Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Rusiya II Dünya Müharibəsində Qərbin rolunu ‘şişirtməməyə’ çağırıb


Britaniya kraliçası II Elizabeth mərasimdı çıxış edib
Britaniya kraliçası II Elizabeth mərasimdı çıxış edib

Britaniya kraliçası II Elizabeth və Qərb liderləri II Dünya Müharibəsində Avropaya desant çıxarılmasının 75-ci ildönümünü qeyd etmək üçün İngiltərənin cənubunda keçirilən yadetmə mərasiminə gəliblər.

ABŞ prezidenti Donald Trump və Almaniya kansleri Angela Merkel İyunun 5-də Portsmut şəhərində keçirilən mərasimə gəlmiş 16 dövlət başçısının arasında idilər.

Burada 1944-cü ildə Fransa sahillərinə desant çıxarılarkən həlak olanların xatirəsi yad edilib.

Amma Rusiya Xarici İşlər Nazirliyi 75 il əvvəl Normandiya sahillərində keçirilmiş bu əməliyyatın II Dünya Müharibəsinin gedişatında “həlledici” dönüş yaratmadığını bildirib.

5 il əvvəl Normandiya desantının 70-ci ildönümü mərasimində iştirak edən Rusiya prezidenti Vladimir Putin builki mərasimə dəvət olunmayıb.

Britaniyadan Fransaya desant çıxarılması əməliyyatında keçmiş Sovet İttifaqı iştirak etməsə də, Moskva II Dünya Müharibəsinin müttəfiqlərin qələbəsi ilə başa çatdırılmasında əhəmiyyətli rol oynayıb.

1944-cü ilin 6 iyununda Müttəfiqlərin 150 minlik əsgəri qüvvəsi Lamanş üzərindən Fransaya yeridilmişdi. Havadan, dənizdən və qurudan edilən bu hücum Qərbi Avropanın nasistlərdən azad edilməsi ilə nəticələnib.

Dwight D. Eisenhower
Dwight D. Eisenhower

Kod adı “Overlord” olan bu əməliyyata ABŞ generalı Dwight Eisenhower komadanlıq edirdi. Bu, tarixdə sudan quruya ən böyük hücum əməliyyatı idi. Bu əməliyyatda 80 kilometrlik boğazdan qoşunların keçirilməsində 7 min gəmi və üzən qurğu iştirak etmişdi.

Hücum kod adları Yuta, Omaha, Qold, Cuno və Qılınc olan beş sektora ayrılmışdı.

Bu əməliyyatda hər iki tərəfdən minlərlə insan həlak olub.

Portsmut limanında keçirilən mərasimdə etdiyi çıxışda kraliça Elizabeth desant əməliyyatında göstərilmiş “qəhrəmanlığı, igidlik və qurbanları” yada salıb, bugünlərdə Britaniyada səfərdə olan ABŞ prezidenti Donald Trump isə 6 iyun əməliyyatını “tarixin ən böyük döyüşü” adlandırıb.

Bu mərasimə desant əməliyyatında iştirak etmiş bütün ölkələrin, o cümlədən Avstraliya, Belçika, Kanada, Çex Respublikası, Danimarka, Fransa, Yunanıstan, Lüksemburq, Hollandiya, Norveç, Yeni Zelandiya, Polşa və Slovakiyanın dövlət başçıları qatılıblar.

Moskvada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Qərb cəbhəsində həlak olanların xatirəsinə ehtiram bildirib və deyib ki, Müttəfiqlərin qələbəyə töhfəsi “aydındır”.

O əlavə edib ki, Qərb cəbhəsinin rolu “şişirdilməməlidir” və Sovet İttifaqının “nəhəng töhfəsi” olmadan qələbə sadəcə olaraq baş verməyə bilərdi.

Zakharova müxbirlərə deyib ki, Normandiya sahillərinə desant çıxarılması müharibənin nəticəsində “həlledici rola malik olmayıb”.

O bildirib ki, müharibənin nəticəsi 1942-ci il Stalinqrad və 1943-cü il Kursk döyüşlərində Qırmızı Ordunun uğurları ilə müəyyənləşmişdi.

Rusiya əvvəllər Qərbi 1945-ci il qələbəsində Sovet İttifaqının töhfəsini danmaqda və SSRİ-nin bu müharibədə verdiyi təxminən 26 milyon qurbanı lazımınca dəyərləndirməməkdə ittiham edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG