Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Rusiya Krımın işğalını necə boynuna aldı


Krımda Rusiya hərbçiləri Ukrayna hərbi bazasını ələ keçirirlər. 20 mart 2014
Krımda Rusiya hərbçiləri Ukrayna hərbi bazasını ələ keçirirlər. 20 mart 2014

Carl Schreck

2014-cü il, fevralın 27-də, səhərin qaranlığında üzərində heç bir nişan olmayan yaşıl forma geymiş, təpədən-dırnağa silahlanmış adamlar Ukraynanın Krım yarımadasının paytaxtı Simferopolda parlamentə hücum etdilər. Onlar parlament binasının üzərinə Rusiya bayrağı sancdılar.

Ertəsi gün binanın ətrafında Rusiyanın əleyhdarları ilə tərəfdarlarının toqquşması baş verdi. Ukraynanın kremlyönlü prezidenti Viktor Yanukovych artıq bir neçə gün idi ki, ölkəni tərk etmişdi. İndi yarımadanın gələcək taleyi həll olunurdu və bu, hələ hər şeyin başlanğıcı idi.

Rusiyayönlü fəallar Krım parlamenti yaxınlığında tatar etirazçıları sıxışdırırlar. 26 fevral 2014
Rusiyayönlü fəallar Krım parlamenti yaxınlığında tatar etirazçıları sıxışdırırlar. 26 fevral 2014

Hərbçilərdən biri etiraf etmişdi

Növbəti iki həftə ərzində maskalı döyüşçülər bütün yarımadanı tutaraq Ukrayna hərbi bazalarını mühasirəyə aldılar və digər strateji obyektləri ələ keçirdilər. Əksəriyyət onların Rusiya hərbçiləri olduqlarını anlamışdı. Hətta Rusiya hərbçilərindən biri kamera qarşısında çox şeyi etiraf etmişdi.

Bu nişansız hərbçilər tezliklə «balaca yaşıl adamlar» adlandırılmağa başladı. Moskva onların Rusiyaya aid olduğunu və Krımın ilhaqında birbaşa iştirakını hər vəchlə danırdı.

Rusiya onları yerli sakinlərin yaratdığı «özünümüdafiə dəstələri» adlandırırdı. Guya yerli sakinlər bu dəstələri Krımın rusdilli əhalisini ukraynalı ultramillətçilərdən qorumaq üçün yaratmışdılar.

Ancaq sonradan hekayə dəyişməyə başladı.

Krım parlamenti və regional hökumətin baş qərargahının ələ keçirilməsindən bir gün sonra maskalı Rusiya əsgərləri Simferopol hava limanını ələ keçirdi. Bir qrup kommandos silah-sursatı hərbi yük maşınına yığır, kütlənin içərisindən bir qadınsa ucadan qışqırırdı: «Rusiya, Rusiya!».

Ancaq elə həmin gün Rusiyanın Avropa Birliyindəki səfiri Euronews kanalına hava limanındakı qoşunların Rusiyaya aid olmadığını demişdi. «Heç bir qoşun yoxdur, ən azı Rusiya qoşunları yoxdur», – Vladimir Chizhov demişdi.

«Zarafat edirsiniz?»

Bir neçə gün sonra, Rusiya prezidenti Vladimir Putin-ə yarımadada Rusiya qoşunlarının Ukrayna əsgərlərini niyə mühasirəyə alması haqda birbaşa sual verildi.

Bu blokadalarda rus əsgərlərinin rolunun ortada olmasına rəğmən, Putin belə cavab vermişdi: «Onlar yerli özünümüdafiə dəstələri idi».

Sualı verən Bloomberg müxbiri silahlı adamların Rusiya ordusunun formasına çox oxşayan formada olduqlarını demişdi. Putin-in cavabı belə olmuşdu: «Postsovet dövlətlərinə baxın. Orada çoxlu bənzər hərbi formalar var. Siz dükana gedib istənilən cür forma ala bilərsiniz».

Eyni gündə ukraynalı jurnalistlərin YouTube-da yerləşdirdikləri videoda Krıma göndərilmiş bir neçə xüsusi təyinatlı özləri haqda «Biz rusiyalıyıq» demişdi.

Putin-in müdafiə naziri Sergei Shoigu Krımdakı silahlı adamların rusiyalı olub-olmadıqları haqda suala belə cavab vermişdi: «Bu, əsl cəfəngiyatdır. Qətiyyən. Siz zarafat edirsiniz?».

Rusiyanın xarici işlər naziri Sergei Lavrov-sa Madriddə ispan həmkarı ilə birgə mətbuat konfransında Krımdakı rusiyayönlü qüvvələrin Moskvadan əmr almadığını, Rusiyanın Sevastopoldakı dəniz bazasının hərbi heyətinin yerindən tərpənmədiyini demişdi.

Bir növ… etiraf edirlər

Həftələrlə davam edən inkardan sonra Rusiya 2014-cü il martın 16-dan sonra tədricən öz havasını dəyişməyə başladı. İki gün sonra Krımda keçirilən separatçı referendum Moskvanın yarımadanı ilhaqını rəsmiləşdirdi. BMT Baş Assambleyasının 100 üzvü referendumu qeyri-legitim saydı.

Putin-in ilhaq sazişinin imzalandığı gün BBC-yə danışan sözçüsü hələ də iddia edirdi ki, «Krımın özünümüdafiə dəstələrinin əsgərləri» bəzi Ukrayna əsgərlərinin postlarını tərk etməsinə mane olublar. Burada o, ən azı, bəzi Rusiya əsgərlərinin Krımı, o cümlədən yarımadayla Ukraynanın qalan hissəsi arasındakı sərhədi nəzarətdə saxladığını etiraf edir.

«Onların hamısı Rusiya qoşunları deyil. Rusiyanın dəniz bazasında təhlükəsizliyi gücləndirən Rusiya qüvvələri var. Ancaq bu gündən sonranı bilmirəm, çünki bugündən etibarən Krım Rusiya Federasiyasına qoşulub. İndi orada vəziyyət başqadır», - Dmitry Peskov demişdi.

10 gün sonra Kremldə yüksək rütbəli təhlükəsizlik rəsmilərinə müraciət edən Putin həm Qara dəniz donanmasını, həm də Krımda yerləşən digər dəstələri qan tökmədən «referendumun dinc və əmin-amanlıq şəraitində keçməsini» təmin etdikləri üçün alqışladı.

Növbəti ayda isə Putin ilk dəfə rus qoşunlarının referendumdan öncə yarımadada olduğunu canlı yayımda açıq bəyan etdi. Ancaq o hələ də bu qoşunların yerliləri dəstəkləməklə məşğul olduğunu deyirdi.

«Yaxşı, bu biz idik»

İlhaqın üstündən bir ilə yaxın vaxt keçəndən sonra Rusiya nəhayət, qoşunlarının Krımın işğalında iştirak etmədiyi haqda yalanlardan əl çəkir. 2015-ci ilin martında dövlət telekanalında göstərilən sənədli filmdə Putin Yanukovych-in hakimiyyəti tərk etməsindən az sonra təhlükəsizlik əməkdaşlarına Krımı tutmaq niyyətini bildirdiyini deyib.

«Mən dedim ki, Ukraynada vəziyyət belə gətirib ki, biz Krımı Rusiyaya qaytarmağa məcburuq», - Putin sənədli filmdə deyir.

Filmdə o əlavə edir ki, hərbi və təhlükəsizlik qurumlarına Yanukovych-in həyatını xilas etmək əmri verib. Yanukovych 2014-cü il fevralın 22-də Kiyevdən qaçandan bir neçə gün sonra Rusiyanın cənubunda peyda olub.

«Krım: evə dönüş» adlanan filmdə Krım hökumətinin binalarını, hava limanlarını və digər obyektləri ələ keçirən «balaca yaşıl adamlar»ın əslində, Rusiya əsgərləri olduğu etiraf edilir.

Filmdə deyilir ki, Putin-in AB-dəki səfiri Vladimir Chizhov-un rus qoşunlarının olmadığını iddia etdiyi Simferopol hava limanı məhz Rusiyanın Sevastopoldakı Qara dəniz donanmasının matrosları tərəfindən ələ keçirilib.

Daha sonra deyilir ki, Putin Rusiyadan Krıma müxtəlif rütbəli min əsgər və zabit göndərib.

Putin deyib ki, rusdilli Krım əhalisini Ukrayna millətçilərinin zorakılıq və repressiyasından qorumaq, habelə Rusiya və Ukrayna əsgərləri arasında toqquşmanı önləmək üçün rus qoşunlarının əraziyə göndərilməsi zəruri idi.

Ötən il Putin-dən müsahibə alan avstriyalı jurnalist Armin Wolf ona belə bir sual verib: «Sonradan siz Rusiya qoşunlarının Krımda olmasını etiraf etmisiniz, ancaq daha öncə bunu danırdınız».

Putin buna cavab olaraq belə deyib: «Mən heç nəyi danmamışam. Rusiya ordusu həmişə orada olub».

Amma müsahibənin Kremlin rəsmi transkriptində Putin-in «heç nəyi danmamışam» dediyi hissə çıxarılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG