Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 02:59

'Azərbaycan iqtidarı üçün balanslaşdırılmış siyasət çətinə düşüb'


Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iyunun 23-də Azərbaycana səfəri gözlənir. Son günlər isə Azərbaycana ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald gəlmişdi. Bunun dərhal ardınca S.Lavrovun səfərinin gözləndiyinin açıqlanması təsadüfdürmü? S.Lavrov niyə gəlir?

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, bölgədə NATO-nun genişlənməsi prosesi gedir, böyük dövlətlər öz nüfuz dairəsini genişləndirirlər: "Lavrovun Türkiyəyə və Ermənistana səfərindən sonra Azərbaycana gəlməsi Rusiyanın Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamaq istəyindən irəli gəlir".

"Avropa İttifaqı və ABŞ istifadə edir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna xatırladıb ki, S.Lavrov bugünlərdə Yerevana getmişdi və balansı pozmamaq üçün Bakıya da gəlməlidir. Eyni zamanda, o hesab edir ki, Moskva son vaxtlar Avropa İttifaqının və ABŞ-ın Cənubi Qafqazda fəallaşmasından narahatdır: "Moskvanın başı Ukraynada qarışıb, orada işğalçı müharibə aparır, diplomatiya resurslarını orada xərcləyir və digər istiqamətlər nəzarətindən qaçıb. Bunlardan da yaxşı mənada Avropa İttifaqı və ABŞ istifadə edir".

E.Şahinoğlu
E.Şahinoğlu

O deyir ki, son dörd ayda Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edən avropalı və amerikalı diplomatların sayı Rusiyadan gələn diplomatların sayından çoxdur: "Az qala hər həftə İlham Əliyev Avropadan və Amerikadan gələn bir heyəti qəbul edir. Rusiya onun dalınca çatdıra bilmir".

"Cənubi Qafqaz artıq Rusiyanın arxa bağçası deyil"

Onun fikrincə bu ondan xəbər verir ki, Cənubi Qafqaz, yaxın keçmişdə olduğu kimi, artıq Rusiyanın arxa bağçası deyil: "İkinci Qarabağ müharibəsindən sonra burada Türkiyə möhkəmləndi. Rusiya da bunda maraqlı ola bilməz. Amma ABŞ-ın və Avropa dövlətlərin bölgədə yerləşməsini Rusiya bundan da çox qısqanclıqla qarşılayır".

Siyasi şərhçisi qeyd edib ki, bölgədə artıq Rusiyadan başqa digər üç oyunçu var – Türkiyə, Amerika və Avropa İttifaqı: "Azərbaycan prezidenti və Ermənistan baş naziri əsas görüşləri Brüsseldə keçirir, əsas razılaşmalar da orada olub. Bu da Moskvanı qıcıqlandırır. Ona görə də Lavrov Bakıya gələcək. Amma onun Bakıdakı görüşlərindən müsbət nəticə çıxacağını gözləməyə dəyməz".

A.Qasımlı
A.Qasımlı

"Cənubi Qafqaz bölgəsini Qərbə buraxmaq istəmir"

Siyasi şərhçisi Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, Ukraynada gedən müharibə ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda aktivliyinə gətirib çıxartdı: "Dövlət katibi Blinkenin tez-tez İlham Əliyevə zəng etməsi, onunla regionda gedən prosesləri ətrafında fikir mübadiləsi aparması deməyə əsas verir ki, ABŞ bizim bölgədə aktiv siyasətə başlayıb".

Onun fikrincə, belə olan təqdirdə Azərbaycan iqtidarı üçün əvvəlki balanslaşdırılmış siyasəti həyata keçirmək olduqca çətinə düşüb: "Rusiya da, təbii ki, bunu anlayır. O, Cənubi Qafqaz bölgəsini Qərbə buraxmaq istəmir. Sözsüz ki, ABŞ diplomatlarının Azərbaycana tez-tez səfərləri Rusiyanı narahat etməyə bilməz. Lavrovun gəlişi məhz bununla bağlıdır ki, İlham Əliyevə bir daha diplomatik dildə xəbərdarlıq ediləcək".

Politoloq qeyd edib ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan uğrunda ciddi mübarizə başlayır.

XS
SM
MD
LG