Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Duma ‘Rusiyanı dünya internetindən ayıracaq qanunu’ qəbul edir


Bahalığı, niyyətləri və icrasının realistliyi barədə çoxsaylı suallar doğurmasına baxmayaraq Rusiyanın öz seqmentini qlobal internetdən ayırmağa imkan verəcək qanun layihəsi Dövlət Dumasında birinci oxunuşda qəbul olunub.

Qanun layihəsini dəstkləyənlər onun Rusiyanın xarici serverlərə çıxışının bloklanacağı təqdirdə tətbiq ediləcəyini deyirlər.

Qanun layihəsinin tənqidçiləri isə bu qənaətdədirlər ki, fevralın 12-də müzakirə olunmuş bu qanun Putin hökumətinə internet üzərində daha böyük nəzarət və senzura imkanı yaradacaq.

Dövlət Duması
Dövlət Duması

Rusiya mediası fevralın 11-də xəbər verirdi ki, Moskva yaxın həftələrdə ölkəni müvəqqəti olaraq qlobal internetdən ayırmağı sınaqdan çıxaracaq. Moskva bildirir ki, bu tədbir ölkənin kiberhücumlardan müdafiəsini yoxlamaq üçündür.

Bu da deyilirdi ki, ölkənin xarici kiberaləmlə bütün kanallarını kəsəcək bu sınaq aprelin 1-dən əvvəl həyata keçiriləcək. Lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib.

Dekabrın 14-də Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində xaricdəki serverlərlə əlaqənin olmadığı təqdirdə “internetin Rusiya seqmentinin muxtar fəaliyyətinin təmin olunmasının zəruriliyi” qeyd edilir.

Əgər qəbul olunarsa bu qanun Runet kimi tanınan yerli internetin Rusiyanın dövlət telekommunikasiya tənzimləyicisi Roskomnadzorun nəzarətində olan mübadilə qovşaqlarından keçməsini tələb edəcək.

Kreml şərh vermir

Qanun layihəsinə əlavə edilmiş sənəddə bildirilir ki, Rusiya, Kommunikasiyalar haqqında qanuna bu dəyişiklikləri 2018-ci ildə ABŞ-da qəbul edilmiş “milli kibertəhlükəsizlik strategiyasının” aqressiv təbiətinə görə etməyə məcburdur.

"37-ci ilə qayıtmaq istəmirik" - ötən il Moskvada keçirilmiş aksiyalardan birindəki plakat
"37-ci ilə qayıtmaq istəmirik" - ötən il Moskvada keçirilmiş aksiyalardan birindəki plakat

Sənəddə deyilir ki, bu strategiyada “Rusiya birbaşa və heç bir dəlil gətirilmədən kiberhücumlarda ittiham olunur”.

Qanun layihəsinə görə internetin Rusiya seqmetində məlumat axını mənbələrinin müəyyənləşdirilməsi məqsəsdilə “xüsusi texniki qurğular” yerləşdiriləcək.

Lazım gələrsə, bu “texniki qurğulardan” internet resurslarındakı qadağan olunmuş informasiyanı məhdudlaşdırmaq üçün istifadə olunacaq.

Rusiya habelə özünün milli domen sistemini (DNS) yaradacaq ki, bu da məlumatların internetə hansı kompüterlərdən daxil olmasını aşkara çıxara biləcək.

Yeni qanun barədə xəbərlər vətəndaşların internet fəaliyyətinə dövlət müdaxiləsinin artacağına dair narahatlıqları gücləndirib.

Fevralın 12-də Putinin sözçüsü Dmitry Peskov qanun barədə suallara cavab verməkdən imtina edib və deyib ki, “müzakirələr hələ davam edir”.

Vahid Rusiya dəstəkləyir

Rusiya parlamentinin hər iki palatasında Putinə loyal Vahid Rusiya partiyasının millət vəkilləri çoxluğa malikdir və Kremlin dəstəkləyəcəyi təqdirdə bu qanun layihəsinin keçəcəyi şübhə doğurmur.

Qanun layihəsi 450 mandatlı Dumada ilk oxunuşda 334 leyhinə və 47 əleyhinə olmaqla qəbul edilib və yuxarı palataya göndıərilməzdən əvvəl daha iki oxunuşdan keçməlidir.

Rusiya mediası xəbər verir ki, Vahid Rusiya partiyası bu qanunu dəstəkləyir, lakin Dumada ikinci böyük fraksiyanı təşkil edən kommunistlər qanunu tənqid edirlər.

Qanun layihəsinin təşəbbüsçülərindən biri də Liberal Demokratik Partiyanın (LDPR) üzvü Andrei Lugovoi-dur, lakin həmin partiyanın lideri Vladimir Zhirinovsky Telegram platformasında yazıb ki, partiya qanun layihəsini dəstəkləməyəcək.

Qanun qüvvəyə mindikdən sonra sistem Rusiyanı kibermüharibə təqdirində müdafiə edəcək, habelə ölkəyə gələn internet kanallarını filtrləyəcək. Buna baxmayaraq bu tədbirlərin həyata keçirilməsinin xərcləri və bu xərclərin realistliyi ətrafında mübahisələr yer alıb.

Qanun layihəsi hökumət tərəfindən qadağan edilmiş saytların daha səmərəli bloklanmasına imkan yaratmaqdan başqa həm də:

- Rusiya istifadəçiləri arasında mübadilə olunan informasiyanın xaricə çıxmasını minimallaşdıracaq

- Kibertəhlükə zamanı provayderlərdən mərkəzi internet traifikinə tabe olmağı tələb edəcək

- Xaricdəki serverlərə girişin bloklandığı hallarda Rusiyadakı saytların işini davam etdirməsinə imkan verəcək

"Özünü asmaq üçün kabel"

LDPR-dən olan millət vəkili Sergei Ivanov qanun layihəsini sərt tənqid edib və Rusiyanın bu qanunun icrası üçün lazım olan qurğuları yaratmaq iqtidarında olub-olmadığını soruşub:

"Rusiya heç bir IT cihazı istehsal etmir, heç bəzi adamların özlərini asması üçün etibarlı olan kabelləri də istehsal edə bilmir”.

Qanunun təşəbbüsçülərindən biri olan Lugovoi beynəlxalq xəbər dünyasında son dərəcə məşhur simadır.

O 2006-cı ildə Kremlin qatı tənqidçisi Aleksandr Litvinenkonun poloniumla zəhərlənməsində iki şübhəlidən bir hesab edilir.

Lugovoi iddia edir ki, bu qanun ABŞ-dan gələn təhlükəni dəf etmək üçün dəstəklənməlidir. O millət vəkillərinin üstünə “Bura uşaq bağçası deyil!” deyə qışqırıb və iddia edib ki, Birləşmiş Ştatlar “Suriyadakı bütün internet saytlarını bağlamışdılar”.

Vladimir Zhirinovsky (solda) Andrei Lugovoi-un (sağda) təklif etdiyi qanun layihəsinin əleyhinədir
Vladimir Zhirinovsky (solda) Andrei Lugovoi-un (sağda) təklif etdiyi qanun layihəsinin əleyhinədir

Putin internetə nəzarətin çətin olduğunu dəfələrlə dilə gətirib, lakin sözü gedən qanun Kremlin məhz buna çalışdığına dair narahatlıqları artırıb.

Şərhçilər bildirirlər ki, Kreml Putinin rəsmən sonuncu prezidentlik dövründə fərqli düşüncəni daha səmərəli şəkildə boğmağa cəhd göstərir.

Dövlətin bütün yayın mediası üzərində tam nəzarətə malik olduğu bir ölkədə internet Kreml tənqidçilərinin və vətəndaş cəmiyyəti fəallarının son ümid yeridir.

Rusiyanın təhlükəsizlik təhlilçilərindən Andrei Soldatov deyib ki, bu qanun “Rusiyanı bütövlükdə internetdən təcrid etməyə aparan yoldur”.

Ötən ilin martında Putinin ovaxtkı internet müşaviri German Klimenko demişdi ki, Rusiya internetin özünə aid seqmentini Qərb ölkələri onun bütün çıxışlarını kəsmədən hazırlamalıdır.

Rusiya son illərdə xüsusilə də Facebook və Twitter kimi sosial media platformalarından istifadə etməklə Qərbdə keçirilən seçkilərə müdaxilədə və ixtilaf yaratmaq cəhdlərində ittiham olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG