Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 18:25

Rusiya İrana peyk sistemi göndərməyə hazır olduğunu deyir


Arxiv fotosu

Məqalədə deyilir ki, rusiyalı ekspertlər bu yaxınlarda İranda yeni obyektin qurudakı heyətinə təlim keçiblər

Rusiya İranı müasir peyk sistemi ilə təmin etməyə hazırlaşır və bu addım Tehranın regiona və onun hüdudlarından kənara nəzarətini gücləndirə bilər. Bunu “The Washington Post” ABŞ və Yaxın Şərqin indiki və keçmiş rəsmilərinə istinadla yazır.

Məlumata görə, Rusiya istehsalı olan “Kanopus-V” peyki və onun yüksək pikselli kamerası bir neçə aya işə salına bilər.

Danışıqlarda İİKK iştirak edir

Bu xəbər İranın nüvə proqramını məhdudlaşdırmağı hədəfləyən beynəlxalq saziş üzrə gərgin danışıqlarla bir dövrə təsadüf edir. İyunun 16-da isə ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə Cenevrədə görüşməlidir.

Bayden artıq Avropaya səfəri zamanı Rusiyanın bəzi fəaliyyəti ilə bağlı xəbərdarlıq səsləndirib. Vaşinqton bu fəaliyyəti beynəlxalq düzənə və təhlükəsizliyə hədə sayır.

“The Washington Post” məsələyə dair sorğusuna cavab ala bilmədiyini yazır.

Ancaq qəzet ABŞ-ın və Yaxın Şərqin vəzifədə olan və keçmiş rəsmilərinə istinadla satış planlarından söz açır.

İran ordusu orbitə effektli hərbi kəşfiyyat qurğusu göndərmək üçün çabalayır. Noor-1 peyki ötən il uğurla orbitə çıxarılıb.

“Kanopus-V” layihəyə mülki cihaz kimi salınsa da, İslam İnqilab Keşikçiləri Korpusunun onun əldə olunması üzrə danışıqlara qatıldığı bildirilir.

Narahatlıq

Məqalədə deyilir ki, rusiyalı ekspertlər bu yaxınlarda İranda yeni obyektin qurudakı heyətinə təlim keçiblər. Peyk İranın şimalındakı Kərəc şəhərindəki həmin obyektdən idarə olunacaq.

Adı çəkilməyən Yaxın Şərq rəsmisi isə narahatlığını bildirib. Onun fikrincə, İran əldə etdiyi peyk görüntülərini Yəmən, Livan, İraq və Suriya daxil regionun ayrı-ayrı yerlərindəki hərbi qruplarla paylaşa bilər.

İranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. Keçmiş prezident Donald Tramp 2018-ci ildə Vaşinqtonun sazişdən çıxdığını, sanksiyaların bərpa olunduğunu açıqladı.

Co Bayden prezident kürsüsünə keçəndən sonra ABŞ-ın sazişə qayıtması, İranın öhdəliklərinə əməl etməsi üçün Vyanada danışıqlar başlanıb.

Şərhlər

XS
SM
MD
LG