Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Rusiya müxalifətçilərinin 'narkotik' problemi


Hər il 100 minədək adam 228-ci maddə ilə ittiham olunur.
Hər il 100 minədək adam 228-ci maddə ilə ittiham olunur.

Ötən həftə rusiyalı araşdırmaçı-jurnalist Ivan Golunov-a qarşı narkotik ittihamı ilə başlanmış cinayət işinə xitam verildi. Polis ona qarşı hər hansı dəlilin mövcud olmadığını etiraf etdi.

Ancaq bu, Rusiya CM-nin məşhur 228-ci maddəsi üzrə qaldırılan cinayət işləri arasında istisnadır. Hər il 100 minədək adam bu maddə ilə ittiham olunur. İctimai fəallar bu maddənin hökumətin siyasi opponentlərə, vətəndaş cəmiyyəti fəallarına və narahatlıq doğuran jurnalistlərə qarşı mübarizədə sevimli silahı olduğunu deyirlər.

Balıq tutmağa gedəndə polis saxlayıb

Bu işlərin çoxunda narkotiklərin həbs olunan şəxsin cibinə, evinə və s. qəsdən yerləşdirildiyini iddia etməyə əsas verən prosedur pozuntuları olur. Ancaq hətta bu, rusiyalı hakimlərin onlara ciddi həbs cəzaları kəsməsinə mane olmur.

Ötən illərdə Rusiyada CM-nin 228-ci maddəsi ilə qaldırılmış ən səs-küylü cinayət işlərinə qısa nəzər salaq:

Martin Kochesoko
Martin Kochesoko

Martin Kochesoko Kabarda-Balkar Respublikasında fəaliyyət göstərən «Xabze» qeyri-hökumət təşkilatının lideridir. O, iyunun 8-də narkotik maddələrin əldə edilməsi və saxlanması ittihamı ilə həbs olunub.

Yerli media Kochesoko və dostunun balıq tutmağa gedərkən polis tərəfindən saxlandığını bildirir. Polis maşında axtarış apararaq narkotik tapıb. Kochesoko-nun dostu buraxılıb, ancaq özü həbs edilərək Nalçikdəki həbsxanaya aparılıb. Həmkarları hökumətin təcridxanada ona təzyiq edərək bu saxta ittihamı boynuna aldırmağa çalışdığını deyirlər.

Kochesoko Rusiyada yerli dillərin tədrisi ilə bağlı qanunları tənqid edib və Rusiya Xalqlarının Demokratik Konqresində iştirak edib. 2 mindən çox adam respublika prokuroruna ünvanlanmış petisiyanı imzalayaraq Kochesoko-ya azadlıq tələb edib.

Oyub Titiyev
Oyub Titiyev

Titiyev də buraxılıb

Oyub Titiyev tanınmış «Memorial» insan hüquqları mərkəzinin Qroznı ofisinin direktorudur. «Memorial» Çeçenistanda hələ fəaliyyət göstərə bilən çox az sayda insan hüquqları təşkilatlarından biridir. Qalan qurumların hamısı bağlanıb.

2018-ci ilin yanvarında polis işə gedən Titiyev-in maşınını saxlayaraq axtarış aparıb və ön sərnişin oturacağının altında bir paket marixuana tapdığını iddia edib. Vəkillər Titiyev-in işi aparılarkən çox sayda pozuntular qeydə alıblar. Hökumət vəkillərin Titiyev-in həbsi və istintaqı zamanı kameraların çəkdiyi videolara baxmağa imkan vermir. Polis Titiyev-in saxlandığı ərazidə nəzarət kameralarının heç birinin işləmədiyini deyir.

Titiyev ittihamı rədd edərək polisin narkotiki qəsdən yerləşdirdiyini deyir. İstintaq onun ittihamlarına baxmaqdan imtina edir.

2019-cu ilin martında, təcridxanada 16 ay keçirəndən sonra 61 yaşlı Titiyev-ə 4 illik həbs cəzası kəsilib. İyunun 10-u isə hökumət Titiyev-i vaxtından əvvəl azad edib.

Nikolai Yarst
Nikolai Yarst

İşə xitam verilib, sonra yenidən açılıb

Nikolai Yarst Soçidə fəaliyyət göstərən Rusiya İctimai Televiziyasının jurnalistidir. 2013-cü ildə o, Soçidə uşaqların trafikinqi ilə məşğul olan iri korrupsiya şəbəkəsinin işini araşdıran zaman polis onun maşınında narkotik tapdığını iddia edib. Jurnalistin araşdırmasında sözügedən şəbəkədə mer, hakimlər və yerli polis rəsmilərinin də olduğu deyilirdi.

O və komandasının digər üzvləri İstintaq Komitəsinin yerli şöbəsinin üzvlərindən müsahibə almağa gedərkən yolda saxlanıblar. Polis axtarış apararaq maşında 2.94 qram narkotik tapdığını iddia edib. Sonradan müstəntiqlər Yarsın arxa cibində 0.01 qram eyni narkotikdən tapdıqlarını və bu cüzi miqdarda maddənin yoxlama zamanı məhv edildiyini deyiblər.

Yarst məhkəməsini gözləyərkən 10 ay ev dustaqlığında qalıb, ancaq onun işinə qəfildən xitam verilib. O, işinə 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarına görə xitam verildiyini düşünür. Həmin vaxt Rusiya rəsmiləri hər hansı qalmaqallardan yan keçməyə çalışırdılar.

Yarst azad olunduqdan sonra Moskvaya gedib. Burada insan hüquqları vəkili ona cinayət işinin yenidən açıldığını deyib. 2015-ci ildə Yarst ABŞ-dan siyasi sığınacaq istəmək qərarına gəlib.

Bu qəbildən olan işlər arasında siyasi fəallar Sergei Reznikov, Taisia Osipova, Mikhail Savostin, çeçenistanlı jurnalist Zhalaudi Geriyev və ictimai fəal Ruslan Kutayev-in işləri də var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG