Avropa İttifaqı bu ilin sonunadək Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsində iştirak etmiş Redut özəl hərbi şirkətinə sanksiyaların qoyulmasını planlaşdırır.
Bu barədə məlumatı “Sistema” və “Sxemı” təhqiqat layihələri veriblər.
Sanksiya siyahısının layihə mətnində deyilir ki, Redut Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini sarsıdan hərəkətlərə görə məsuliyyət daşıyır.
Bundan başqa layihə mətnində qeyd olunur ki, Redut şirkəti döyüşçülərinin Ukrayna prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdlərində əlləri olub.
25 minədək muzdlu
“Sistema” və “Sxemı” layihələrinin dekabrın 1-də açıqladıqları hesabatda iddia olunur ki, Redut əslində Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) geniş və sistemli ələalma şəbəkəsinin bir hissəsidir.
Bu da qeyd olunur ki, GRU-ya ən azı 20 hərbiləşdirilmiş struktur daxildir.
Hesabatda deyilir ki, bu sistemdə Rusiyanın rəsmi hərbi qeydiyyatında olmayan 7 mindən 25 minədək muzdlu var.
Könüllülər üçün müqavilələrin daha cəlbedici şərtləri mövcuddur. Onlara xidməti tərk etmək, pullarını nəqd şəklində almaq imkanı verilir. Onların yaralandıqları vaxt aldıqları müavinətlərin və öldükləri təqdirdə ailələrinə ödənən təzminatın məbləğləri böyükdür.
GRU generalı, keçmiş senator...
“Sistema” aşkar edib ki, Redutun bölmələrinə Baş Kəşfiyyat İdarəsi rəisinin müavini general-leytenant Vladimir Alekseyev, Tambov vilayətindən keçmiş senator Aleksey Kondratyev və Baş Qərargahın polkovniki Sergey Drozdov başçılıq edirlər.
Alekseyev artıq ABŞ-ın sanksiya siyahısına salınıb.
Hesabat müəllifləri şərh üçün Rusiya Müdafiə Nazirliyinə müraciət etsələr də hələ cavab almayıblar.
Kremlin sözçüsü Dmitri Peskov bu barədə sualları Telegram-da oxusa da, onlara cavab verməyib.
GRU rəisinin müavini Vladimir Alekseyev isə həmin məlumata “ürək” emojisi qoyub.