Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Rusiyalı politoloq Putinin çıxışı barədə: 'Bu vətəndaşlarla yox, təbəələrlə söhbət idi'


Vladimir Putin
Vladimir Putin

Rusiyada dövlətin nəzarətində olan bütün telekanallar və başqa media vasitələri Vladimir Putinin fevralın 20-də Federasiya Şurasında söylədiyi nitqi təhlil və tərif etməkdədirlər, lakin azsaylı müstəqil internet portalları prezidentin çıxışına başqa bucaqdan baxırlar.

Populyar internet saytı snob.ru tanınmış müstəqil ekspertlərin bu çıxışa dair qısa təhlillərini dərc edib.

Müstəqil politoloq Ilya Milshtein bildirir: “Ümumi təəssürat belədir: Ötənlki çıxışın “layt” (daha yumşaq) rejimdə təkrarı. Daha doğrusu, multfilmlərsiz və vətənpərvər şivənsiz. Çıxışın başlıca məqsədi: Reytinq uğrunda mübarizə. Çıxışın birinci hissəsi çox sayda mövcud olmayan “yağlı kökələrin” paylanması idi. İkinci hissədə isə Qərblə münasibətlərin yaxşılaşacağına ümid (bizim dərin xalq hər halda soyuq müharibədən yorulub və Putin bunu hiss edir) ifadə olunurdu. Amma Kremlin şərtləri ilə. Bir sözlə üslüba edilmiş kiçik korrektədən başqa yeni heç nə”.

Ilya Milshtein
Ilya Milshtein

Sosioloq Ella Paneyakh hesab edir ki, Putinin çıxışında qarşıdurma tonu xeyli azalıb və o ABŞ-la danışıqlara çağırış edib.

Paneyakh da hesab edir ki, bu nitq daha çox daxili auditoriyaya yönəlmişdi:

“Görünür, bütün dünya ilə soyuq müharibəni udmağın mümkünsüzlüyü dərk edilib”.

İqtisadçı Maksim Blantın fikrincə prezidentin çıxışında sosial məsələlər ona görə çox idi ki, onun reytinqi kəskin düşür:

“Əhalinin real gəlirləri düşür, adamlar borca girirlər. Bu səbəbdən də narazılıqları hamarlamaq üçün bəzi təşəbbüslərlə çıxış etmək tələb olunurdu. Uşaqlı ailələrə yardım, pensiyaçılara maliyyə dəstəyi və sair. Bütün bunlar milyardlarla rubl deməkdir. Nəzərə almaq lazımdır ki, Putinin çıxışının ikinci hissəsində haqqında danışdığı meqalayihələrə artıq trilyonlarla rubl lazım gələcək”.

Maksim Blant
Maksim Blant

İqtisadçı hesab edir ki, bu səbəbdən də vədlər reallığa uyğun gəlmir. Blant bildirib ki, indi Rusiya əhalisini xarici siyasət faktorları az narahat edir:

“Adamlar mühasirəyə alınmış “qalada” yaşamaqdan beziblər. Ötən zamanlar gur xarici siyasət bəyanatları indi adamlarda qıcıq yaradır”.

Jurnalist Konstantin Eggert deyir ki, “büdcə pullarının saga-sola xərclənməsi barədə vədlər son yarım ildə prezidentin düşən reytinqi ilə birbaşa bağlıdır”.

O bildirir ki, hakimiyyət əsas problemlərə - qeyri-səmərəli dövlət sektoruna, korrupsiyaya və “xarici siyasətdə təcridolunmaya” toxunmadan “Putin çoxluğuna” loyallığı qoruyub saxlamağa çalışır.

Konstantin Eggert
Konstantin Eggert

Eggertin təəssüratına görə bu, “vətəndaşlarla yox, təbəələrlə söhbət” idi.

İlya Milshtein Putinin bu çıxşında işlətdiyi sırf rus sözünə diqqəti çəkib: “podxryukivaniye”.

Söz başqa dillərə “donuz xortultusu ilə razılıq bildirmək” kimi tərcümə oluna bilər.

Putin demişdi ki, “müttəfiqləri Amerika ilə donuz xortultusu çıxararaq razılıq bildirirlər”.

O ABŞ-ın ortamənzilli raketlərə dair müqavilədən çıxmasının müttəfiqlər tərəfindən dəstəklənməsinə işarə edirdi.

Milshteyn bildirir ki, “bu təzə bir memdir və zal əvvəlcədən gözlənildiyi kimi Putinlə elə o sayaq razılaşırdı”, halbuki Putin haqlı deyildi:

“Avropa ümumən ən yeni silahlanma yarışına xoş yanaşmır və nə Putini, nə də Trump-ı təqdir edir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG