Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 04:47

Müəllim yavan çörəklə yaşamağı sınayır


29 yaşlı müəllim Dara Goldberg

2016-cı ildə, Rusiyanın baş naziri Dmitry Medvedev-in ilhaq olunmuş Ukrayna ərazisi olan Krıma səfəri zamanı bir dəstə qəzəbli təqaüdçü onu dövrəyə almış, inflyasiyadan və təqaüdlərinin aşağı olmasından şikayətlənmişdilər. Baş nazir çox düşünmədən belə cavab vermişdi:

«Pul yoxdur. Siz möhkəm durun. Uğurlar! Özünüzə yaxşı baxın!».

AYA 158 DOLLARLA YAŞAMAQ

Bu yaz Başqırdıstanın Sterlitamak şəhərində yaşayan 29 yaşlı müəllim Dara Goldberg insanların, baş nazirin təbirincə desək, minimal rəsmi pensiya ilə, yəni ayda 9 min 142 rublla (158 dollar) necə «möhkəm dayandığını» öyrənmək qərarına gəlib. Martın sonunda gənc müəllim altı aylıq eksperimentə başlayıb. Bu müddət ərzində o, hər ay yalnız göstərilən məbləği və kənarda qazana bildiyi pulu xərcləyib. O, apardığı təcrübəni öz YouTube kanalında yerləşdirib:

«Məqsəd insanları bu problem haqda ciddi düşünməyə məcbur etməkdir. Dövlət hesab edir ki, insanlar bu məbləğə bütöv bir ay yaşaya bilməlidirlər. Ancaq əslində, bu məbləğin ərzaq və xidmətlərin real qiymətləri ilə heç bir əlaqəsi yoxdur. Qiymətləri endirmək qeyri-realdır. Bu o deməkdir ki, yaşayış minimumu qaldırılmalıdır. Özü də bu haqda daim danışmalıyıq ki, leviafan bizi eşitsin».

Rusiya hökuməti yaşayış minimumunu ciddi düsturla hesablayır. Hər il vətəndaş 100 kilo kartof, 126.5 kilo çörək, makaron və dən, 60 kilo meyvə, 58 kilo ət, 210 yumurta və s. ilə həyatda qalmalıdır. Bundan başqa, minimuma qeyri-qida məhsulları da daxildir. Hökumətə görə, təqaüdçü bu məhsul və xidmətlərə ərzağa xərclədiyi məbləğin yarısı qədər pul xərcləməlidir. Kommunal xərclərin ödənilməsi üçün də təxminən eyni məbləğdə vəsait tələb olunur.

Rusiyalı pensioner
Rusiyalı pensioner

200 RUBL AZALDILAN YAŞAYIŞ MİNİMUMU

Dövlət insanları üç kateqoriyaya ayıraraq pensiyaların həcmini bu amilə görə müəyyən edir. Ən böyük pensiyanı təqaüd yaşına çatmayanlar alırlar. İkinci yerdə uşaqlar, ən sonda isə təqaüdçülər gəlir. Dövlət pensiyaları həm də regionlara görə indeksləşdirir.

2016-cı ilin martında hökumət aylıq yaşayış minimumunu 200 rubl (3.40 dollar) azaldıb. Müstəqil Sosial Siyasət İnstitutundan iqtisadçı Natalya Zubarevich bunu dövlətin sosial güzəştlərə yönəlmiş xərclərinin azaldılması cəhdi kimi qiymətləndirib.

«Sosial güzəştləri azaltmaq siyasi cəhətdən qəbulolunmazdır. Buna görə də onlar hiyləgər bir fənd tapıblar – yaşayış minimumunu azaldırlar ki, daha az sayda insan yoxsulluq həddindən aşağı görünsün. Yəni, güzəştlər eyni qalacaq, amma daha az insan o güzəştləri ala biləcək», – Zubarevich «Deutsche Welle»yə deyib.

Başqa bir iqtisadçı isə «Deutsche Welle»yə deyib ki, dövlətin müəyyən etdiyi yaşayış minimumu reallıqda olmalı olan göstəricidən azı iki dəfə azdır.

Əmək Nazirliyinin rəsmi statistikasına görə, 2016-cı ildə yoxsulluq həddindən aşağı yaşayan rusiyalıların sayı 19 milyon olub. Bu isə öncəki ildən 3 milyon nəfər çoxdur.

Rusiyada pensiyaçı olmaq: 'uşaqlar yardım etməsə yaşaya bilmərik'
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

«YEMƏK ALA BİLMƏK ÜÇÜN İŞLƏYİRSƏN»

Dara Goldberg etiraf edir ki, məhdud zaman ərzində belə bir eksperiment aparan sağlam, subay adam bu miskin məbləğə yaşamağa məhkum insanların çəkdiklərini tam hiss edə bilməz. Bundan başqa, o, eksperiment zamanı dost-tanışdan ianələr alıb və yemək dəvətlərini minnətdarlıqla qəbul edib. O, hətta belə ianələri toplamaq üçün öz sosial media hesablarından yararlanıb.

Ancaq Dara bu təcrübədən çox şey öyrəndiyini deyir. O, özünü «yoxsulların düşüncə tərzi»nə uyğunlaşdıra bildiyini deyir:

«Bu zaman sən davamlı olaraq pula necə qənaət edəcəyini düşünürsən».

«Sən hazırkı hökumət üçün ideal vətəndaş olduğunu anlayırsan. İşə gedirsən, bir az yeyirsən, yatırsan, vəssalam. Heç bir fəaliyyətin olmur. Heç bir əyləncən olmur. Hər hansı mədəni və ya intellektual komponent sənin həyatından yoxa çıxır. Bunlarsız həyat çox ağırdır. Əslində, sən, bir növ, davamlı olaraq yetərincə yemək ala bilmək üçün işləyirsən. Bu, ən ağır psixoloji məqamdır. Ən qorxulusu isə odur ki, sən buna öyrəşirsən. Bir müddətdən sonra daha çoxunu istəmirsən də», - deyə rusiyalı müəllim əlavə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG