Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Rusiya rublun xilası üçün rekord məbləğdə pul buraxır


AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyanın Mərkəzi Bankı milli valyuta rublun dəstəklənməsi üçün rekord məbləğdə vəsait xərcləyib.

Mərkəzi Bank aprelin 22-də rublun məzənnəsinin saxlanması məqsədilə maliyyə bazarına 222 milyon dollar (16 milyard 800 milyon rubl) vəsait buraxıb.

Bu, yaz aylarında bu məqsədlə ayrılan məbləğlər arasında rekord rəqəmdir.

Bundan əvvəl aprelin 17-də və 20-də 2 milyard rubl daha az xərclənmişdi.

Buna baxmayaraq rubl bütün bu müddət ərzində məzənnəsini itirməkdə davam edib.

Aprelin 17-də Moskva birjasında 1 dollara 73 rubl 99 qəpik verilirdi. Bu rəqəm aprelin 20-də 75 rubl 77 qəpik, aprelin 21-də isə 76 rubla çatmışdı.

Rusiya rublunun son dövrlərdə zəifləməsinin başlıca səbəbi kəskin düşən neft qiymətləridir.

Aprelin 20-də ABŞ-ın WTI markalı neftinin bir barreli mənfi 40 dollara idi. Bu, tarixdə misilsiz hadisə hesab olunur.

Növbəti gün bazarda onsuz da Brent neftindən ucuz satılan Rusiyanın Urals neftinin qiyməti bir barrel üçün 7-9 dollara düşmüşdü.

Rusiya nefti son dəfə belə ucuz qiymətə 1998-ci ilin dekabrında satılmışdı. Neft qiymətlərinin düşməsi aprelin 22-də davam edib.

Peskov “gözləyək” deyir

Kremlin sözçüsü Dmitry Peskov aprelin 22-də vəziyyəti “asan olmayan” adlandırsa da, bildirib ki, situasiyanı bir günün, hətta bir həftənin deyil, daha uzun müddətin perspektivində qiymətləndirmək lazımdır.

“Rusiya əlavə neft anbarları hazırlamalıdırmı” sualına Peskov “gəlin OPEC+ razılaşmasının ilk nəticələrini gözləyək” cavabını verib.

Bu ayın əvvəllərində Rusiya da daxil OPEC+ ölkələri neft hasilatının rekord səviyyədə azaldılması barədə razılığa gəliblər. Bu razılaşmaya əsasən may və iyun aylarında hasilat günə 9.7 milyon barrel ixtisar edilməlidir.

O vaxt əksər neft ekspertləri neftə olan tələbatın rekord səviyyədə azalmasına görə neft qiymətlərinin xilasının yaxın perspektivdə mümkün olmayacağını demişdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG