Belarus prezidenti Aleksandr Lukashenka Rusiyadan ötürülən çirkli neftə görə ölkəsinə 100 milyonlarla dollar ziyan dəydiyini deyir.
Bu barədə mayın 11-də "Belta" agentliyi xəbər verir.
Lukashenko deyib ki, dəymiş ziyanın dəqiq məbləği, “Polotsk” neftayırma zavodundakı avadanlıqlara dəymiş zərərin dərəcəsi öyrənildikdən sonra bəlli olacaq.
Lukashenko ümid edir ki, Rusiya mütəxəssislərin təyin etdiyi məbləğə görə mübahisə etməyəcək.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin də bundan əvvəl etiraf edib ki, keyfiyyətsz neft ötürülməsi Rusiya və onun imicinə ziyan vurub.
Belarusun “Belneftexim” şirkəti keyfiyyətsiz neft alması barədə hələ aprelin 19-da məlumat yayıb.
Çirkli neftə görə, Ukrayna və Avropaya tranzit yolla neft ötürülməsi də dayandırılıb.
Rusiyanın energetika nazirliyi etiraf edib ki, neft dixloretanla cirklənib.
Çirkli neftin ümumi həcminin 4-5 milyon ton civarında olduğu bildirilir.
“Transneft” şirkəti bəyan edib ki, bu qəsdən edilib.Faktla bağlı cinayət işi açılıb və artıq 4 nəfərin saxlandığı bildirilir.
Onlar şirkətin rəhbərləridir. Məlumata görə həmin şəxslər Samara vilayətindəki xətlərdən birinə çirkli yanacaq buraxıblar.
Belarus mayın əvvəllərində təmiz neft almağa başlasa da tranzit hələ ki, bərpa olunmayıb.