deyib ki,

«birbaşa Microsoft-dan alsaydıq, sanksiyalar qoyulacaqdı. Amma üçüncü tərəfdən – Rusiya şirkətindən almaq problem olmadı».

«Reuters» nə tərsanədən, nə də «OOO Veb-Potok» şirkətindən münasibət ala bilib.

Krımda yerləşən təşkilatlar isə Krım ünvanını verməməklə «Microsoft» məhsulu əldə ediblər. Bu işdə rolu olmuş üç nəfər agentliyə deyib ki, Rusiyanın Krasnodar regionundakı ünvanlar istifadə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG