Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:35

Qərb mediası 'Vostok' təlimləri haqda: ‘Şərq’ sözü hər şeyi deyir


Arxiv fotosu
Arxiv fotosu

“Rusiya qərbdə informasiya müharibəsini uduzub, indi Putin Şərqə göstərmək istəyir ki, Rusiyada həyat həmişəki kimi davam edir. Yəni, 'Ukraynada elədiyimizi edirik, güclüyük, qalib gələcəyik'”

Rusiya avqustun 29-da Çinlə birlikdə irimiqyaslı hərbi təlimlərin anonsunu verib. “The Associated Press” agentliyi bunu Moskvayla Pekinin getdikcə sıxlaşan müdafiə əlaqələrinin göstərisi sayır. Təlimlər həm də Kremlin Ukraynaya davam edən təcavüzündən dolayı Qərblə gərgin münasibətlər fonunda keçirilir.

“Vostok 2022” (“Şərq 2022”) təlimləri sentyabrın 1-dən 7-dək Rusiyanın Uzaq Şərqində və Yapon dənizində keçiriləcək. Təlimlərə 50 mindən çox əsgər, 5 mindən artıq silah, o cümlədən 140 təyyarə, 60 hərbi gəmi iştirak edəcək.

Qarşılıqlı dəstək

Rusiya MN Azərbaycanın bu təlimlərə tərəfdaş qismində qatılacağını bildirsə də, Azərbaycan rəsmi məlumat açıqlamayıb.

Agentlik yazır ki, Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan Moskvayla Pekinin müdafiə əlaqələri güclənir. Çin Rusiyanın təcavüzünü pisləməyib, ABŞ və NATO-nu Moskvanı təhrik etməkdə suçlayıb, Qərbin Moskvaya sanksiyalarını pisləyib.

Rusiya da öz növbəsində ABŞ-la gərginlik yaşayan Çinə güclü dəstək verib. Bu özəlliklə ABŞ Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra özünü göstərib. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya dəstəyi ilə Pelosinun Tayvana səfərini müqayisə edib, hər ikisinin Amerikanın qlobal sabitliyi pozmaq cəhdləri olduğunu iddia edib.

Hərbi alyans mümkündürmü?

Son illər Rusiya və Çin bir neçə dəfə hərbi oyunlar keçiriblər. Ötən il Rusiya əsgərləri ilk dəfə olaraq hərbi manevrlərdən ötrü Çin ərazisinə gedib.

Moskva və Pekin indiyədək hərbi alyans yaratmağın mümkünlüyünü rədd ediblər. Ancaq Putin bunu istisna etmir. O, Rusiyanın Çinə yüksək həssas hərbi texnologiya da verdiyini, bunun Pekinin müdafiə qabiliyyətini gücləndirdiyini vurğulayıb.

“The Financial Times” yazır ki, “Vostok” təlimləri Putinlə çinli həmkarı Si Tsinpinin Ukraynaya hücumdan bir neçə gün öncə vəd etdikləri “limitsiz dostluğu” göstərir.

Təlimlər həmçinin Kremlin Belarus və Hindistan daxil olmaqla qeyri-Qərb müttəfiqləri ilə əlaqələri saxlamaq qabiliyyətini ortaya qoyur.

“Hər şey qaydasındadır” görüntüsü

Pekin “Vostok” təlimlərində iştirakının “mövcud beynəlxalq və regional vəziyyətlə əlaqəsi olmadığını” vurğulayır. Ancaq “Vostok ‘şərq’ deməkdir və bu sizə bilməli olduğunuz şeyləri deyir”, – bir qərbli müdafiə müşaviri söyləyib. O da Pelosinin Tayvana səfəri məsələsində Moskvanın Pekinə dəstəyini yada salır. Putun bu səfəri “ehtiyatla planlaşdırılmış provokasiya” adlandırmışdı.

“Rusiya qərbdə informasiya müharibəsini uduzub, indi Putin Şərqə göstərmək istəyir ki, Rusiyada həyat həmişəki kimi davam edir. Yəni, 'Ukraynada elədiyimizi edirik, güclüyük, qalib gələcəyik'”, – müşavir əlavə edir.

“Vostok hərbi təlimləri adi tədbirdir, bu gün heç bir mənası yoxdur. Rusiyanın demək olar, bütün döyüş qabiliyyətli bölmələri Ukraynada müharibədədir. O sadəcə, hər şeyin qaydasında olması görüntüsünü yaradır”, – müstəqil rusiyalı hərbi təhlilçi Pavel Luzin söyləyib.

Yanğın baş verən binada...

Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutun aparıcı əməkdaşı Ben Barri isə deyir ki, Moskva “yuxarı mərtəbələrində yanğın baş verən binanın mağaza vitrinlərini söndürmür”.

Qəzet hətta bəzi rusiyalı təhlilçilərin belə ölkənin hərbi perfomansı və silahlarında nöqsan tapdığını yazır. Hərbi təhlilçi, Rusiya Müdafiə Nazirliyində ictimai şuranın üzvü Ruslan Puxov silahlı qüvvələri Ukraynada “yetərincə yüksək dəqiqlikli silahlar və müasir avadanlıq olmadığına görə” tənqid edib.

Təhlilçilər Rusiyanın S-400 havadan müdafiə sistemlərinin aparıcı qərb texnologiyaları ilə bir səviyyədə olduğunu desələr də, qərb komponentlərinin yoxluğunun silah sənayesinə təsir göstərdiyini vurğulayırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG