Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Rusiyanın tərkibində qalmış fin şəhərinə nə oldu


Vıborqda memarlıq abidələrinin bərpası
Vıborqda memarlıq abidələrinin bərpası

Finlandiyada orta aylıq əməkhaqqı 3 min avrodan artıqdır. Rusiyanın tərkibində qalmış fin şəhəri Vıborqda isə orta əməkhaqqı 30 min rubldan (500 avro) bir qədər artıqdır. Finlandiyada qədim memarlıq abidələrini və şimal moderninin şedevrlərini qoruyub saxlayıb, bərpa edərək ilkin vəziyyətinə qaytarıblar. Vıborqda isə hətta şəhərin mərkəzində belə xarabalıqlar görmək olur.

10 effektiv iqtisadiyyatdan biri

Hər il dekabrın 6-sı Finlandiyada dövlət bayramı kimi qeyd olunur. 1917-ci ilin bu günü «Göllər ölkəsi» müstəqillik əldə edib. Rusiya imperiyasının dağılmasından sonra finlər Lenin hökuməti ilə birləşməmək qərarına gələrək, öz yollarını seçiblər.

Bəs bu 100 ildə Finlandiya nə əldə edib? Dünya İqtisadi Forumunun dəyərləndirməsinə görə, Finlandiyanın iqtisadiyyatı dünyanın 10 ən effektiv iqtisadiyyatından biridir. Ölkədə orta məktəb təhsili çox yüksək səviyyədə, bəzi dəyərləndirmələrə görə isə, dünyada birinci yerdədir. Sənaye inkişaf edib.

Bu gün Finlandiyanın bu və çox sayda digər nailiyyətləri, onun Paris sülh müqaviləsinin şərtlərinə görə, Sovet İttifaqının tərkibində qalmış tarixi ərazilərindən daha yaxşı görünür. Xüsusilə də Böyük Vətən müharibəsinədək şərqi Finlandiyanın əsas şəhərlərindən biri olmuş Vıborqdan baxmaq daha maraqlıdır. Bu gün müstəqil Finlandiya vətəndaşının orta gəliri ayda 3 min avrodan artıqdır. Rusiyanın tərkibində qalmış Vıborqda isə orta aylıq məvacib cəmi 30 min rubldur (500 avro).

Üstündən traktor keçmiş inci

Hazırda Rusiya hökuməti Vıborqun gözəl, cəlbedici simasını özünə qaytarmağa çalışır. Əslində isə şəhər tənəzzül dövrünü yaşayır. Küçələrdə bugünədək xarabalıqlar, dağılmış evlər görmək mümkündür.

Vıborq
Vıborq

Müstəqil Suominin (finlər öz ölkələrini belə adlandırırlar) buna bənzər şəhərlərində isə finlər son 100 il ərzində qədim İsçev memarlıq, eləcə də şimal moderni və funksionalizminin incilərini qoruyub saxlayıb bərpa edərək ilkin vəziyyətinə qaytarıblar. Finlandiyanın müstəqilliyinin 100 illiyini qeyd etməyən Vıborqda isə memarlıq abidələri təhlükə ilə üz-üzədir.

«Bugünkü vəziyyətdən danışsaq, Vıborq da incidir, amma üstündən traktor keçmiş incidir. O, çox zədələnib», – deyə «Kareliya» tarix-diyarşünaslıq cəmiyyətinin rəhbəri Yevgeni Balaşov şəhərin hazırkı durumunu obrazlı təsvir edir. Balaşovun sözlərinə görə, Vıborq Sovet İttifaqının tərkibinə keçəndən sonra şəhərin bir çox binasına qəsdən sadə, ucuz görkəm verilib: dəbdəbəli qapılar adi qapılarla əvəzlənib, dekor elementləri, flügerlər sökülüb, son mərtəbələr dağıdılıb, qədim damların əvəzinə yastı damlar düzəldilib.

«Qış müharibəsi»

Bugünkü Vıborqda bu memarlıq barbarlığına, eləcə də bir çox başqa mövzulara diqqət çəkmək xoş qarşılanmır. Məsələn, bu gün Rusiyada Sovet İttifaqının Finlandiyaya qarşı 1939-cu ildə başladığı «Qış müharibəsi» haqda danışmamağa üstünlük verirlər.

«Hələ 5-6 il öncə noyabrın 30-da həm radio, həm də televiziyada bir neçə kəlmə də olsa, danışırdılar, hansısa verilişlər olurdu. Ancaq bu il məncə heç nə, heç bircə proqram da olmayıb», – Balaşov deyir.

Finlandiya iki müharibədə Sovet İttifaqına məğlub olub. Ancaq paradoks ondadır ki, SSRİ yox, məhz Finlandiya XX əsrin ikinci yarısında sosial dövlət qurmağa nail olub. Finlandiya ərazisində faydalı qazıntılar az olduğundan, iqtisadiyyatın əsasını investisiyalar təşkil edib. 80-ci illərdə peyk rabitəsi ilk dəfə məhz Finlandiyada istifadəyə verilib.

Tarixçi Vyaçeslav Nikitin deyir ki, dünyada ilk peyk rabitəsi standartını finlər düşünüb tapıb. «Finlandiya kasıb ölkədir, missə çox baha idi. Naqil telefoniyası da çox bahaydı, özü də hələ məlumatların rəqəmsal ötürülməsi mövcud olmayanda yaradılmışdı», – deyə o izah edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG