Keçid linkləri

2026, 01 Oktyabr, cümə axşamı, Bakı vaxtı 12:57

Rusiya və daha 5 ölkə 'terrorçu' siyahılarını paylaşacaq

Rusiya Baş Prokurorluğu
Rusiya Baş Prokurorluğu

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın baş prokurorları terrorçuluq və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Bu barədə RBK məlumat yayıb.

Saziş bu ölkələrdə terrorçu və ya ekstremist kimi tanınan təşkilatlar və şəxslər barədə operativ məlumat mübadiləsini nəzərdə tutur. Həmçinin tərəflər dövlətlərin suverenliyini pozmağa yönələn cəhdlər və ya mümkün terror hücumları barədə bir-birini məlumatlandırmağa razılaşıblar.

İmzalanmış sənədə əsasən, tərəflər xarici terrorçular, öz mənşə ölkələrinə qayıdan silahlılar, onların ailə üzvləri, o cümlədən insan, silah və narkotik alverçiləri, eləcə də qanunsuz miqrasiya təşkilatçıları barədə bir-birinə məlumat ötürəcəklər.

"CurrentTime" xatırladır ki, Rusiyada ekstremizm və terrorçuluqla bağlı maddələrdən siyasi təqib aləti kimi də istifadə olunur. Məsələn, Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu həm "ekstremist", həm də "terrorçu" təşkilat kimi tanınıb. Bundan əlavə, Rusiyada faktiki mövcud olmayan "Beynəlxalq LGBT hərəkatı" və "Beynəlxalq satanizm hərəkatı" da "ekstremist" elan edilib.

"Mediazona"nın hesablamalarına görə, 2026-cı ilin yazında Korrupsiyaya Qarşı Mübarizə Fonduna ianə etdiklərinə görə "ekstremizmin maliyyələşdirilməsi" ittihamı ilə Rusiyanın 64 regionunda azı 225 cinayət işi açılıb.

2026-cı ilin ilk altı ayında Rusiyada terrorçuluq maddələri üzrə məhkum edilənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Təkcə yarım il ərzində azı 1 min 234 nəfər barəsində məhkumetmə qərarı çıxarılıb.

​
XS
SM
MD
LG