Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Moskva kraliçanın dəfninə dəvət olunmamasından qəzəblənib


Rusiyanın Xarici İşlər Nazirliyi Rusiyanın kraliça II Elizabetin dəfn mərasiminə dəvət olunmamasını “dərindən mənəviyyatsız” hərəkət və monarxın xatirəsinə qarşı “vicdansızlıq” adlandırıb.

Bukingem sarayı sentyabrın 15-də elan etmişdi ki, Rusiya, Belarus, Əfqanıstan və Suriya da daxil bir sıra ölkələr sentyabrın 8-də 70 il taxtda olduqdan sonra 96 yaşında vəfat etmiş II Elizabetin dövlət dəfninə dəvət olunmayacaq.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Rusiyanın mərasimə dəvət olunmaması “xüsusilə də kraliça Elizabetin xatirəsinə qarşı vicdansızlıqdır”:

"Britaniyanın, dünya boyunca milyonlarla insanın qəlbini sarsıtmış milli faciədən matəm günlərində bizim ölkə ilə haqq-hesab çürüdürlməsi üçün geosiyasi məqsədlərlə istifadə etməsi dərindən mənəviyyatsız hərəkətdir”.

Peskov izah edib

Britaniya və Rusiya arasında onsuz da mürəkkəb olan münasibətlər Rusiyanın Ukraynaya tammiqyaslı müharibəyə başlamasından sonra son dərəcə pisləşib.

Bundan əvvəl prezident Vladimir Putin kraliçanın oğlu kral III Karla başsağlığı teleqramı göndərmişdi.

Sentybarın 14-də Putinin sözçüsü Dmitri Peskov “Moskva dəfnə dəvət alıbmı” sualına belə cavab vermişdi:

“Prezident hər hansı xatirə mərasimlərində və ya tədbirlərdə iştirak etməyi planlaşdırmayıb”.

Çin lideri mərasimdə olacaqmı?

Digər yandan Çin tərəfindən sanksiyaya məruz qalmış bir qrup Britaniya millət vəkili Çinin dəfn mərasiminə dəvət olunmasından narahatlıq ifadə etmişdi.

Mühafizəkar deputat Tim Loton demişdi ki, Çinə göndərilmiş dəvət ləğv edilməlidir.

O bunu Pekinin Sintzyan regionunda uyğurlara qarşı repressiyaları ilə əsaslandırmışdı.

Bununla belə hazırda Özbəkistanda Şanxay qrupu liderlərinin sammitində olan Çin prezidenti Si Tsinpinin kraliçanın dəfn mərasiminə gəlib-gəlməyəcəyi məlum deyil.

Çörçildən sonra ilk dövlət dəfni

Sentybarın 19-da keçiriləcək dəfn mərasimində ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo, Avstraliya baş naziri Entoni Albaniz, Yaponiya imperatoru Naruhito və başqa liderlər iştirak edəcəklər.

Kraliçanın torpağa tapşırılması mərasimi 1965-ci ildə baş nazir Uinston Çörçilin dəfnindən bəri Britaniyada keçirilən ilk dövlət dəfnidir.

Dəfn mərasimində 2000-dək qonağın Uestminister Abbatlığına toplaşacağı gözlənilir.

Bundan sonra kraliça Uindzor Qəsrində, əri şahzadə Filipin yanında dəfn olunacaq.

XS
SM
MD
LG