Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:38

Rusiya İraqa da “müdaxilə edir”


Sergei Lavrov
Sergei Lavrov

Moskva və Ankara arasında münasibətlər gərginliyin yeni mərhələsinə yüksəlib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bəyan edib ki, Moskva İraqda İslam Dövləti adlanan təşkilatın məğlub edilməsinə Bağdad hökumətinin razılığı ilə kömək edir.

Finlandiyada Barents Avro-Atlantik Şurasında Rusiyanın sədrliyinin qəbul edilməsi mərasimində iştirak edən Lavrov bildirib ki, “İraq hökuməti ilə İraq Kürdüstanı regionu arasında terrora qarşı mübarizədə əməkdaşlığı dəstəkləmək zəruridir”.

Bağdadda yaradılmış yeni kəşfiyyat mərkəzində ruslar, iraqlılar, iranlılar və suriyalılar çalışırlar

Lavrov bildirib ki, Rusiya bu işlə İraq hökumətinin razılığı ilə məşğuldur.

O həmçinin deyib ki, Bağdadda yaradılmış yeni kəşfiyyat mərkəzində ruslar, iraqlılar, iranlılar və suriyalılar çalışırlar və bu qurum maraqlı olan bu tərəflərin iştirakı üçün açıqdır.

İraq parlamentinin vəzifəli üzvlərindən biri təsdiq edib ki, Bağdad İslam Dövləti adlanan təşkilatın mövqelərini sözü gedən kəşfiyyat qrupunun köməyi ilə bombardman etməyə başlayıb.

Lavrovun uçuşda dəyişən bəyanatı

Maraqlıdır ki, Moskvadan Finlandiyaya uçmazdan əvvəl Sergei Lavrov Suriyadan başqa heç bir ölkənin Rusiyadan dəstək istəmədiyini bildirmişdi. O əlavə etmişdi ki, Rusiya İraq və Əfqanıstandakı vəziyyəti “diqqətlə müşahidə edir”.

Vladimir Putin (sağda) İraqın baş naziri Haidar al-Abadi ilə ötən mayda Kremldə görüşmüşdü
Vladimir Putin (sağda) İraqın baş naziri Haidar al-Abadi ilə ötən mayda Kremldə görüşmüşdü

Hələ Sergei Lavrovun rəsmi bəyanatından əvvəl Qərb və ABŞ mediası İraqla əlaqədar xoşagəlməz proseslərin getdiyindən yazırdı.

“The New York Times” qəzetində Nussaibah Younis imzası ilə dərc olunmuş məqalədə bildirlirdi ki, “iki həftə əvvəl İraqın Müdafiə Nazirliyi Rusiya, İran və Suriya ilə kəşfiyyat və təhlükəsizlik əməkdaşlığı barədə pakt imzalayıb”.

Məqalədə deyilir ki, Barack Obama İraqa hərbi müdaxilə etməyəcəyini bildirəndən sonra, bu ölkənin baş naziri Haider əl-Abadi lazım gələrsə, Rusiyanın İraqda hava zərbələri endirməsinə razılıq verəcəyini demişdi.

Türkiyə ABŞ və Rusiyaya xəbərdarlıq edib

Sergei Lavrovun bəyanatı birbaşa Türkiyənin əleyhinə yönəlmiş fəaliyyətin elanı kimi də başa düşülə bilər.

Beyrutda sünni üləmalar Rusiyanın Suriyaya müdaxiləsinə etiraz ediblər
Beyrutda sünni üləmalar Rusiyanın Suriyaya müdaxiləsinə etiraz ediblər

Türkiyənin Bugün qəzetinin baş nazir Ahmet Davutoğluna istinadən yazdığına görə, Rusiya və ABŞ-ın Ankaradakı səfirləri Suriyadakı kürd qüvvələrinə dəstəklə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə dəvət ediliblər.

Cənab Davutoğlu bəyan edib ki, “müttəfiq ölkələr əl-Qaedaya bağlı qruplaşmalara dəstəyi qeyri-məqbul hesab etdikləri kimi, Türkiyə də PKK-ya bağlı qruplaşmalara silahlı dəstək verilməsinə heç cür dözə bilməz”.

Bundan əvvəl Pentaqon hərbi nəqliyyat təyyarəsi ilə İD-lə döyüşən qruplaşmalar üçün 45 tonluq silah-sursat yükünün havadan atıldığı bildirmişdi.

Davutoğlu Rusiya və ABŞ-ı kürd qüvvələrinə dəstəkdə ittiham edib.

“Putinin təyyarələrini” vurmaq əmri?

Bu həftə mediada başqa diplomatik notalardan da yazılıb.

Rusiya Böyük Britaniya hökumətindən ölkə mətbuatındakı iddialar barədə izahat istəyib.

Britaniya qəzetləri “mötəbər mənbələrə” istinadən iddia edirdilər ki, Britaniya pilotlarına təhlükə yarandığı təqdirdə İraqdakı Rusiya təyyarələrinə “göy-göy” tipli raketlərdən atəş açmaq əmri verilib.

“Mötəbər mənbə”nin təbirincə deyilsə, Britaniya Tornado-ları “Putinin təyyarələrini” vurub salmalı imişlər.

London bu iddiaları təkzib edir.

XS
SM
MD
LG