Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Rusiyada iki kibertəhlükəsizlik əməliyyatçısı ‘xəyanətə’ görə məhkum edilib


Moksvada Kaspersky Lab şirkətinin binası
Moksvada Kaspersky Lab şirkətinin binası

Rusiyada hərbi tribunal Federal Təhlükəsizlik Xidmətinin bir zabitini və Kaspersky Lab kibertəhlükəsizlik firmasının ekspertini xəyanətdə təqsirli bilərək uzun müddətə azadlıqdan məhrum edib.

Bu işin Birləşmiş Ştatlarla bağlı olduğuna dair ehtimallar var.

Bağlı qapılar arxasında keçirilən mühakimədən sonra fevralın 26-da Moskva Regional Hərbi Tribunalı keçmiş FTX zabiti Sergei Mikhailov-u və Kaspersky Lab şirkətinin kompüter qəzalarının araşdırılması komandasının başçısı, ekspert Ruslan Stoyanovu məxfi informasiyanın xarici kəşfiyyata ötürülməsində təqsirli bilib.

Rusiya mediası xəbər verir ki, Mikhailov-a 22, Stoyanova 14 il iş kəsilib.

Mikhailov hərbi rütbəsindən və bütün təltiflərdən məhrum edilib.

Stoyanovun vəkili Inga Lebedeva TASS agentliyinə deyib ki, onun müştərisi hökmdən apellyasiya şikayəti verəcək:

"Bu adamlar düşünürlər ki, onlar əks-hakerlik fəaliyyəti zamanı özləri də bilmədən kiminsə ayağını tapdalayıblar”.

Rusiya mediası xəbər verir ki, müttəhimlər məxfi informasiyaları ABŞ-ın Federal Təhqiqatlar Bürosuna ötürməkdə ittiham olunublar.

Bu xəbərlərə görə ötürülən informasiya Chronopay ödəniş xidməti şirkətinin keçmiş başçısı Pavel Vrublevsky-nin işinə aid təhqiqat sənədləri olub. Vrublevsky ABŞ tərəfindən iddia edilən kibercinayətlərdə ittiham olunur.

Müdafiə vəkili qapalı keçirilmiş məhkəmənin detalları barədə məlumat verə bilməsə də, deyib ki, ittiham Vrublevsky-nin ifadəsi əsasında tərtib edilib.

Mikhailov 2016-cı ilin dekabrında, Stoyanov isə 2017-ci ilin yanvarında həbs olunublar.

Bloomberg fevralın 22-də “etibarlı mənbələrə” istinadən bildirmişdi ki, bu təhqiqat zamanı daha iki şübhəliyə qarşı ittiham irəli sürülüb.

Bunların biznesmen Georgy Fomchenkov və Mikhalov-un işçilərindən Dmitry Dokuchayev olduğu xəbər verilir.

Dokuchayev də ABŞ-da 500 milyon Yahoo email hesabına haker hücumuna görə ittiham olunur.

Bu iki nəfərin ABŞ-la əlaqələrini etiraf etdikləri və barələrində hökmün daha sonra çıxarılacağı bildirilir.

Bu şəxslərin dördü də 2016-cı ilin dekabrında, ABŞ-da keçirilmiş prezident seçkisində Donald Trump-ın qələbəsindən az sonra həbs edilib. Onlara qarşı da xəyanət ittihamı irəli sürülüb.

FTX, Rusiyanın Baş Kəşfiyyat İdarəsi ilə yanaşı Demokratik Milli Komitə də daxil ABŞ siyasi əməliyyatçılarını haker hücumları ilə hədəfləməkdə ittiham olunur.

Kreml bu işlərlə Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iddiaların əlaqəli olduğu barədə mülahizələri inkar edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG