Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 15:35

Rusiya yaponiyalı jurnalisti ölkədən qovduğunu deyir


Rusiya XİN
Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin yanvarın 27-də verdiyi məlumata görə bir yaponiyalı “məxfi informasiya” topladığı üçün Rusiyadan qovulub.

Nazirliyin məlumatına görə adı çəkilməyən bu şəxs Rusiyaya jurnalist vizası ilə gəlmişdi və dekabrın 25-də Rusiyanın Uzaq Şərqdəki hərbi potensialına dair materiallar toplaması səbəbilə saxlanmışdı.

Nazirlik bunu da bildirir ki, sözü gedən yaponiyalıya hərəkətlərinin “qeyri-məqbulluğu” izah edilib və o, bunun ertəsi gün ölkədən çıxarılıb.

Moskva bildirir ki, baş vermiş insidentlə bağlı Yaponiyanın Rusiyadakı səfiri XİN-ə dəvət edilib və ona etiraz notası təqdim olunub.

Bundan bir gün əvvəl Yaponiya polisi bildirmişdi ki, Softbank enerji nəhənginin bir keçmiş işçisi şirkətin informasiyalarını oğurlayaraq Rusiya rəsmilərinə ötürdüyünə görə həbs edilib.

Xəbər verilirdi ki, 48 yaşlı Yutaka Araki “telekommunikasiya şirkətinə bağlı serverdən ticarət sirlərini” əldə etməklə Yaponiyanın ədalətli rəqabət qanunlarını pozub.

Həmin şəxsin bu əməli ötən ilin fevralında törətdiyi bildirilir.

Yaponiya polisi sözü gedən şirkətin adını açıqlamayıb.

Buna baxmayaraq Yaponiya mediası söhbətin SoftBank Corp şirkətindən getdiyini yazır. Bu şirkət SoftBank Group şirkətlər qrupuna daxildir.

Media bunu da iddia edir ki, Rusiyanın Yaponiyadakı ticarət missiyası bu casusluqda iştirak edib.

Rusiyanın Yaponiyadakı səfirliyi media xəbərlərinin “təəssüf” doğurduğunu bildirib və məlumatları “ucuz casus iddiaları” adlandırıb.

XS
SM
MD
LG