Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:36

'Sovet layihəsi Rusiyadan çox Qərbə fayda verib'


Moskvada kommunistlərin 7 noyabr yürüşü. 2013
Moskvada kommunistlərin 7 noyabr yürüşü. 2013

Rusiyada bolşevik inqilabından 100 il ötdü. Ancaq bolşeviklərin şüarları bu gün də aktualdır. Bir publisistin diliylə desək, «inqilabdan 100 il ötsə də, ona dəqiq qiymət vermək hələ tezdir».

Rusiyadakı «Sol cəbhə»nin lideri Sergey Udaltsov bu tarixi hadisəylə bağlı düşüncələrini CurrentTime.TV ilə paylaşıb:

«Həqiqətən də, 1917-ci il inqilabı tarixin gedişatını dəyişdirib. İstər Rusiya və sonradan SSRİ, istərsə də bütün dünya tamamilə başqa cür inkişaf etməyə başladı. Əlbəttə, bu, ...böyük, qlobal və epoxal hadisə idi.

DƏYİŞİKLİK TƏLƏBATI

İlk öncə, o zaman Rusiyada dəyişikliyə tələbat böyük idi, insanlar çar rejimindən, müvəqqəti hökumətdən yorulmuşdular. Hökumət torpaq məsələsini, müharibəni bitirməyi, əsl xalq hakimiyyəti, siyasi hüquq və azadlıqlar, proletarların hüquqlarının müdafiəsi məsələlərini – bunların heç birini həll edə bilmirdi. Ona görə də siyasi səhnədə bolşeviklərin peyda olması qətiyyən təsadüfi deyildi.

İkincisi də, hələ oktyabr hadisələrindən bir ay öncə Lenin partiyadaşlarını partiyadan gedəcəyi ilə şantaj edirdi. O deyirdi ki, üsyanı ertələmədən məhz indi eləmək lazımdır... O zaman o bu məşhur ifadəsini işlətmişdi: «Dünən çox tez idi, sabah çox gec olacaq. İndi hərəkət etmək lazımdır!». Yəni burada, bəlkə də yaxşı mənada, avantüra elementi var idi... Siyasi lider kimi bolşeviklər maksimum effektiv hərəkət etdilər. Tarixdə belə örnəklər azdır.

Ölkəyə xeyri məsələsinə gəlincə isə, 1917-ci ildə digər solçu partiyaların vədlərinə də baxmalıyıq. Bolşeviklərin şüar və tələbləri o zaman üçün proqressiv idi və xalq tərəfindən dəstəklənirdi. Məhz buna görə də bu hökumət müdaxiləyə və vətəndaş müharibəsinə rəğmən, hakimiyyətdə qala bildi. Əhalinin çoxluğunun dəstəyi olmadan hakimiyyəti saxlamaq mümkün deyil. Bu mənada, baş verənlər o dövrdə ölkənin xeyrinə idi.

Yüz il əvvəlin Bolşevik inqilabı
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

PROQNOZLAŞDIRMAQ ÇƏTİN İDİ

Ancaq təbii ki, bu hərəkatın baniləri, birinci dalğa bolşeviklər sonrakı proseslərin gedişatını, ümid etdikləri dünya inqilabının baş tutmayacağını görə bilmədilər. Sosialist dəyişikliklərinin bütün dünyanı cənginə alacağına, inkişaf etmiş ölkələrdə baş verəcəyinə və bu ölkələrin Rusiya ilə əməkdaşlıq edəcəyinə dair gözləntilər vardı. Onlar Rusiyanın inkişafına dəstək olacaq, beləliklə də Rusiya feodal quruluşdan postkapitalizmə sıçrayış edə biləcəkdi. Ancaq reallıqda bu baş vermədi.

Qərb dünyasının aqressiv davranışı, intervensiya, «bəyaz hərəkat»a açıq dəstək – bütün bunları əvvəldən proqnozlaşdırmaq çətin idi. Bu, sovet layihəsinin inkişafında nəhəng iz buraxdı. Çünki o, elə ilk günlərdən ən çətin vəziyyətdə, bütün dünya ilə qarşıdurma vəziyyətində qaldı. Planlı təkamül yoluyla inkişaf əvəzinə dərhal səfərbər olunmuş format işə düşdü. Bu isə çox baha başa gəldi. Təəssüf ki, zorakılıq və qansız ötüşmək mümkün olmadı. İnqilabdan sonrakı ilk aylarda vəziyyət nisbətən sakit idi və minimum qurban vardı. Bu, ən qansız inqilablardan biri idi. Ancaq artıq 1918-ci ilin yazından başlayaraq maşın işə düşdü.

Sonradan baş verənlər – Stalin dövrü, faşist aqressiyası – bütün bunları o zaman görmək mümkün deyildi. O qədər hadisə baş verdi ki, hər şeyə görə məsuliyyəti bolşeviklərin üzərinə qoymaq ciddi və düzgün deyil. Bu adamların mütərəqqi amalları vardı. Həmin vaxt bütün bunlar insanların xeyrinə idi, çünki başqa heç kəs bu məsələləri həll edə bilmirdi. İnsanlarsa gözləyirdilər. Bu amansız üsyan müəyyən məcraya yönəlmişdi.

QƏRBƏ TƏKLİF

Dünya sivilizasiyasının inkişafı baxımından sovet layihəsi, nə qədər təzadlı olsa da, Rusiyadan çox Qərbə fayda verib. Bəlkə də biz 1991-ci ildə hər şey dağılanda uduzduq, ancaq Qərb dünyası sovet layihəsinin inkişafını izləyərək bizdən çox şey öyrənib, ən yaxşı şeyləri götürüb... Bəzən zarafatla deyirəm: Qərb proletarları və zəhmətkeşləri Rusiyanın xeyrinə xüsusi fond yaradaraq, hər maaşlarından və sosial güzəştlərindən müəyyən faizi ora yatırmalıdırlar. Çünki əslində onların inkişafında Rusiya və sovet layihəsinin rolu son dərəcə böyükdür.

...Bu gün bizdə hələ də «insan insanın canavarıdır» prinsipi əsas götürülür. Sovet layihəsinin gücü nədə idi? Təkcə Rusiyaya yox, bütün dünyaya bu canavar yarışının yerinə fərqli dəyərlər təklif edilirdi. «Yoldaşlıq» sözünə baxın. Bizim indi bu böyük mənanı müvəqqəti hisslərə qurban verməyimiz tamamilə yanlışdır. Pul, qazanc dalınca qaçmaq, bu heç zaman bitməyən prosesin əvəzinə altruizm, güclünün zəifə kömək etməsi. Hesab edirəm ki, bu şeylərin həyatımızdan getməsi tamamilə yanlışdır.

Bunları qaytarmaq üçün əlimizdən gələni etməliyik. Məhz o zaman Rusiya dünyaya müəyyən bir alternativ təklif edə biləcək. Daha hökumətimizin etdiyi kimi, hansısa patriarxal dəyərlər qondarmayacaq. Daim geriyə baxmaqla heç nə əldə etməyəcəyik. Ancaq bu gün biz perspektivli, tələb olunan dəyərləri nəfsimizə qurban vermişik...».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG