Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

İkinci ‘Noviçok şübhəlisi’ də Rusiya qəhrəmanı imiş…


Bu kollajda prezident Vladimir Putin və iki Noviçok şübhəlisi - Aleksandr Petrov və Ruslan Boshirov təsvir ediliblər
Bu kollajda prezident Vladimir Putin və iki Noviçok şübhəlisi - Aleksandr Petrov və Ruslan Boshirov təsvir ediliblər

Kəşfiyyat məsələlərini təhqiq edən Bellingcat saytı yazır ki, ikili agent Sergei Skripal və onun qızının İngiltərədə zəhərlənməsində şübhəli bilinən hər iki rusiyalı prezident Vladimir Putin tərəfindən dörd il əvvəl Rusiya Qəhrəmanı medalı ilə təltif edilib.

Özünün ən son tapıntıları barədə oktyabrın 9-da məlumat yayan Bellingcat bildirir ki, şübhəli Aleksandr Petrov kimi tanınan, amma əslində Aleksandr Mishkin olan şəxs də Ruslan Boshirov kimi tanınan amma əslində Anatoly Chepiga olan şəxslə təxminən eyni vaxtda – Rusiyanın Krımı ilhaq etdiyi 2014-cü ildə “Rusiya Qəhrəmanı” medalı ilə təltif edilib. Bu medalı şəxsən Vladimir Putin verir.

Bundan bir gün əvvəl Bellingcat bildirmişdi ki, bu ilin martında Britaniyaya səfər etmiş Aleksandr Petrov əslində Rusiya Baş Kəşfiyyat İdarəsi GRU-da hərbi həkim kimi işləyən Mishkin-dir.

Ötən ay Britaniya prokurorları Skripalın və onun qızı Yulia-nın Noviçok kimyəvi maddəsilə zəhərlənməsinə görə iki rusiyalıya – Ruslan Boshirov və Aleksandr Petrova qarşı cinayət işi qaldırıblar.

Prokurorlar bildirirdilər ki, sözü gedən şübhəlilər GRU-nun məxfi agentləridirlər.

Rusiya Skripalların zəhərlənməsi ilə hər hansı bağlılığını inkar edir.

İndi isə Britaniyada mənzillənmiş Bellingcat yeni tapıntı ilə bağlı bəyanatla çıxış edib: “Biz müəyyən etmişik ki, “Aleksandr Petrov” əslində hərbi həkim kimi təlim görmüş GRU zabiti Aleksandr Yevgenyevich Mishkin-dir”.

Daha çox kəşfiyyat məsələlərini araşdıran Bellingcat sentyabrın 26-da bildirmişldi ki, əvvəllər Boshirov adı ilə tanınan şübhəli əslində Rusiya qəhrəmanı, GRU-nun polkovniki Anatoly Chepiga-dır.

Oktyabrın 8-də açıqlanmış hesabatında Bellingcat yazır ki, Aleksandr Mishkin Anatoly Chepiga-dan daha yayğın rəqəmsal izə malik olsa da, onun şəxsiyyəti haqqında müəyyən əsas faktlar üzə çıxarılıb.

Sayt yazır ki, Mishkin 1979-cu ildə Arxangelsk vilayətində doğulub və Rusiya dəniz donanması üçün hərbi həkim kimi Rusiyanın elitar hərbi tibb məktəblərində birində təhsil alıb:

"Özünün tibbi təhsili ərzində Mishkin GRU tərəfindən casusluğa cəlb olunub və 2010-cu ilədək Moskvaya köçüb və burada ona ikinci vətəndaşlıq vəsiqəsi və xarici pasport da daxil məxfi kimlik, habelə Aleksandr Petrov ləqəbi verilib”.

Bellingcat saytının son açıqlamaları ilə bağlı Britaniya polisi “şayiələrə” heç bir şərh verməyəcəyini bildirib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Skripalların Solsberidəki evinin yaxınlığında müşahidə kamerasına düşmüş və Britaniya hakimiyyət orqanları tərəfindən Boshirov və Petrov kimi müəyyənləşdirilmiş iki şəxs sadəcə turist olublar.

Keçmiş GRU polkovniki Skripal 2006-cı ildə Britaniyanın xeyrinə casusluqda ittiham olunaraq həbsxana cəzasına məhkum edilib, lakin 2010-cu ildə casus dəyiş-düyüşü ilə Britaniyaya verilib.

Oktyabrın 3-də Putin Skripalı öz vətəninə xəyanət etmiş “satqın” və “əclaf” adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG