Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:06

Ekspert: Rusiya sülhməramlıları Azərbaycan üçün tələdir


Rusiya sülhməramlı adıyla Qarabağa gələ bilərmi?
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Rusiya sülhməramlı adıyla Qarabağa gələ bilərmi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya hərbi müşahidəçilərinin Qarabağa yerləşdirilməsinin mümkünlüyündən danışıb. O, oktyabrın 14-də keçirdiyi mətbuat konfransında deyib:

“Hal-hazırda hətta sülhməramlılar yox, müşahidəçilər… Hərbi müşahidəçilər də kifayət edərdi. Əgər bu, bizim hərbi müşahidəçilər olardısa, tamamilə düzgün olardı. Amma yekun sözü tərəflər deməlidir. Şübhəsiz ki, biz ordan çıxış edərək deyirik ki, Bakıda və Yerevanda müttəffiqlik və strateji tərəfdaşlıq münasibətləri nəzərə alınacaq”.

Siyasi şərhçi Şahin Cəfərli bu barədə özünün Facebook hesabında şərh yazıb bildirir ki, Rusiya "hərbi müşahidəçi" adı altında öz hərbi qüvvələrini Qarabağa yerləşdirmək istəyir, müşahidəçiləri atəşkəsə nəzarət etmək üçün hazırkı faktiki təmas xəttində yerləşdirmək nəzərdə tutulur:

“Lavrov masada olan sülh planını da açıqlayıb. Yeni bir şey yoxdur, həmin baza prinsipləri əsasında Lavrov planıdır:

- Ətraf rayonların mərhələli şəkildə Azərbaycana qaytarılması (5+2) ;

- Dağlıq Qarabağın təhlükəsizliyi və müvəqqəti status ;

- Dağlıq Qarabağ ilə Ermənistan arasında etibarlı dəhliz və s...

Beləliklə, Rusiya (və digər həmsədrlər) 27 sentyabrdan sonra yaranmış yeni reallıqları nəzərə almadan bizə yenə köhnə həll çərçivəsini qəbul etdirməyə çalışır. Sülhməramlıların (müşahidəçi adı altında) gəlişini isə önə atmaq istəyir. Buna getmək olmaz. Tələdir”.

Şahin Cəfərli deyir ki, Lavrovun təklifi yerinə yetərsə, onda rus qoşunları Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşəcək və bu da Azərbaycan Ordusunun irəliləməsinə mane olacaq.

Bu ən son məsələdir

Azərbaycan prezidenti İlham Əliyev isə Türkiyənin “Haber Turk” telekanalında oktyabrın 14-də yayımlanan müsahibəsində deyib ki, müzakirə mövzusu olan baza prinsiplərində sülhməramlıların göndərilməsi ən son mərhələdə nəzərdə tutulur:

“Yəni, ilk növbədə, bayaq qeyd etdiyim məsələlər həll edilməlidir - torpaqların boşaldılması, məcburi köçkünlərin qaytarılması, sərhədlərin açılması, nəqliyyat və ticarət əlaqələrinin qurulması. Ondan sonra sülhməramlıların gətirilməsi də istisna deyil. Ancaq nəzərə alsaq ki, bu 30 illik müzakirə müddətində biz müsbət nəticəyə yaxınlaşmadıq və bu məsələ heç müzakirə də olunmayıb. Ona görə bu məsələ ilə bağlı hər hansı bir fərziyyə, istək ola bilər. Ancaq Azərbaycanın razılığı olmadan bu, mümkün deyil”.

Siyasi şərhçi Şahin Cəfərli isə deyir ki, İlham Əliyev sülhməramlı məsələsinin sonda həll olunacağını desə də, belə görünür ki, Lavrov sülhməramlıların yerləşdirilməsini əvvələ salmaq istəyir.

Bundan əvvəl, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya müraciət edərək, Minsk qrupu çərçivəsində bölgəyə sülhməramlıların yerləşdirilməsinin mümkün olduğunu bildirmişdi, Kremlin sözçüsü Peskov demişdi ki, bunun üçün hər iki tərəfin razılığı olmalıdır.

Qarabağa hansı sülhməramlılar yerləşdirə bilər?
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Rusiya sülhməramlıları girdikləri yerdən çıxmırlar

Avropa Siyasət Mərkəzi – European Policy Center-in baş analitiki Amanda Paul AzadlıqRadiosuna deyib ki, Rusiya bu münaqişədə nə Azərbaycanın, nə də Ermənistanın tərəfindədir. Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi elə regionda nəzarəti ələ almaqdır:

“Rusiyanın marağındadır ki, regionda sülh olsun. Çünki qeyri-sabitlik, regionda müharibə Rusiya üçün də pisdir. Amma bu da sirr deyil ki, Rusiya həmişə öz sülhməramlılarını yerləşdirmək istəyib. Çünki bu, Rusiyaya regionda daha çox nəzarət etmək və yerləşmək imkanı verərdi. İndiyə qədər Rusiya sülhməramlılarının yerləşdirilməsini heç bir tərəf istəmirdi, çünki bir qayda olaraq Rusiya sülhməramlıları hara girirlərsə, çıxmırlar. Beynəlxalq sülhməramlılar məsələsi getdikcə daha çox gündəmdə ola bilər”.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, oktyabrın 10-da Moskvada, Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə görüşündə əldə olunmuş atəşkəs razılaşmasına görə, rəsmi Bakı və Yerevan, əsas prinsiplər üzrə sülh danışıqlarına başlayırlar.

Tərəflər hələ ki, bir-birini atəşkəsə əməl etməməkdə ittiham edir. Bu razılaşmadan sonra Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayış binası gecə saatlarında raket atəşinə məruz qalıb, rəsmi məlumata görə, 10 mülki həlak olub, onlarla yaralı var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG