Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:11

Orxan Camal və yoldaşlarının müəmmalı qətli


ATƏT-in media azadlığı üzrə təmsilçisi rusiyalı jurnalistlərin öldürülməsindən “dərindən kədərləndiyini və sarsıldığını” bildirib.

Harlem Desir avqustun 1-də yazdığı tvitdə jurnalistlərin ailə üzvlərinə və həmkarlarına başsağlığı verir.

Rusiyada jurnalistlərin qətli üzrə cinayət işi başlanıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova avqustun 1-də deyib ki, jurnalistlərin Mərkəzi Afrika Respublikasına səfərinin rəsmi məqsədi turizm olub.

Bu açıqlama jurnalistlərin səfərin niyyətini yanlış açıqlamaqda günahlandırmaq kimi səsləndiyindən tənqidə səbəb olub. Hökumətyönlü deputat, Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutsky Telegram-da yazıb ki, hazırda səfərin niyyəti “elə də vacib məsələ deyil”:

“Vacib olan Rusiya vətəndaşlarının öldürülməsidir. Burada biz okeanın o tayındakı ‘strateji dostlarımız’dan örnək götürməliyik: Birləşmiş Ştatlar heç bir vətəndaşının ölümünü cavabsız buraxmır. Onların hansı ölkədə olmasından, hansı siyasi baxışları paylaşmasından asılı olmayaraq”.

***

Orhan Dzhemal və Renat Davletgildeev Şimali Afrikanın xəritəsinə baxır, arxiv fotosu
Orhan Dzhemal və Renat Davletgildeev Şimali Afrikanın xəritəsinə baxır, arxiv fotosu

Mikhail Khodorkovsky jurnalistlərin qətli ilə bağlı bəyanatla çıxış edib.

Bu qrup mənim ‘Təhqiqatların İdarə Edilməsi Mərkəzi’ layihəmlə birlikdə ‘Rusiya muzdluları’ araşdırması üzərində işləyirdi. Cəsur uşaqlar idilər, sadəcə, material toplamağa öyrəşməmişdilər, onu öz əlləriylə yoxlamaq istəyirdilər.

Son ana qədər möcüzəyə, onların əsir düşdüyünə, onların çıxarmağın mümkün olduğuna ümid edirdim. Onlara rəhmət diləyir, yaxınlarına dərin başsağlığı verirəm.

Günahkarların müəyyənləşdirilməsi üçün əlimdən gələni edəcəyəm”, – bəyanatda deyilir.

***

Mərkəzi Afrika Respublikasında jurnalist Orxan Camal, operator Kirill Radchenko və rejissor Aleksandr Rastorguyev qətlə yetilriblər.

AzadlıqRadiosu yazır ki, onlar bu ölkəyə iyulun 27-də “Təhqiqatların İdarə edilməsi Mərkəzinin” (TİM) sifarişi ilə Rusiyanın “Vagner” özəl hərbi şirkətinin işi barədə sənədli film çəkmək üçün gəlmişdilər.

Məqalədə deyilir ki, rusiyalıları Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Bangidən başqa şəhərə gedərkən yolda, kimə məxsus olduğu bilinməyən postda dayandırıblar.

AFP agentliyi çəkiliş qrupunun Sibyu şəhərinin 23 kilometrliyində kimliyi bilinməyən silahlı şəxslər tərəfindən güllələndiyini xəbər verir.

Mediazona qəzetinin yazdığına görə rusiyalıları qarət məqsədilə öldürüblər. Onlar MAR-dakı yerli bələdçi ilə görüşə gedirdilər.

Reuters agentliyi Sibyu şəhərinin meri Henri Depeleyə istinadən hadisənin bəzi detalları barədə məlumat verib.

Depelenin versiyasına görə rusiyalıları pusquya salıblar. Yol kənarındakı kolluqlardan çıxan silahlılar hərəkət edən avtomobili gülləbaran ediblər. Sərnişinlər yerindəcə ölüblər, sürücü sağ qalıb.

Depele deyib ki, ölənlərdən birinin üstündən Ukrayna pasportu tapılıb.

“Təhqiqatların İdarə edilməsi Mərkəzi” Rusiya prezidenti Vladimir Putinin ən sərt opponentlərindən olan Mikhail Khodorkovsky-nin layihələrindən biridir.

Yukos neft şirkətinin sahibi Khodorkovsky uzun müddət Rusiya həbsxanalarında məhbus edilib, hazırda ölkə xaricində mühacirətdədir. O Putin hökumətinə qarşı mübarizəsini davam etdirir.

Orxan Camal
Orxan Camal

Moskvanın "Afrika layihəsi"

AzadlıqRadiosu Rusiya mediasına istinadən yazır ki, rusiyalı hərbi təlimatçılar, müşavirlər və özəl hərbi şirkətlərin muzdlu əsgərləri artıq bir neçə aydır MAR ərazisində fəaliyyət göstərirlər.

Bir çox mənbələrdən alınan məlumatlara görə Moskvanın “Afrika layihəsinin” arxasında Sankt Peterburq milyarderi Yevgeny Prigojin durur. Onun adını Olginodakı “troll fabrikinin” maliyyələşdirilməsi ilə bağlayırlar. O həm də Vagner özəl hərbi şirkətinin sahibidir.

Moskva rəsmi və qeyri-rəsmi olaraq Mərkəzi Afrika Respublikasındakı varlığını bərqərar edir.

2017-ci ilin dekabrında Soçidə MAR prezidenti Faustin-Archange Touadéra-nın Rusiyaya səfəri zamanı iki ölkə arasında hərbi müqavilə imzalanıb.

Bu müqaviləyə əsasən Moskva Bangiyə reaktiv silahlar, pulemyotlar, avtomat və tapançalar verməlidir. Eyni müqaviləyə görə Rusiya 1300 MAR əsgərinin təlimini öz üzərinə götürüb.

Mərkəzi Afrikadakı hərbi qruplaşmalardan biri (Arxiv)
Mərkəzi Afrikadakı hərbi qruplaşmalardan biri (Arxiv)

MAR Afrikanın və dünyanın ən yoxsul ölkələrindən biridir. 1960-cı ildə müstəqillik əldə etməsinə baxmayaraq Parisin maraqlar zonasında qalırdı. Fransanın xaricdəki ən böyük hərbi bazalarından biri bu ölkədə yerləşirdi. Bir müddət özünü “sosialist ideyalarının rəğbətlisi” kimi qələmə verən, adamyeyən prezident Bokassanın devrilməsində bu bazanın da rolu olmuşdu. Lakin 21-ci əsrin əvvəllərindən situasiya dəyişib.

2003-2004-cü illərdən ölkədə xristian və müsəlman əhali arasında qəliz etnik-dini münaqişə başlanıb. Faktiki olaraq ölkə müxtəlif qruplaşmalarının nəzarətində olan ərazilərə parçalanıb.

Ölənlər barədə

Jurnalist Rodion Chepel "Novaya qazeta" məcmuəsinə müsahibəsində deyib:

"Bu Aleksandr Rastorguyev-lə TİM-in birgə layihəsi idi. Jurnalistlər bu ölkəyə burada zaman-zaman hərbi formalı rusların göründüyü barədə xəbərlərdən sonra yollanmışdlar. Onlar öz peşələrinin ən yaxşı təmsilçiləri, mərd oğlanlar idilər...”

1966-cı il təvəllüdlü Orxan Camal milliyətcə azərbaycanlı politoloq Heydər Camalın oğlu idi. O 1990-cı illərdə “Veçernyaya Moskva”, “Novaya qazeta”, “Nezavisimaya qazeta” və başqa nəşrlərdə işləmişdi.

Qətlə yetirilmiş jurnalistlərin şəkilləri Mərkəzi Jurnalistlər Evinin foyesində
Qətlə yetirilmiş jurnalistlərin şəkilləri Mərkəzi Jurnalistlər Evinin foyesində

O hərbi müxbir kimi, 2008-ci ildə baş vermiş Gürcüstan-Rusiya müharibəsində, habelə Əfqanıstan, İraq, Livan, Liviya, Suriya kimi qaynar nöqtələrdə olmuşdu.

Aleksandr Rastorguyev sənədli filmlər rejissoru idi. O “Həyat əlamətləri” layihəsi çərçivəsində AzadlıqRadiosu ilə əməkdaşlıq edirdi.

Kirill Radchenko kremlyönlü ANNA NEWS teklekanalının ştatdankənar operatoru və fotomüxbiri idi. Suriyada çəkilişlər aparmışdı.

Orxan Camalın dostlarından biri, blogger Rasul Tavdiryakovun sözlərinə görə jurnalist Mərkəzi Afrika layihəsinə ona görə qoşulmuşdu ki, “pula ehtiyacı vardı”.

Tavdiryakov AzadlıqRadiosuna müsahibəsində demişdi ki, Orxan layihəyə qoşulmasından peşman idi:

"Biz Çada getməli idik. Çadda MAR-dan çox sayda qaçqın var. Amma Orxan mənə dedi ki, TİM ona MAR-a getməyi təklif edib. Orxan mənə deyirdi ki, MAR-a getmək üçün razılıq verdiyinə görə peşman olub. Deyirdi ki, oradakı vəziyyəti öyrənib və razılıq verdiyinə peşmandır. Deyirdi ki, orada jurnalistləri “salam-əleyk” etmədən ödürürlər...”

Rusiya jurnalisti, “Novaya qazeta” qəzetinin təsisçisi və keçmiş baş redaktoru Dmitry Muratov deyib ki, Orxan Camal onun qəzetində ən sevilən jurnalist idi, uzun müddət siyasət şöbəsinə başçılıq etmişdi:

“Orxan Camal peşəkar hərbi müxbir idi. Bu özünü hər şeydə - onun səfərə hazırlaşmağında göstərirdi...Onu bir dəfə iriçaplı pulemyotdan atəşə tutmuşdular. Onda Orxanın ayağını zorla xilas etmişdilər...Bu Liviyada, 2011-ci ildə olmuşdu. Orada Müəmmər Qəzzafinin qüvvələri ilə üsyançılar Tripoli uğrunda vuruşurdular”.

Muratov güman edir ki, onlar MAR-da Vagner şirkəti ilə məşğul olmalı idilər:

“Özlüyündə Afrika onlar üçün maraqlı olmamalı idi. Düşünürəm ki, onlar Vagnerin əsgərlərinin yaşayışını, fəaliyyətlərinin xarakterini öyrənmək istəyiblər. Həmin o müəmmalı postda nələrin baş verdiyi məlum deyil. Videomateriallar yoxdur, amma olmalı idi”.

“Qeyd etmək istəyirəm ki, Orxan Camalın çox mühüm bir peşəkar cəhəti vardı. O müharibə həqiqətlərini hərbi təxribatlardan ayırd edə bilirdi. O dörd il bundan əvvəl “Novaya qazeta” üçün məqalə yazmışdı. Bu məqalə “Donetsk Xalq Respublikası” məmurlarının təşkil etdiyi “əsgər anaları” aksiyası barədə idi. Bu qadınları avtobuslarda Ukrayna hərbi hissələrinin qarşısına aparırdılar. Onların əllərində “Oğul, evinə qayıt. Rədd olsun müharibə!” kimi plakatlar vardı. Orxan öyrənmişdi ki, bu qadınlar əsgər anaları-filan deyillər”.

Cənubi Sudanda Fransa müdaxiləsinə etiraz edənlər. Qalabadia vilayəti Cənubi Afrika prezidentinin iqamətgahı yaxınlığında yerləşir (Arxiv)
Cənubi Sudanda Fransa müdaxiləsinə etiraz edənlər. Qalabadia vilayəti Cənubi Afrika prezidentinin iqamətgahı yaxınlığında yerləşir (Arxiv)

Mərkəzi Afrika Respublikasında baş vermiş faciə ilə bağlı isə Muratov deyib:

“Mən bu qarət söhbətlərinə inanmıram! Yuqoslaviyada SSRİ Dövlət Teleradio şirkətinin jurnalistlərini öldürəndə də bunun qarət olduğunu demişdilər. Amma əslində onlara serb xüsusi təyinatlıları atəş açmışdılar. Onları sadəcə olaraq güllələmişdilər, çünki Xorvatiyanın bu hissəsində törədilən vəhşiliklər barədə informasiyanın ətraf dünyaya yayılmasını istəmirdilər”.

Muratov daha sonra deyib: “Hadisə, deyilənə görə Rusiya zabitlərinin, Rusiya Müdafiə Nazirliyinin rəsmi təlimatçılarının, bəlkə “vaqnerçilərin” işlədiyi bazanın 20 kilometrliyində baş verib...”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG