Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:40

Rusiyada 4-cü sinifdən “Kalaşnikov dərsi" keçiləcək


Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu dərslərin keçilməsinə ehtiyac “kəskin artmış vətənpərvərlik və vətənə xidmət yanğısından” doğub

Rusiya məktəblərinin aşağı siniflərində də tezliklə hərbi dərslər keçiləcək. Bu dərslərdə Kalaşnikov avtomatının sökülüb-yığılması da daxil müxtəlif hərbi bacarıq və vərdişlər aşılanacaq.

“The İndependent” qəzeti yazır ki, Rusiya Müdafiə Nazirliyinin bu təşəbbüsünün həyata keçirilməsində Sovet zəmanəsindən qalma və yenidən dirçəldilmiş Yunarmiya – Gənc Ordu aparıcı rol oynayacaq.

“Kəskin artmış vətənpərvərlik hissi”

Avtomat silahların yığılması, atıcılıq və paraşütlə tullanmaqdan başqa bu dərslərdə həm də döyüş taktikası və hərbi tarix tədris olunacaq.

Qərb mediası yazır ki, Yaroslavl şəhərində pilot layihə kimi başlanmış dərslər gələn sentyabrdan orta məktəblərin tədris planına daxil ediləcək.

Rostovda uşaqların hərbi paradı, may, 2015
Rostovda uşaqların hərbi paradı, may, 2015

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu dərslərin keçilməsinə ehtiyac “kəskin artmış vətənpərvərlik və vətənə xidmət yanğısından” doğub.

Hərbi dərslər Rusiya məktəblərinin yuxarı siniflərində əvvəllər də keçilirdi, indi isə bu dərsləri, demək olar ibtidai siniflərdən keçəcəklər.

Bəzi xəbərlərə görə hərbi dərslər 10 yaşdan başlayaraq keçiləcək.

Rəsmiləri deyirlər ki, yeni təlimlər məktəblərdə artıq mövcud olan hərbi dərslərə əlavə ediləcək və icbari olmayacaq.

Uşaq hüquqlarının pozulması

Bu da bildirilir ki, uşaqlar hərbi forma geyinəcəklər və onların öz “qərargahları və bayraqları” olacaq.

“The İndependent” yazır ki, Rusiyada, xüsusilə də 2014-cü ildə Krımın ilhaqından və Suriya kampaniyasından bəri millətçilik baş qaldırır.

Məqalədə deyilir ki, Rusiyada millətçi qruplaşmalrın sayı iki dəfə artıb və hökumət “vətənpərvərliyin tədrisinə” maliyyə ayırmalarını yüksəldib.

Bu da xəbər verilir ki, müdafiə nazirliyinin təşəbbüsünə Rusiya cəmiyyətinin münasibəti birmənalı olmayıb.

Əsgər Haqları Qrupunun rəhbəri Valentina Melnikova mətbuata deyib ki, “uşaqların militaristləşdirilməsi onların hüquqların pozulması deməkdir”.

“Lakin ümumilikdə - yazır “The İndependent”, - bu xəbər Rusiyada çox az vətəndaşı təəccübləndirib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG