Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

Hakim: ‘Rusiya qanunsuz yaradılmış SSRİ-nin cinayətlərinə görə cavadeh deyil’


Konstantin Aranovsky
Konstantin Aranovsky

Rusiya Konstitusiya Məhkəməsinin hakimi Konstantin Aranovsky sovet repressiya qurbanlarının övladlarının iddiası ilə keçirilən məhkəmə prosesi barədə öz rəyini verib.

Ötən dekabrda Konstitusiya Məhkəməsi repressiya edilmiş şəxslərin uşaqlarının iddiasını təmin etmişdi.

Onlar valideynlərindən müsadirə olunmuş mənzillərini tələb edirdilər.

Məhkəmə qərarında deyilirdi ki, Moskvanın yaşayış barədə qanunvericiliyi repressiya qurbanlarının hüquqlarını pozur və Rusiya Federasiyası Konstitusiyasının normalarına ziddir.

Məhkəmə qərarında habelə deyilir ki, federal, regional və Moskvaya aid qanunvericiliyə düzəliş edilməli və Stalin repressiyası qurbanlarının hüquqları təmin olunmalıdır.

Kommersant qəzetinin yazdığına görə Aranovsky deyib ki, məhkəmənin qərarı ilə tam razıdır, lakin əlavə olaraq Rusiyanın sovet hakimiyyəti tərəfindən törədilmiş cinayətlər üçün məsuliyyəti barədə əlavə rəy vermək istəyir.

Hakim deyib:

"Rusiya Federasiyası bir zamanlar qanunsuz olaraq yaradılmış dövləti öz ərazisində hüquqi baxımdan davam etdirmir, sadəcə olaraq onu əvəzləyir və bu, onu siyasi repressiyalar da daxil həmin dövlətin fəaliyyətinin nəticələri ilə hesablaşmağa öhdəli edir”.

Başqa sözlərlə Rusiya “qanunsuz yaradılmış Sovet İttifaqının” fəaliyyəti üçün məsuliyyət daşımır, amma bu fəaliyyətin nəticələrinin həlli ilə məşğul olmağa öhdəlidir.

Stalinin ad gününə gələnlər Qırmızı meydanda
Stalinin ad gününə gələnlər Qırmızı meydanda

Bağışlanmaz əməllər

Konstantin Aranovsky deyib ki, “Rusiyanın hətta dar hüquqi mənada öz dövlət şəxsiyyəti üzərinə sovet repressiyalarının günahını götürməsinə və əvvəl müzəffər olmuş sonra isə çökmüş sosialist dövlətini əvəzləməsinə ehtiyac yoxdur”.

Hakim bildirib ki, bu, heç mümkün də deyil:

“Çünki SSRİ-nin Müəssislər Məclisininin qanuni hakimiyyətini devirməsindən başlayaraq törətdiyi repressiyalar və başqa bağışlanmaz bəd əməllər həqiqətən də ölçüyəgəlməz və dözülməzdir”.

Aranovsky-nin fikrincə, Rusiya “totalitar cinayətlər üçün nə “şəxsi”, nə də hüquqi irsilik məsuliyyəti olmayan Konstitusiya statusuna malik olmalıdır”.

Hakim deyib ki, “Rusiya dövlətçiliyini idealizə etmək heç də zəruri deyil, amma onun totalitar rejimin hüquqi irsini üzərinə götürməsinə də əsas yoxdur”.

SSRİ-ni diriltmək mümkün deyil

Aranovsky-nin fikirincə, Rusiya dövləti kommunist hakimiyyətinin davamı kimi yox, suveren dövlətin Konstitusiya əsaslı rekonstruksiyası kimi bərqərar olub:

“O totalitar rejimin əleyhinə və onun yerinə təkrar yaradılıb”.

Öz mövqeyini əsaslandırmaq üçün Konstantin Aranovsky yazıçı Zakhar Prilepinin sözlərinə müraciət edir:

“Mənim Sovet İttifaqımı diriltmək olmaz, o ölüb və basdırıldığı yeri də bilirəm...”

Və yaxud:

"Sizin didib-tökdüyünüz, qəbirdən çıxarıb yenidən bəzədiyiniz bütün bunlar mənim Vətənim deyil”.

Hakim bildirib ki, Rusiyanın sovetlərin varisi olduğunu hətta sovetlərə sadiq qalanlar da inkar edirlər.

Kreml və Duma hakimin sözlərindən hirslənib

Hakim Konstantin Aranovsky-nin “xüsusi rəyini” Rusiya hakimiyyətinin yuxarı eşelonlarında mənfi qiymətləndiriblər.

RIA Novosti agentliyinin yazdığına görə prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, “Rusiya həm de facto, həm də de jure Sovet İttifaqının varisidir”.

Aranovsky Dövlət Dumasında da tənqid olunub. Rusiya parlamentinin dövlət quruculuğu və qanunvericilik komitəsinin sədr müavini Mikhail Yemelyanov deyib ki, hüquqi varisliyi siyasi rejimlə qarışdırmaq yolverilməzdir.

Millət vəkili Fransanın təcrübəsini misal gətirib və deyib ki, orada da siyasi rejimlərin əvəzlənməsi olub, amma orada heç kim deməyib ki, Fransa Respublikası Fransa Monarxiyasının hüquqi varisi deyil:

"Siyasi rejimi müxtəlif cür qiymətləndirmək olar, amma bunun hüquqi varisliklə heç bir əlaqəsi yoxdur”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG