Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:25

Britaniya parlamentindən Rusiyayla münasibətləri yoluna qoymaq çağırışı


London
London

«Britaniya Rusiyanın düşməni deyil və Vladimir Putin-ə ittihamları dayandırmaq lazımdır». Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri belə bəyanatla çıxış ediblər. Deputatlar hökuməti Rusiyayla münasibətləri yoluna qoymağa, sərt yol tutmaqdan çəkinməyə, həm də 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatını boykot etməməyə çağırıblar. «The Financial Times»«The Guardian» qəzetlərinin baş məqalələri bu haqdadır.

«TƏK QALMIŞ OYUNÇUYA ÇEVRİLMƏK» TƏHLÜKƏSİ

Yeni ABŞ administrasiyasından və Fransanın prezidentliyə namizədlərindən fərqli olaraq, Böyük Britaniya indiyə qədər Rusiyaya qarşı sərt mövqe tutub, Rusiyada insan haqlarının durumunu, qanunun aliliyinin təmin olunmamasını, Suriyada baş verənləri tənqid edib. Ancaq parlamentarilər bütün bunlara baxmayaraq, ölkələr arasında körpü qurmağı, bundan ötrü Dünya Çempionatından yararlanmağı tövsiyə edirlər.

Britaniyalı deputatların bəyanatında ölkənin Rusiyanın Suriyadakı cinayətlərinin araşdırılmasıyla bağlı çağırışlarına şübhə ilə yanaşılıb. Britaniya BMT-nin belə bir araşdırma aparmasını istəyib. Parlamentarilər hesab edirlər ki, bu tələb Qərbin düşmənçiliyinə və ikili standartlarına məruz qaldığını iddia edən Kremli bir az da qızışdırır.

Britaniya parlamenti.
Britaniya parlamenti.

Ukrayna məsələsinə gəlincə, parlament üzvləri Rusiyaya sanksiyaların qalmasına tərəfdardırlar, ancaq bu məsələdə Rusiyaya qarşı çıxmaqla hökumətin «tək qalmış oyunçuya çevrilmək» təhlükəsiylə üzləşdiyini, bununsa Britaniyanın Rusiyaya təsir gücünü, nüfuzunu zərbə altında qoyduğunu vurğulayırlar.

STANDARTLARIN QURBAN VERİLMƏDİYİ DİALOQ

Sənəd müəlliflərinin fikrincə, Rusiyayla Britaniyanın münasibətləri Soyuq müharibə dövründən bəri ən pis həddədir. Halbuki London Moskvayla əməkdaşlıqdan tam imtina edə bilməz, çünki bunun effekti olmaz. «Böyük Britaniya Rusiya ilə öz prinsiplərini, dəyər və standartlarını qurban vermədən də dialoq apara bilər», – deyən parlamentarilər hesab edirlər ki, Britaniya Rusiyanın əhəmiyyətini nəzərə almalı, ortaq maraq nöqtələri tapmalı və bundan, yeri gələndə, münasibətləri yaxşılaşdırmaqdan ötrü istifadə etməlidir. «Rusiyayla istənilən dialoqa ehtiyatla getməli, ancaq dialoqdan imtina etməməliyik», – Britaniya parlamenti üzvlərinin bəyanatında belə deyilir.

Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri hesab edirlər ki, «antiqərb putinizmi» ideologiyası Rusiyada Qərb əleyhinə düşüncəni möhkəmləndirir.

Rusiyayla Britaniya arasında gərginliyin əsas səbəbləri Rusiyanın Gürcüstan, sonra da Ukraynaya müdaxiləsi, Kremlin tənqidçilərindən Alexander Litvinenko-nun Londonda qətlə yetirilməsi kimi hadisələrdir.

XS
SM
MD
LG