Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:32

Avropa Məhkəməsi Rusiyanın gey təbliğatı qanununu pisləyib


İspaniyada Rusiyada homofobiyaya qarşı etiraz aksiyası. 2013
İspaniyada Rusiyada homofobiyaya qarşı etiraz aksiyası. 2013

Rusiya prezidenti Vladimir Putin uzun müddət ölkənin gey təbliğatı qanunu müdafiə edib, bunun Qərbin «dırnaqarası dözümlülüyünə» qarşı «ənənəvi dəyərlərin» qalası adlandırıb. Prezident deyirdi ki, bu qanun uşaqları qoruyur və ayrıcalıq yaratmır.

Ancaq Avropa İnsan Hüquqları Məhkəməsi bu həftə çıxardığı qərarda bunun əksini qeyd edir. Məhkəmə bildirib ki, təbliğat qanunu önyarğını gücləndirir, homofobiyanı həvəsləndirir və zəif azlığa qarşı ayrıseçkilik yaradır.

Məhkəmə Rusiyanın 3 şikayətçiyə 43 min avro (48 min dollar) ödəməsi haqda qərar çıxarıb.

QANUN KONVENSİYAYA ZİDDİR

Rusiya hökuməti bu işlə bağlı iddia edirdi ki, qeyri-ənənəvi seksual münasibətlərin azyaşlılara təbliğatına qadağa çoxluğun fikrini göstərir. Ancaq məhkəmə bu arqumenti rədd edib, qanunun demokratik cəmiyyətdə bərabərlik, plüralizm və dözümlülük dəyərlərinə ziddiyyət təşkil etdiyini bildirib. Bu qanunun həm də Rusiyanın 1998-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Haqları Konvensiyasına zidd olduğu bildirilib. Həmin konvensiya ifadə azadlığını təsbit edir, ayrıseçkiliyi yasaqlayır.

«Human Rights Watch» insan haqları təşkilatı bildirir ki, 2013-cü ildə qəbul edilmiş qanunun təsirini Soçi Qış Olimpiadası öncəsi araşdırıb. Qurum lesbiyan, gey, biseksual və transgender (LGBT) şəxslərə və fəallara diskriminasiyanın artmasını aşkarladığını vurğulayır.

Sankt-Peterburqda LGBT paradı. 2014
Sankt-Peterburqda LGBT paradı. 2014

«Bu qanunun verdiyi mesaj odur ki, LGBT ikinci dərəcəli vətəndaşlardır, uşaqlara və ictimai əxlaqa təhlükə yaradırlar. Çeçenistanda yerli hakimiyyətin geylərə zorakı hücumları LGBT-yə münasibətin aşırı formasını üzə çıxardı», – qurum bildirir.

Avropa Məhkəməsinin Rusiyanın LGBT-yə qarşı addımlarıyla bağlı qərar çıxardığı ilk hal deyil. 2010-cu ildə Rusiyanın gey-paradlara qadağaya dair arqumentləri rədd olunmuş, ifadə azadlığının pozulması səbəb göstərilmişdi.

«QANUN LƏĞV OLUNSUN»

«Human Rights Watch» bildirir ki, Rusiyanın təbliğat qanunu beynəlxalq rezonans doğurub. Regionda bir sıra ölkələr oxşar qanunvericilik hazırlamağa cəhd göstəriblər.

«Avropa İnsan Haqları Konvensiyasının tərəfdaşı olan Rusiya Avropa Məhkəməsinin qərarlarına sayqı göstərməli, onları icra etməlidir. Bu həftə çıxarılmış qərar təbliğat qanununun ayrıcalıq yaratmaması fikirlərinin üstündən xətt çəkməlidir. Qanun tezliklə ləğv olunmalıdır», – «Human Rights Watch» bildirir.

«Bu qanunvericilik yalnız homofobik xarakter daşıyırdı», – bunu isə «Amnesty International» insan haqları təşkilatının Avropa və Orta Asiya üzrə tədqiqat direktorunun müavini Denis Krivosheev deyib.

«Rusiya hakimiyyətini homofobik qanunvericiliyi ləğv etməyə, ayrıseçkilik praktikasına son qoymağa, hər bir fərdin ifadə azadlığına sayqı göstərməyə çağırırıq. Hakimiyyət həmçinin, Rusiyada bütün homofobik zorakılıq hallarını araşdırmalıdır», – Krivosheev söyləyib.

XS
SM
MD
LG