Keçid linkləri

2026, 07 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 21:17

Rusiyanın Kiyevə zərbələrindən 17 nəfər həlak olub

Kiyevdə Rusiya raketinin zərbəsindən sonra supermarketin anbarı yanır.
Kiyevdə Rusiya raketinin zərbəsindən sonra supermarketin anbarı yanır.

Rusiya ordusunun gecə saatlarında dron və ballistik raketlərlə hücumları nəticəsində Kiyevdə və ətraf regionda azı 17 nəfər həlak olub, 44 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Xidməti regionda hava həyəcanının hələ də davam etdiyini bildirib. Qurumun bildirdiyinə görə, yeni zərbələr təhlükəsi qalır və xilasedicilər yüksək risk şəraitində işləyirlər.

"Bu gün həlak olan insanların həyatını ballistik raketləri vurmağa qadir raketlər xilas edə bilərdi", – Ukrayna prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, bu sistemlərin çatdırılmasının gecikdirilməsi və ya ballistik raketlərə qarşı müdafiə sistemlərinin verilməməsi belə dəhşətli insan itkilərinə və dağıntılara səbəb olur.

Ukrayna ordusu avqustun 5-də buraxılan 98 Rusiya dronunu vurub və ya sıradan çıxardığını bildirib. Ancaq buraxılan ballistik raketlərin heç birini ələ keçirmək mümkün olmayıb.

Rusiya Müdafiə Nazirliyi Kiyev və ətrafına zərbə endirdiyini təsdiqləyib, hədəfin nəqliyyat, logistika və paylama mərkəzləri olduğunu bildirib.

Rusiya son aylarda Ukraynaya raket hücumlarını gücləndirib. Bu arada Ukrayna yüksək sürətli ballistik raketləri zərərsizləşdirə bilən hava hücumundan müdafiə sistemlərinin ciddi çatışmazlığı ilə üzləşir.

Ammonyak sızıb

Avqustun 5-nə keçən gecə Rusiya ordusu Kiyev şəhərinə və Kiyev vilayətinə kütləvi raket və dron hücumu həyata keçirib.

Kiyev meri Vitali Kliçkonun məlumatına görə, paytaxtda bir nəfər həlak olub, 26 nəfər yaralanıb. Bəzi rayonlarda anbarlar yanıb, Kiyev ətrafında isə qeyri-yaşayış binalarında yanğın baş verib.

Rusiya hərbçilərinin Qoloseyev rayonunda vurduğu obyektdə təxminən 300 litr ammonyak olub. Bunu Kiyev şəhər Hərbi Administrasiyası bildirib: "Xilasedicilər sızmanı lokallaşdırıblar. Əhali üçün təhlükə yoxdur".

Kiyev vilayətində 14 nəfər həlak olub, 22 nəfər yaralanıb. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Brovarı və Buça rayonlarında anbarların ərazisində yanğınlar baş verib, Fastov rayonunda isə avtomobillər yanıb.

Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, ən çox itki Brovarı rayonundadır, burada 9 nəfər həlak olub. Buça rayonunda 4 mülki şəxs öldürülüb, Fastov rayonunda isə bir nəfər həyatını itirib.

"Belə hər bir cinayətə görə mütləq ədalətli cavab veriləcək", – Tkaçenko bildirib.

Rusiya gecə boyu Ukraynaya dörd "Tsirkon"/"Oniks" gəmi əleyhinə raketi, 24 "İskəndər-M"/S-400 ballistik raketi və 115 dron buraxıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, 98 dron vurulub.

XS
SM
MD
LG