Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 21:10

Rusiyanın hərbi polisləri Hələbdə


Hələb, 21 dekabr 2016
Hələb, 21 dekabr 2016

Rusiyanın Suriyadakı hərbi bazasında mənzillənmiş hərbi polis taboru Hələbə gətirilib. Bunu “İnterfax” xəbər agentliyi yazır.

“Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması Mərkəzinin tərkibində zəruri tapşırıqları yerinə yetirməsi üçün hərbi polis taboru Xmeymimdəki hərbi bazadan Hələbə gətirilib”.

Agentliyin Rusiyanın Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda belə deyilir.

Hərbi polis Hələbdə nə iş görəcək?

Hərbi polislər Xmeymim hərbi bazasına Rusiyadan yenicə gəlmişdi. Onlar Hələbdə fəaliyyətə başlayan Rusiyanın adıçəkilən Mərkəzinin ərazi bölmələrinin tərkibində xidmət göstərəcəklər. Hərbi polislərin vəzifəsi Mərkəzin hərbi qulluqçularının, Rusiyanın Beynəlxalq Mina əleyhinə Mərkəzinin mütəxəssislərinin, həmçinin səhra hospitallarının və humanitar konvoyların personalının təhlükəsizliyini təmin etməkdir.

Rusiyanın müdafiə naziri Sergei Shoigu, 16 noyabr 2016
Rusiyanın müdafiə naziri Sergei Shoigu, 16 noyabr 2016

Bundan başqa, hərbi polislərin missiyasına yerli hakimiyyət orqanı işçilərinə şəhərdə ictimai asayişin və qanun-qaydanın bərpasına kömək də daxildir. Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, sözügedən hərbi birləşmə yalnız kontraktla xidmətə qəbul edilmiş hərbçilərdən ibarətdir

Nazirliyin məlumatına görə, hərbi polis taboru Xmeymim hərbi bazasına Rusiyanın hərbi-nəqliyyat aviasiyası ilə gətirilib. Bazaya gətirilməzdən qabaq, Rusiyanın hərbi poliqonlarından birində gərəkən hərbi təlim də keçib.

Dekabrın 23-də Rusiyanın müdafiə naziri Sergei Shoigu prezident Vladimir Putinlə görüşündə üsyançıların Hələbdən tam çıxdığını məruzə edib. Nazir azad olunmuş şəhərdə qanun-qaydanın bərpası üçün hərbi polis taborunun əraziyə göndərildiyini söyləmişdi.

Bashar al-Assad, Dəməşq, 11 fevral 2016
Bashar al-Assad, Dəməşq, 11 fevral 2016

Assad: "Dəməşq qədər Rusiya və İranın da qələbəsidir"

Shoigu-nun sözlərinə görə, Hələbin azad edilməsi Türkiyə və İranla sıx əməkdaşlıq çərçivəsində, iki mərhələdə gerçəkləşib. Müdafiə naziri Suriyada atəşin tamamilə dayandırılması məqsədilə danışıqların başlanmasına şəraitin yarandığını da vurğulayıb.

Putin isə öz növbəsində deyib:

“Bu əməliyyat, özəlliklə, onun yekun mərhələsi, heç şübhəsiz, bizim hərbçilərin birbaşa və hətta deyərdim, həlledici iştirakı ilə uğurla yerinə yetirilib”.

Suriya prezidenti Bashar Assad-ın sözlərinə görə, şəhərin şərq məhəllələrinin nəzarət altına alınması Dəməşq qədər onun müttəfiqlərinin, daha dəqiq, Rusiya və İranın da qələbəsidir.

Dekabrın 19-da BMT-nin Təhlükəsizlik Şurası Hələblə bağlı qətnamə qəbul edib. Qətnamədə şəhərdən təxliyyə prosesinin beynəlxalq monitorinqi nəzərdə tutulur. Sənədə Təhlükəsizlik Şurasının 15 üzv dövlətinin hamısı, o cümlədən Rusiya səs verib.

Müşahidə missiyası olmayacaq

Qətnamənin Fransa tərəfindən hazırlanmış layihəsində şəhərin şərq hissəsində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi nəzərdə tutulsa da, Rusiyanın etirazı bu müddəanın sənədin yekun mətnindən çıxarılmasıyla sonuclandı. Moskva “Hələbin təhlükəli şərq zonasında hazırlıqsız beynəlxalq missiyanın yerləşdirilməsinin riskli” olduğunu əsas gətirmişdi.

Syrian ordusu Hələb,5 dekabr 2016
Syrian ordusu Hələb,5 dekabr 2016

Suriyanın ikinci ən böyük şəhəri olan Hələbin şərqi 4 il müxaliflərin əlində olub. Bu il dekabrın əvvəlində Suriya ordusu Rusya və İranın da yardımıyla şəhəri müxaliflərdən tam təmizləyib. Dinc sakinlər və müxaliflər şəhərdən çıxarıldıqdan sonra hazırda Hələbə bütövlükdə Suriya ordusu nəzarət edir. Hələbin çöküşü 2011-ci ildən Suriyada gedən vətəndaş müharibəsində hökumət qüvvələrinin ən böyük uğurlarından sayılır.

Bu arada Hələbdəki dağıntıların təmizlənməsinə başlanılıb. Vaxtilə bu şəhərdə yaşayıb buranı tərk eləmiş sakinlərdən evlərinə qayıdanlar da var.

Rusiya prezidenti Vladimir Putin dekabrın 23-də keçirdiyi mətbuat konfransında bildirib ki, Hələbdən sonrakı addım bütün Suriya ərazisində atəşkəsə nail olmaqdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG