Moskvada keçirilən xüsusi sərgidə prezident Vladimir Putin-i ən əcaib obrazlarda görə bilərsiniz: Putin səlibçi görkəmində, Putin xokkey çempionatının qalibi olur, Putin bəbiri sığallayır, Putin orta əsrlərə xas yaraq-əsləhədə, əlində Rusiya bayrağı, özü də ayının belində.
«Newsweek» yazır ki, «Super Putin» adlanan sərginin kuratoru 22-yaşlı model, fəal və Moskva Dövlət Universitetinin tələbəsi Yulia Dyuzheva-dır. «Super Putin» sərgisi Putin-in növbəti dəfə prezidentliyə namizədliyini elan etdiyi 6 dekabrda açılıb. Onun bu seçkidə qalib gələrək Rusiyanı növbəti 6 ildə də idarə edəcəyinə heç kəs şübhə etmir. Yalnız sovet diktatoru Josef Stalin Putin-dən daha uzun müddət hakimiyyətdə olub.
«Vladimir Putin gözəl nəticələr göstərmiş böyük liderdir. Biz ona minnətdar olmalıyıq», – Dyuzheva deyir.
Dərgi yazır ki, rusların çoxu Putin-ə minnətdardır. Bəzi insanlar, xüsusən də ölkənin iki ən böyük şəhəri - Moskva və Sankt-Peterburqun zəngin sakinləri üçün həyat heç vaxt indikindən gözəl olmayıb. Rusiya bütün dünyada milyonçuların sayının ən sürətlə artdığı ölkədir. «Forbes» jurnalına görə, Moskvada 73 milyarder yaşayır. Hazırda Rusiyada orta ömür uzunluğu 71 yaşdır və bu göstərici Putin-in ilk dəfə prezident seçildiyi 2000-ci ildən bəri 6 il artıb. Putin hərbi xərcləri də artırıb.
Aya 170 dollar
Ancaq həyat rusiyalıların xeyli hissəsinin üzünə hələ də gülməyib. 20 milyonadək insanın, yəni ölkə əhalisinin 14%-ə qədərinin aylıq gəliri 170 dollardır. Artıq ard-arda dörd ildir ki, real gəlirlər azalır. 3 minədək ibtidai və orta məktəbin ayaqyolusu yoxdur. Bura Sibirin ucqar yerlərindəki məktəblər də daxildir.
Rusiya sərvətin qeyri-bərabər paylanmasına görə dünyada ilk yerlərdən birini tutur. Moskvada yerləşən Qaydar adına İqtisadi Siyasət İnstitutunun məlumatına görə, təkcə hökumət podratçılarının adı hallanan korrupsiya ölkəyə ildə 35 milyard dollara başa gəlir. 2010-cu ildə hazırkı baş nazir Dmitry Medvedev bu rəqəmin 33 milyard dollar, yəni Rusiya ÜDM-sinin 3%-i qədər olduğunu demişdi.
Bununla yanaşı, Putin tənqidi səsləri qəddarlıqla boğur və potensial rəqiblərini gözdən salmaq üçün mürəkkəb sistem yaradır. Eyni zamanda? Putin-ə yaxın adamların sərvəti və gücü günü-gündən artır.
Ancaq bütün bunlar Dyuzheva-nı narahat etmir. O deyir ki, Rusiyada gənclər Putin-i müasir qəhrəman kimi görürlər. Həm hökumət, həm də müstəqil araşdırma mərkəzlərinin keçirdiyi sorğulara görə, ölkədə çoxluq onun bu rəğbətini paylaşır. 2014-cü ildə Kremlin Ukrayna ərazisi olan Krımı ilhaq etməsindən sonra keçirilən sorğularda rəyi soruşulanların 80%-dən çoxu Putin-i prezident kimi bəyəndiyini bildirmişdi.
Ziddiyyətli olsa da, müstəqil «Levada» Mərkəzinin keçirdiyi sorğuya görə, rusiyalıların 50%-i ölkənin yanlış istiqamətdə hərəkət etdiyi qənaətindədir. Özü də bu göstərici son illər dəyişməyib.
«Putin, kömək et!»
Bəs bu məntiqsizlik nədən qaynaqlanır? Təhlilçilər deyirlər ki, Putin texniki olaraq dövlət başçısı olsa da, rusiyalıların çoxu onu ölkənin uğursuzluqları ilə assosiasiya etmirlər.
«Putin yalnız yaxşı və çox zaman gözlə görünməyən şeylərə görə cavabdehdir. Ancaq insanlardan ölkələri və onun inkişafı haqda soruşanda onlar bunu hökumət, qubernator, mer, maaşlar, gəlirlər və s. ilə bağlayırlar», – rusiyalı jurnalist, Vaşinqtonda fəaliyyət göstərən Kennan İnstitutunun «The Russia File» bloqunun redaktoru Maksim Trudolyubov deyir.
Bu mənzərəni vətəndaşların yaydığı çoxsaylı videomüraciətlərdə də müşahidə etmək olar. Adi vətəndaşlar prezidentin onların problemlərini həll etməsini istəyirlər. Şikayətçilər çox zaman «Putin, kömək et!» kimi şüarlar tutur və ya səsləndirirlər. Özü də onlar Putin-ə çox vaxt «siz» yox, «sən» deyə xitab edirlər. Bir növ Allaha və ya çara xitab etdikləri kimi.
Putin-in hər il xalqla televiziya vasitəsilə canlı ünsiyyəti də onu rusiyalıların problemlərini tez zamanda həll edə bilən ata kimi qələmə verir. «Xalqla söhbət» kimi tanınan bu proqram zamanı Putin canlı yayımda öz məmurlarını tənbeh edir və onlara zəng vuran vətəndaşların evlərini təmir etmək, ucqar yerlərə qaz çəkmək tapşırığı verir. Bir dəfə o, yoxsul ailədən olan balaca bir qıza paltar hədiyyə etmiş, onu Kremldə keçirilən Yeni il şənliyinə dəvət etmişdi.
Bəzi rusiyalılar üçün Putin hər şey deməkdir. Rusiya parlamentinin spikeri Vyacheslav Volodin-in təbirincə desək, «Putin olmasa, Rusiya da yoxdur».